Türkiyə Qazprom-Media ilə strateji tərəfdaşlıq qurur

07:50 01.09.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Qazprom-Media Holdinq” teleserial istehsalı sahəsində Türkiyə ilə strateji tərəfdaşlıq qurur. İstanbuldakı “Bozdağ Film” kinostudiyasında keçirilən görüşdə rusiyalı prodüserlər və kanal rəhbərləri, Türkiyə tərəfini isə mədəniyyət və turizm naziri Məhmət Nuri Ərsoy və “Bozdağ Film”in qurucusu Məhmət Bozdağ təmsil edib. Seriallar və realiti şoular üçün birgə istehsal imkanları müzakirə edilib.

Hafta.az-ın yazdığına görə, görüşdə Rusiya nümayəndə heyəti “Qazprom-Media”nın beynəlxalq fəaliyyəti, xüsusən də əyləncə-reallıq layihələri ilə tanış olub. Bəzi proqramların qlobal istiqamətlərdə çəkildiyini qeyd edən rəhbərlər İstanbul, Antalya, Bodrum kimi turizm mərkəzlərində də oxşar layihələrin həyata keçirilə biləcəyini təklif ediblər. Nazir Ərsoy media layihələrinin Türkiyənin turizm potensialının gücləndirilməsində oynadığı mühüm rolu da vurğulayıb.

Ortaq istehsalların televiziya ilə məhdudlaşmayacağı açıqlandı; sosial media və rəqəmsal məzmun yaradıcıları da prosesə daxil ediləcək. “Qazprom-Media” rəsmiləri bəyan ediblər ki, türk nüfuzlu şəxslərin kampaniyalarda iştirakı həm Rusiya media platformalarının Türkiyədəki görünürlüyünü artıracaq, həm də Rusiya auditoriyası arasında Türkiyəyə marağı artıracaq. Bu strateji tərəfdaşlığın turizmə birbaşa təsirini göstərən nümunələr də paylaşılıb. Məsələn, “Vizit v Samarkande” verilişinin yayımından sonra Səmərqəndi turizm məkanı hesab edən rusiyalı tamaşaçıların sayı 11 faiz artıb.