“Təəssüf ki, Türkiyədəki prezident seçkilərinin ikinci turu ərəfəsində təxribatlar, terror aktları da mümkündür. Təbii ki, bunlar kənar, xarici müdaxilələrin təsir aləti kimi istifadə oluna bilər. Amma söhbət ondadır ki, bu cür təxribatlara əl atılacağı halda onlar hansı nəticələri verəcək, onları təşkil edən qüvvələrin gözlədiyi nəticələri verəcəkmi, yaxud əksinimi. Bax, bu mənada Türkiyə həm daxili, həm də xarici təhdidlərlə üz-üzədir”.
Bunu hafta.az-a açıqlamasında hazırda Türkiyədə olan siyasi təhlükəsizlik üzrə ekspert Ərəstin Oruclu qardaş ölkədəki prezident seçkilərinin ikinci turu öncəsi ölkədəki proseslərə xarici müdaxilələrin mümkünlüyü barədə danışarkən söyləyib.
“Əslində Türkiyədə seçkilərin elə birinci turu ərəfəsində daxildə gərginlik, qütbləşmə və hər iki düşərgədə radikallaşma müşahidə olunurdu. Və birinci tur həmin gərginliyi nəinki aradan qaldırmadı, onun nəticələri, deyərdim ki, vəziyyəti bir qədər də gərginləşdirdi. Bunun da səbəbi bəllidir. Çünki əhalinin bir hissəsi CHP-ni dəstəkləyən, şərti olaraq və hətta şərti olmayaraq dünyəvi sayılan kəsim, əlbəttə ki, Ərdoğan və onun tərəfdarlarına qarşı münasibətdə, demək olar ki, aqressiv notlara köklənib. Prezident Ərdoğanın tərəfdarları isə bu mənada daha az radikal görünürlər. Amma onlar da öz mövqelərində, öz liderlərini müdafiə etməkdə israrlıdırlar. Bu da açıq-aydın görünməkdədir...
Və belə bir şəraitdə Türkiyənin həm təhlükəsizlik, hüquq-mühafizə, həm də ordusunun üzərinə böyük məsuliyyət və yük düşür. Çünki dediyim kimi, problem yalnız kənardan yönləndirilən hansısa təxribat, diversiya aktları və pozuculuqla bitmir. Seçkilərdən sonra üzə çıxacaq əsas problem qütbləşmiş, radikallaşmış və bir-birinə faktiki olaraq nifrət edən iki nəhəng qüvvənin qarşı-qarşıya gəlməsindən ibarət ola bilər. Bu isə daha ciddi problemdir. Çünki burada on milyonlarla insanın tam fərqli, bir-birinə zidd mövqedə durmasından gedir. Hansı siyasətçi məsuliyyəti öz üzərinə götürərək belə bir qarşıdurmaya gedə bilər? Bunu söyləmək çətindir. Təcrübə göstərir ki, siyasətçilər məğlub olmaq istəməyəndə bütün vasitələrə əl atırlar. Bu mənada düşünürəm ki, seçkilərdə, ictimai-siyasi proseslərdə görünməyən Türkiyə ordusu, yəqin ki, baş verənləri kifayət qədər ciddi və diqqətlə izləyir. Və ölkəyə hansısa təhdid yarada biləcək məqamlarda o, prosesə müdaxilə edə bilər. Bu isə aydın məsələdir ki, Türkiyənin ünvanına onun dost kimi görünən, amma əslində dost olmayan ölkələr, ilk növbədə də Avropa, Qərb ölkələri tərəfindən ağır ittihamlar səsləndirilməsinə rəvac verə bilər”- deyə açıqlamasının davamında analitik bildirib.
“Bax, hazırda Türkiyədə belə mürəkkəb vəziyyət yaranıb. Vəziyyət heç də Azərbaycandan bəzi hallarda qiymətləndirildiyi kimi sadə və birmənalı deyil. Və elə Türkiyənin özündə də istər təhlilçilərə, istər aydınlara, istər siyasətçilərə, istərsə də sadə insanlara tam aydın görünmür. Bu barədə danışmaq olduqca çətindir. Bu barədə danışmaq üçün, yəqin, saatlar lazımdır ki, bütün məsələləri detallı şəkildə toplayasan və ondan sonra təhlil edərək müəyyən qənaətə gələ biləsən”.
Ərəstun Oruclu Türkiyədəki seçkilərin son nəticələri barədə proqnoz verməyin də çətin olduğunu etiraf edib.