Avropa Futbol Assosiasiyaları Federasiyası (UEFA) Fransa və Albaniya komandaları ilə matçlarda Türkiyə milli yığmasının oyunçularının provokasiya xarakterli davranışına görə Türkiyə Futbol Federasiyasına töhmət verib.
Bu barədə məlumatı UEFA-nın mətbuat xidməti yayıb.
Oktyabrın 11-də Türkiyə-Albaniya yığmalarının görüşündə (1:0) Türkiyə komandasının oyunçuları qələbə qolunu əllərini gicgahlarına apararaq hərbi salam verməklə qeyd ediblər. Bir sıra Fransa KİV-lərinin yazdığına görə, bununla onlar Türkiyənin Suriyada hərbi əməliyyata başlamasına işarə ediblər. Türkiyə futbolçuları oktyabrın 14-də Fransa komandası ilə görüşdə vurduqları qolu (1:1) da bu şəkildə bayram ediblər. UEFA töhmət verməklə yanaşı, Türkiyə Futbol Federasiyasını 50 min avro məbləğində cərimələyib.
UEFA oktyabrda, Avropa Liqasının qrup mərhələsində Avstriyanın “Volfsberger” klubunu öz meydanında qəbul edən və 1:0 hesabı ilə ona qalib gələn “Başakşehir” klubuna da analoji davranışa görə töhmət verib.
Türkiyə yığması seçmə turnirin yekunlarına görə, 2020-ci ilin Avropa çempionatının finalına vəsiqə qazanıb. O, burada İtaliya, Uels və İsveçrə komandaları ilə bir qrupda yarışacaq. Avropa çempionatı turnirin 60 illik yubileyi münasibətilə 2020-ci il iyunun 12-dən iyulun 12-dək Avropanın 12 şəhərində - Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək.