Ukrayna çoxvətəndaşlığın tətbiqi üçün hərəkətə keçib

07:50 28.08.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynada iyulda qəbul edilən çoxvətəndaşlıq qanununun ilk olaraq Almaniya, Polşa və Çexiyaya şamil ediləcəyi açıqlanıb.

Hafta.az-ın yazdığına görə, Ukrayna Prezident Administrasiyası bildirib ki, prezidenti Vladimir Zelenski Dünya Ukraynalılar Konqresinin nümayəndələri ilə görüşdə çoxvətəndaşlıqla bağlı qaydalar da müzakirə olunub. Zelenski, “Bu mexanizmin tətbiq olunacağı ilk ölkələr Almaniya, Polşa və Çexiya olacaq. Daha sonra Kanada və ABŞ-da da çoxvətəndaşlıq tətbiq oluna bilər” deyib.

Bu arada, Zelenski sosial şəbəkədəki paylaşımında çoxvətəndaşlıqla bağlı lazımi hüquqi tənzimləmələrin hökumət tərəfindən “qarşıdakı dövrdə” qəbul ediləcəyini bildirib və əlavə edib: “Bu, bütün dünya üzrə ukraynalılar arasında daha böyük birliyə doğru addımdır”.

Ukrayna parlamenti 2025-ci il iyunun 16-da çoxvətəndaşlığı leqallaşdıran qanun layihəsini qəbul edib, iyulun 15-də isə qanun Zelenski tərəfindən imzalanıb və qüvvəyə minib. Qanun Ukrayna vətəndaşlarına bir neçə ölkədən pasporta sahib olmağa icazə verir və birdən çox vətəndaşlığın etibarlı olacağı şərtləri ətraflı şəkildə izah edir. Müvafiq olaraq, Ukrayna vətəndaşları başqa ölkənin vətəndaşlığını alarkən Ukrayna vətəndaşlığını saxlaya bilərlər. Xarici vətəndaşlara da müəyyən şərtlərlə Ukrayna vətəndaşlığı verilə bilər.

Qanuna əsasən, Ukrayna Nazirlər Kabinetinə Ukrayna vətəndaşlığının sadələşdirilmiş qaydada veriləcəyi ölkələri müəyyən etmək səlahiyyəti verilib. Bu ölkələr Nazirlər Kabineti tərəfindən də təsdiqlənəcək xüsusi prosedur əsasında müəyyənləşdiriləcək.

Yeni qanun birbaşa xaricdə yaşayan milyonlarla ukraynalıya aiddir və Ukrayna diasporu ilə dövlət arasında əlaqələri gücləndirmək məqsədi daşıyır.