Ukrayna tərəfinin Çinin vasitəçiliyindən imtina etməyə ciddi əsasları var - Ekspert

19:39 27.05.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Çin, ümumiyyətlə, son vaxtlar yalnız Rusiya-Ukrayna savaşıyla bağlı deyil, daha geniş formatda, daha geniş əhatədə aktivləşməyə başlayıb. Bilirik ki, Mərkəzi Asiya ölkələri rəhbərləri Pekinə dəvət olunaraq orada bir sammit keçirildi. Faktiki olaraq “G7” sammiti ilə eyni zamanda. Çin bununla bir növ güc nümayiş etdirir. Və ya ən azı, göstərmək istəyir ki, Mərkəzi Asiya regionu onun maraq dairəsidir”.

Bu fikri hafta.az-a açıqlamasında “Son vaxtlar, deyəsən, Çin də fəallaşıb Ukrayna ilə Rusiya arasında vasitəşilik etməyə çalışır. Bundan nə gözləmək olar?” sualını cavablandırarkən ifadə edib.

“Əlbəttə ki,  Çin Avropa ilə əlaqələrin qurulması, daşımaların, nəqliyyat-kommunikasiya vasitələrinin işləməsinin əsas marağında olan tərəflərdən biridir və ona görə də bax, bütün bu yollar, kommunikasiyalar üzərində  münaqişələrin getməsi Çinin marağında deyil. Odur ki, Çin, Ukrayna münaqişəsi ilə bağlı hərəkətə, əlbəttə, cəhd etdi.  Lakin biz gördük ki, həmin gün məhz Çinin nümayəndəsi danışıqlar üçün Kiyevə gələndə Rusiya ordusuna qarşı çox ciddi əməliyyat həyata keçirildi. Putinin tərifli “Kinjal”  raketləri vurulub sıradan çıxarıldı. Bunlar da faktiki olaraq həmin danışıqlara bir mesaj idi”- deyə açıqlamasının davamında siyasi şərhçi bildirib.

“Çini hər kəs Rusiyanın partnyoru, tərəfdaşı hesab edir. Düzdü, Çin özü bundan, ən azı, zaman-zaman məsafələşməyə çalışır. Amma hər bir halda Çin Rusiyaya daha yaxındır və onun bu işdə vasitəçiliyi səmərəli olmayacaq. İstənilən halda Rusiyanın təcavüzü nəticəsində başlanmış Rusiya-Ukrayna münaqişəsində bu gün əsas, belə deyək, dirijor çubuğu Qərbin əlindədir. Qərb istəsə, əlbəttə, Çin vasitəçilik edə biləcək. Ancaq Qərb istəməsə, Çinin hansısa vasitəçilik missiyası, çətin ki, baş tutsun. Ən azı, ona görə ki, Ukrayna rəhbərliyi buna getməyəcəkdir. Və Çinin bir sıra hallarda Rusiyaya silah tədarük etməsi, Kremli dəstəkləməsini də nəzərə alsaq, Ukrayna tərəfinin buna ciddi əsasları var. Odur ki,  bu da hələ müəyyən cəhdlərdir. Belə cəhdlər olub. Bilirsiniz ki, bir dəfə Çin atəşkəs haqqında təkliflər paketi hazırlayıb verdi və o, rədd olundu. İkinci dəfə, qeyd etdiyim kimi, Çinin nümayəndəsi Kiyevə gələndə Rusiya ordusuna ciddi zərbələr endirildi və bununla da Çin əliboş qayıtmalı oldu. Əslində bu, Çinə mesajdır, bu, Çinə anlatmaqdır ki, Pekinin Rusiya-Ukrayna münaqişəsində vasitəçiliyinə ehtiyac duyulmur”- deyə analitik vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər