Ukraynada əhalisi sürətlə azalır

08:40 21.07.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2025-ci ilin birinci yarısında Ukraynada 86 mindən çox körpə doğulub, eyni dövrdə 249 mindən çox insan ölüb. 2024-cü ilin eyni dövründə doğulan körpələrin sayı 87655 olub. Uzunmüddətli perspektiv ölkə üçün təşviş doğurur. 2016-cı ildə ayda orta hesabla 32 min körpə doğulduğu halda, 2025-ci ildə bu rəqəm 14 minə enib.

Hafta.az-ın yazdığına görə, 2025-ci ilin birinci yarısında ən çox doğuşun qeydə alındığı bölgə təxminən 10 min körpə ilə paytaxt Kiyev olub. Bu rəqəm ümumi doğuşların 12 faizini təşkil edir. Paytaxtdan sonra 8282 körpə (10 faiz) ilə Lvov vilayəti və 6670 körpə ilə Dnepropetrovsk vilayəti (8 faiz) gəlir.

Digər tərəfdən, bəzi bölgələrdə doğum nisbətlərində kiçik artımlar qeydə alınıb. Kiyev vilayətində doğum səviyyəsi bir ildə 6 faiz, Lvovda 5 faiz, Volında isə 6 faiz artıb. Doğum göstəricilərinin artımı ümumilikdə yeddi rayonda müşahidə olunub. Yeni doğulanların 51 faizini oğlanlar təşkil edib.

Eyni dövrdə Ukrayna üzrə 249002 nəfər ölüb. Bu rəqəm ötən ilin birinci yarısı ilə demək olar ki, eynidir. Ən çox ölüm halı Dnepropetrovsk vilayətində (27 mindən çox) qeydə alınıb. Paytaxt Kiyevdə (18 mindən çox) və Xarkov vilayətlərində (17 mindən çox) ölüm göstəriciləri də yüksək olub.

Ümumilikdə Ukrayna əhalisi hər il təxminən 300 min nəfər azalır. Müqayisə üçün qeyd edək ki, 2016-cı ildə hər doğulan körpəyə görə iki nəfər ölüb; indi nisbət birə üçdür.