Universitetlərin yataqxanaları tələbə qəbul etməyə hazırdırlarmı?- REPORTAJ-FOTOLAR

12:28 02.09.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Artıq oktyabr ayından dərslərin ənənəvi qaydada başlanacağı dəqiqləşdi. Pandemiya ilə əlaqədar mart ayından tələbələr hərə öz rayonuna üz tutdu. Lakin artıq yeni tədris ili başlayır və yenidən tələbələrin paytaxta axını gözlənilir. Tələbələrin bir qismi universitetin yataqxanalarında qalırdı. Onların yenidən yataqxanalarda məskunlaşdırılması necə həyata keçiriləcək?

Hafta.az olaraq bir neçə universitetin yataqxanasına baş çəkdik. İlk öncə, Memarlıq İnşaat Universitetinin iki yataqxana korpusunda olduq. 

5 saylı yataqxananın komendatı Mübariz Hümmətov bizimlə söhbətində bildirdi ki, bu korpusda keçən tədris ili başa çatana qədər qaçqın və məcburi köçkünlər yaşayırdı. Lakin onların bir çoxu artıq köçürülüb:

“Dövlət yataqxanamızda məskunlaşmış məcburi köçkünlərin bir qismini mənzillə təmin etdi. Yataqxanada 128 otaq var var. Bu il üçün hazırda 30 köçürülməmiş məcburi köçkün ailəsi qalır. Məlum səbəbdən keçən il cəmi 3 otaq tələbərə verilmişdi. Bu il isə 100 otağımız tələbələrin ixtiyarında olacaq. Hər otaqda 3 tələbə yaşaya bilər. Yəni, normalda yataqxanada 300 tələbəni yerləşdirə bilərik”.

Mübariz Hümmətov deyir ki, yataqxana korpusunda şərait o qədər də pis deyil:

“Suvaq, kosmetik işlər aparılmalıdır. İstilik sistemi işləyir. Amma çoxdandır, burada qaçqın ailələri yaşadığı üçün stol-stul, divan və s. əşyalar yoxdur. Universitet rəhbərliyi bildirib ki, bütün çatışmayan əşyalar alınıb qoyulacaq”.

Həmsöhbətimiz qeyd etdi ki, pandemiya ilə əlaqədar dərslər başlamadığına görə, hələ ki, tələbələr müraciət etməyib: “Onlar özləri universitet rəhbərinə müraciət edirlər. Təsərrüfat işləri üzrə prorektor müraciətlərə baxdıqdan sonra, bura göndərilir. Biz tələbəni icazəsiz yerləşdirmirik”.

Sözügedən universitetin 4 saylı yataqxanası isə müasir standartlara uyğun təmir edilib. Tələbələr üçün hər bir şərait yaradılıb. Yataqxananın komendatı İlham Səttərovun sözlərinə görə, bu il yataqxana tam təmirli formada tələbələrin ixtiyarına veriləcək:

“Keçən il yataqxananın üç mərtəbəsində tələbələri yerləşdirə bilmişdik. Bu il isə, daha üç mərtəbəmiz təmir olunur. Hazırda tələbələr yataqxananı boşaldıblar. Pandemiya ilə əlaqədar özlərinin müraciətləri əsasında yataqxanadan ayrılıblar. Amma çıxmayanlar da var. 4-cü mərtəbə qız tələbələr üçün nəzərdə tutulub. Pandemiya başlayandan sonra universitet rəhbərliyi tərəfindən qalan aylar üçün ödənişlər ləğv olunub”.

Artıq tələbəliyə əlvida deyən Nazim Nəzərov da əşyalarını aparmağa gəlib.

Bildirdi ki, tələbələr yataqxananın təmirindən sonra rahat şəkildə burada qala biliblər: “Əvvəl vəziyyət bərbad idi. Biz bura gələndə isə, otaqlar tam təmir olunmuşdu. Hazırda tələbələr üçün bütün şərait yaradılıb”.

Həmsöhbətim deyir ki, yataqxanada qaldığı müddətdə ödənişdən azad olunub: “Vəziyyətimlə bağlı universitet rəhbərliyinə müraciət etmişdim. Nəticədə ödənişdən azad edildim. Amma qiymətlər digər tələbələr üçün də əlçatandır. Şəhərdə kirayə qalmaqdan iki dəfə ucuzdur”.

Daha bir yataqxanada olduq. Bu SABAH qruplarının yataqxasıdır ki, Yasamal rayonu İ. Zülalov küç. 30 ünvanında yerləşir. Bu yataqxana da müasir standarlara cavab verir. Amma pandemiyadan sonra məskunlaşma üçün müraciət edən olmayıb.

Bəs pandemiyadan sonra hansı universitetlər tələbələrini yataqxana ilə təmin edə biləcək?

Bir neçə universitet arasında sorğu apardıq:

Bakı Dövlət Universitetinin(BDU) mətbuat xidmətinin rəhbəri Günel İsgəndərin dediyinə görə, BDU-nun yataqxanası yeni tədris ilində - yəni oktyabr ayından etibarən, təhsil başlayanda tələbələrin istifadəsinə veriləcək: “BDU-nun yataqxanası 220 nəfər üçün nəzərdə tutulub. Yataqxanada tələbələr üçün lazım olan hər bir şərait yaradılıb”.

Azərbaycan Texniki Universitetinin(AzTU) mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova isə bildirdi ki, AzTU tələbə şəhərciyi 1965-70-ci illərdə inşa olunmuş 5 mərtəbəli, daş konstruksiyalı 6 binadan və həmin ərazidə tikintisi 1991-ci ildən yarımçıq qalmış 546 yerlik 2 ədəd 14 mərtəbəli yataqxanadan ibarətdir: “Bu binalarda 1988-90-cı illərdə məcburi köçkün ailələri məskunlaşıb. Yataqxanalarda ümumilikdə 900-dək məcburi köçkün ailəsi (3000 nəfərdən çox) yaşayırdı. Hazırda 130 ailə (458 nəfər) qalıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi universitetin yataqxanalarında məskunlaşan məcburi köçkünləri bu il ərzində yeni qəsəbələrə köçürür. Köçürmə Komitədə hazırlanan "Yol Xəritəsi”nə əsasən həyata keçirilir. Hazırda proses davam edir. Yataqxana kompleksi tamamilə aşınıb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yarasız hala düşüb. Məcburi köçkünlər köçürüldüyü təqdirdə bina əsaslı təmir edilmədən öz təyinatı üzrə istifadə edilə bilməz”.

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətin rəhbəri Günel Aslanova dedi ki, Azərbaycan Tibb Universitetində istər Azərbaycan vətəndaşları olan tələbələr, istərsə də xarici ölkə vətəndaşları üçün 5 yataqxana fəaliyyət göstərir: “Yataqxanalar oxu zalları, kitabxana, peyk antenaları ilə dünya kanallarını izləmək imkanı verən televizorlarla təchiz olunub. Yerləşdirmə ilə əlaqədar heç bir problemimiz yoxdur. Hər il yetərincə tələbə yerləşdirə bilirik. Bu il də 300-dən artıq tələbəni yerləşdirmə imkanımız var. Onu da qeyd edim ki, yataqxanalarımızdan biri hal hazırda təmir olunur. Yataqxana binaları hər mərtəbəsində istirahət otaqları, tələbələrin yaxınları ilə görüşməsi üçün qonaq otaqları vardır. Otaqlarda ən müasir tipli yataq mebelləri, şkaflar və hər bir tələbə üçün kompüter stolları quraşdırılmışdır. Yataqxanalara istilik, qaz, işıq, telefon və internet xətləri çəkilib”.

Bakı Mühəndislik Universitetinin(BMU) mətbuat xidmətinin rəhbəri Elman Babayevin sözlərinə görə, Bakı Mühəndislik Universitetində (BMU) ən müasir tələblərə cavab verən, həmçinin oğlan və qızlar üçün nəzərdə tutulan 2 böyük yataqxana fəaliyyət göstərir: “Ümumiyyətlə universitetin 300 nəfər tələbəni yataqxana ilə təmin etmək imkanı vardır. Otaqların hər biri isə müasir standartlara tam uyğundur. Yataqxanaların təhlükəsizlik məsələləri yüksək səviyyədə təşkil olunub. Eyni zamanda, otaqlarda və koridorlarda yanğından müdafiə qurğuları, yanğın xəbər verici sistemlər yerləşdirilib. Binalarda zəngin kitabxana, akt və fitnes zalları, iaşə və məişət xidməti fəaliyyət göstərir. Bütün mərtəbələrdə istirahət guşəsi və dərs çalışma otaqları var. Əlavə olaraq hər iki yataqxanada yaxınlarını görmək üçün gələn valideynlər üçün qonaq otaqları mövcuddur. Hər iki binada bufet və zəngin çeşidli qidalarla tələbələrə xidmət edən yeməkxanalar fəaliyyət göstərir. Tələbələrin idmanla məşğul olmaları üçün müasir avadanlıqlarla təchiz olunmuş idman zalı, stolüstü tennis zalı və şəhərcik daxilində yerləşən basketbol, voleybol və futbol stadionları var”.

Yeri gəlmişkən, tələbələrin üçün kirayə mənzillərdə qalmaq üçün nə qədər vəsait xərcləyəcəklərini də araşdırdıq. Qeyd edək ki, şəhərin ayrı-ayrı yerlərində kirayə mənzillərin qiyməti bir-birindən çox fərqlənir:

“Elmlər Akademiyası “ metrostansiyasına yaxın ərazilər:  2-3 otaqlı, orta təmirli evlər – 500 AZN, tam təmirli 600-700 AZN

“28 May” metrsostansiyasına yaxın ərazilər: 1,2,3 otaqlı mənzillər- 400-650 AZN

“Nəriman Nərimanov”, “Nefçilər”, “İnşaatçılar”  metrostansiyalarına yaxın ərazilərdə bina və həyət evləri: 1, 2, 3 otaqlı mənzillər – 150- 500 AZN

Amma hazırda bir çox kirayə verən şəxslər mənzilini tələbəyə etibar etmir. Və belə olan halda tələbələr kirayə ev tapmaqda çətinlik çəkirlər.

Sosial rubrikasından digər xəbərlər