Uqandada Somalidə yaşadığı hərbi məğlubiyyətin əks-sədaları davam edir.
Hafta.az-ın yazdığına görə, "Əl-Qaida"nın Şərqi Afrika qolu "Əş-Şəbab" mayın 26-da Buulo Marir qəsəbəsində ATMIS-ə bağlı Uqanda əsgərlərinin bazasına basqın edib. Hücumda 200-dən çox Uqanda əsgərinin öldürüldüyü bildirilir.
Uqanda prezidenti Yoveri Museveni hücumdan sonra verdiyi açıqlamalarda hücumda müxtəlif tərəfləri günahlandırarkən vəziyyəti nəzarətdə saxlamağa çalışıb. O, hücumdan sonra mətbuata verdiyi müsahibələrdə əsgərlərinin hücuma görə təşvişə düşdüyünü ifadə edərək, günahı bazadakı əsgərlərin üzərinə atıb.
Museveni daha sonra bölgədəki digər aktyorları günahlandırıb. Uqanda lideri açıqlamasında ABŞ və Türkiyənin də bölgədə olduğunu, lakin onlara heç bir yardım etmədiklərini iddia edib. Türkiyə və ABŞ-ı günahlandıran Museveni bu iki ölkənin onlara kömək etmək istəmədiyini deyib.
Museveninin açıqlamaları onun ordusunun hərbi məğlubiyyəti qəbul etməmək cəhdi kimi şərh olunur. Digər tərəfdən, Uqanda liderinin açıqlamaları Somalidə döyüşən tərəflər arasında münasibətlərin son hərbi hadisələrə uyğun olaraq gərginləşdiyini və qarşılıqlı etimadın zədələndiyini ortaya qoyur.