Kareliyada (RF) keçmiş məhkum - "Vaqner" üzvü İqor Sofonov 6 nəfəri öldürməkdə şübhəli bilinərək saxlanılıb.
“Krım.Realii”nin məlumatına görə, hadisə bir neçə gün əvvəl Kareliyanın Prionejski rayonunun Derevyanoe kəndində baş verib. Bir-birindən iki yüz metr aralıda yerləşən iki fərdi evdə yerli sakinlərin cəsədləri aşkar edilib. Birinci evdə ata və oğul, ikinci evdə isə üç kişi və bir qadın öldürülüb. Qatillər evi yandıraraq cinayət izlərindən qurtulmağa çalışıblar.
Hadisəni törədən şəxslər 6 saat ərzində yaxalanıb. Şübhəlilərin 37 yaşlı “qəhrəman” İqor Sofonov və 38 yaşlı Maksim Boçkarev olduğu üzə çıxıb. Hər iki məhbus əvvəllər uzunmüddətli həbs cəzası çəkiblər: Sofonov müxtəlif cinayətlərə görə, Boçkarev isə zorakılıq və quldurluğa görə.
2022-ci ildə Sofonov həbsxanadan Vaqnerə düşüb, sağ qalıb və evə qayıdıb. Şahidlərin ifadəsinə görə, terrorçu cəbhədən qayıdarkən sərxoş olub.