XX əsr Azərbaycan rəssamlıq məktəbində iz qoymuş sənətkarlardan biri də Xalq rəssamı, Azərbaycan təsviri incəsənətinə böyük töhfə vermiş Vidadi Nərimanbəyovdur.
Hafta.az xəbər verir ki, bu gün Azərbaycanın Xalq rəssamı Vidadi Nərimanbəyovun anadan olmasından 100 il ötür.
Rəssam könüllü olaraq İkinci Dünya müharibəsinə yollandığından müharibə mövzusuna yaradıcılığının bütün dövrlərində müraciət edib. Vidadi Nərimanbəyovun bu mövzuda olan əsərləri SSRİ mədəniyyət günlərində nümayiş olunub. V.Nərimanbəyov tələbə ikən "Düşmənin sevinci..." tablosu ilə şöhrət qazanıb. 1963-cü ildə "Yolda" monumental, irihəcmli tablosu onu daha da şöhrətləndirib.
Rəssamın əsərlərinin əsas qəhrəmanı insandır. Tablolarda onların müxtəlif anları, ovqatları əbədiləşib. Vidadi Nərimanbəyovun yalnız keçmiş SSRİ məkanında deyil, Macarıstanda, Çexiyada, Bolqarıstanda, Rumıniyada, Əlcəzairdə, Finlandiyada, bütövlükdə dünyanın 20 xarici ölkəsində fərdi sərgisi açılmışdır. Dinindən, dilindən, irqindən asılı olmayaraq, qədirbilən sənətsevərlər fırça ustasının yaradıcılığından mənəvi zövq alıb.
Görkəmli təsviri sənət ustası 20 Yanvara həsr etdiyi “Qatillər” tablosu dünyanın bütün sərgi salonlarında nümayiş etdirilib, qəddar sovet rejiminə qarşı nifrət oyadıb.
Özündə Azərbaycan və Fransa kimi iki ölkəni və iki nəhəng mədəniyyəti cəmləşdirən bu görkəmli rəssam 1961-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü olub. O, 1982-ci ildə Azərbaycan Xalq rəssamı adına layiq görülüb. 2001-ci ildə “Şöhrət” ordeni ilə mükafatlandırılan Nərimanbəyov elə həmin il dekabrın 13-də Bakıda vəfat edib.