Təhsildə Keyfiyyət Təminatı Agentliyi mart ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb. Agentlikdən hafta.az-a verilən məlumata görə, ötən ay üzrə 205 müraciətçinin 150-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 55 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 29, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 21, qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 2, akkreditasiyası olmayan ali təhsil müəssisəsində təhsil alması səbəbi ilə 1 və ixtisasın ekvivalentliyi olmaması səbəbindən 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. İxtisas seçimlərində iqtisadiyyat üzrə 31, hüquqşünaslıq üzrə 26, maliyyə üzrə 32, tibb üzrə 19, biznesin idarə edilməsi üzrə 17, menecment üzrə 15, mühəndislik üzrə 13, təhsil elmləri üzrə 11, beynəlxalq münasibətlər üzrə 9, kompüter elmləri üzrə 8 və digər ixtisaslar üzrə 24 nəfər müraciətçi qeydə alınıb.Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 67, Türkiyədən 54, Rusiyadan 42, Gürcüstandan 16, Çin Xalq Respublikasından 6, digər ölkələrdən isə 20 müraciətin olduğu müşahidə olunur.
Yeri gəlmişkən, Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil alan 385 müraciətçinin diplomları üzrə əldə olunan ixtisasları ölkə ərazisində tanınmayıb. Bu müraciətlərin əhəmiyyətli hissəsi adları aşağıda qeyd olunan Rusiya Federasiyasının Azərbaycan ərazisində filialları fəaliyyət göstərən ali təhsil müəssisələrinə məxsusdur:
- Dağıstan Dövlət Universiteti;
- Cənubi Rusiya Humanitar İnstitutu;
- Sankt Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu;
- Rusiya Dövlət Sosial Universiteti.
Yalnız aşağıda adları qeyd edilən və Azərbaycan Respublikası ərazisində filialları lisenziyalı fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilən diplomlar üzrə əldə edilən ixtisaslar ölkəmizdə tanınır:
- Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il - 01.09.2010-cu illər ərzində);
- Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində);
- V.Lomonosov adına Moskva Dövlət Universiteti (27.02.2009-cu ildən etibarən);
- İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (15.05.2015-ci ildən etibarən).
Bundan başqa, Agentlik tərəfindən 2017-ci ildən etibarən verilən imtinaların 25 faizi ümumilikdə 10 ali təhsil müəssisəsini əhatə edir. Diplomlarına imtina verilən universitetlər Regionlararası Heyətin İdarəolunması Akademiyası, Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti, İvanovo Dövlət Universiteti, Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası, V.N.Karazin adına Xarkov Milli Universiteti, Dağıstan Dövlət Pedaqoji Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universiteti, Tbilisi Açıq Tədris Universiteti, Avropa Universiteti və Gürcüstan Texniki Universitetidir. Bu təhsil müəssisələri üzrə 851 imtina qeydə alınıb.
Əslində Təhsil Nazirliyi mütəmadi olaraq Azərbaycanda fəaliyyət göstərən və xarici universitetlərə tələbə qəbulu həyata keçirən şirkətlərlə heç bir əməkdaşlığının olmadığına dair məlumatlar yayır. Lakin buna baxmayaraq, təhsil şirkətləri bəzən Təhsil Nazirliyinin adından sui-istifadə edir və vətəndaşları həmin universitetlərin sənədinin ölkəmizdə tanındığına inandıraraq Azərbaycandan tələbə qəbulu davam etdirirlər. Bu universitetlərdə təhsilini başa vuran məzunlar isə diplomlarının saxta olduğunu ən sonda, ali təhsil haqqında sənədin tanınması üçün müraciət edib rədd cavabı aldıqda anlayırlar. Nəticədə vətəndaşın həm pulu, həm də zamanı boşa getmiş olur.
Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov da bildirib ki, Təhsil Nazirliyi cəmiyyəti bu barədə mütəmadi olaraq məlumatlandırır: “Amma buna baxmayaraq Azərbaycandan hər il yüzlərlə gənc Ukrayna, Gürcüstan və Dağıstandakı ali təhsil müəssisələrinə müraciət edir. Belə demək olar ki, Azərbaycanda gənclər öz gəncliyini mənasız yerə sərf edirlər. Düşünürəm ki, diplomu tanınmayan xarici universitetlərlə bağlı xeyli maarifləndirmə işləri aparılmalıdır. Uşaqların çoxu təhsil şirkətlərinin qurbanına çevrilir. Məsələn, bəzən tələbələri diplomu tanınmayan xarici universitetlərlə əlaqələndirən təhsil şirkətləri televiziyalarda özlərini reklam edirlər. Televiziyalar belə təhsil şirkətləri ilə bağlı ehtiyatlı olmalıdırlar. Çünki həmin təhsil şirkətlərinin vasitəsilə Ukraynada, Gürcüstanda, Dağıstanda və digər xarici ölkələrdə təhsil alanlar sonda lazımsız sənədə sahib olurlar. Bu gün məhkəmələrdə nə qədər belə işlər var ki, həmin universitetlərin məzunları diplomlarının tanınması üçün çalışırlar".
Onun sözlərinə görə, hazırda Təhsildə Keyfiyyət Təminatı Agentliyi şəffaf şəkildə fəaliyyət göstərir və saxta diplomlu şəxslərin əmək bazarına daxil olmasının qarşısını alır: “Saxta diplomlu şəxslərin ölkəmizə heç bir faydası yoxdur. Əmək bazarında bu gün diplomlu, amma ixtisası üzrə savadlı kadrlara ehtiyac var. Ona görə də gənclər də bu məqamı nəzərə almalı, savadsız diplomun əhəmiyyətsiz olduğunu anlamalıdırlar. Bu istiqamətdə Təhsil Nazirliyi çox maarifləndirmə işi aparsa da, belə şirkətlər fəaliyyətlərini davam etdirirlər. Onlar hüququ şəxs kimi qeydiyyata düşərək tələbə qəbulunda həmin universitetlərə köməklik göstərirlər. Nəticədə özləri də xidmət haqqı alırlar. Ona görə də bu cür şirkətlərlə hüquq mühafizə orqanlarının da işləməsi vacibdir".
Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov deyib ki, bu gün Azərbaycandan xaricə kütləvi şəkildə insanlar təhsil almağa gedirlər və bu da nəticədə xoşagəlməz situasiyalara səbəb olur: "Konkret rəqəmləri desək ki, bu günləri Azərbaycandan kənarda təkcə qardaş Türkiyədə 20 min, Ukraynada 9 min, Gürcüstanda 3 min təhsil alır. Ümumiyyətlə, qeyd edim ki, 45 minə yaxın azərbaycanlı gənc dünya ölkələrində öz vəsaitləri hesabına təhsil alırlar. Bu da ölkədən kənara böyük həcmdə vəsaitin getməsinə, eyni zamanda beyin axınının getməsinə gətirib çıxarır. Nəticədə gənc işçi qüvvəsini itiririk. Onlar da bəzən xarici ölkələrdə müəyyən siyasi, yeni təsirlərə məruz qalırlar. Digər problem isə onlar qayıdıb gələndən sonra yaşanır. Ən böyük problemlərdən biri məhz həmin şəxslərin diplomlarının tanınması ilə bağlıdır. Qeyd edim ki, diplomların tanınmamasının əsas səbəbi həmin universitetlərin fəaliyyət göstərdiyi ölkədə lisenziyalarının olmamasıdır, yəni onların rəsmi fəaliyyət icazələri yoxdur. Bunu da tələbələr bilmirlər. Çox təəssüf ki, Azərbaycanda bir sıra xarici ölkələrdə təhsil xidmətini göstərən şirkətlər özlərinin kommersiya maraqlarına görə həmin tələbələri univeristetlərə qəbula alırlar. Təbii ki, bu çox ciddi bir problemdir. Məsələn, Ukraynanın bir sıra univeristetləri var ki, onların filialları Gürcüstandadır və onlar distant təhsil verə bilirlər. Azərbaycan qanunvericiliyi distant təhsili tanımır. Azərbaycanlı gənclər də məhz Gürcüstanda oxumaq adıyla həmin Ukraynanın filiallarına gedirlər. Sonda da məlum olur ki, bu universitetlərin lisenziyası yoxdur. Ancaq bunu yalnız 4 ildən sonra bilirlər. Nəticədə 4-5 il vaxt itirir, hər il də kifayət qədər vəsait xərcləyir və qayıdıb gəldikdə artıq diplom tanınma problemi olur. Bu problemin aradan qalxması üçün hər bir kəs xarici ölkəyə getməmişdən əvvəl həmin şəxslər vahid portalda həmin universitetin, həmin ölkə ərazisində fəaliyyət icazəsinə malik olub-olmamasını yoxlamalıdırlar. Ondan sonra həmin ölkəyə getməlidir ki, qayıdıb gələndə bu problemi yaşamasın. Valideynlər və abituriyentlər mütləq hansısa xarici təhsil şirkətinə müraciət edəndə son dərəcədə diqqətli olsunlar. Araşdırsınlar və mütəxəssislərə müraciət etsinlər. Təəssüflər olsun ki, Azərbaycan gəncləri kimlərinsə kommersiya və pul maraqlarının qurbanına çevrilir. Son nəticədə də məhz bu problem ucbatından diplomlarının tanınmasından imtina edilir".