Bəşəriyyətə qarşı cinayətin törədildiyi və eynilə bu gün olduğu kimi, dünyanın izləyici kimi qaldığı Xocalı soyqırımının 32-ci ildönümüdür.
Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar sosial media hesabında paylaşım edib.
"Unutmadıq, unutmayacağıq. Şəhid qardaşlarımızı və bacılarımızı rəhmətlə yad edirəm", - deyə o bildirib.
Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.