Avstraliyada sentyabrda başlanan meşə yanğınları, son vaxtlar Yaxın və Orta Şərqi saran məlum hərbi-siyasi hadisələrin fonunda yaddan çıxıb. Hansı ki, orada təbiətin faciəsi baş verir, bu da elə insaniyyətin məhvi deməkdir.
Aylarla davam edən və söndürülməsi mümkün olmayan yanğın ocaqlarının dairəsini genişləndirərək birləşməsi Yer kürəsinə yüzillərin görmədiyi fəlakəti gətirə bilər. Artıq indidən işartıları görünməkdədir. Mütəxəssislərin fikrincə, Yeni Cənubi Uels və Viktoriya ştatlarını çənginə alan alov sahələri artıq birləşmək ərəfəsindədir.
Məlumata əsasən yanğınlar nəticəsində, ən azı, 8 milyon hektar ərazi yanıb külə çevrilib. Bu da 11 milyon futbol meydançasının sahəsi deməkdir. İndiyədək 25-dən çox insan yanğının qurbanına çevrilsə də, ən böyük itkini dünya təbiətinin inciləri sayılan heyvan və bitkilər yaşayıb. Ən dəhşətlisi isə budur ki, həmin heyvan və bitki növlərinin bir çoxu Avstraliya üçün endemikdir, yəni dünyanın başqa heç bir materikində mövcud deyil. Söhbət 8 milyon hektar bitki sahəsinin məhv olması ilə yanaşı, 100 milyonlarla heyvan növünün yanmasından gedir. Hansı ki bu dəhşətli rəqəmlərlə müqayisədə 2 min evin külə dönməsi, 25 insanın ölümü və ya bir neçə yüz min sakinin yaşadığı yeri dəyişməsi çox kiçik görünür...
Xatırladaq ki, Avstraliyada ən çox insan ölümü ilə nəticələnən yanğınlar 2009-cu ilin fevralında qeydə alınıb. O zaman 180 nəfər hazırlıqsız vəziyyətdə yanğınların qurbanına çevrilmişdi.
Bəs nə oldu ki, Avstraliyada bu il və məhz payız aylarında belə genişmiqyaslı yanğınlar baş verdi? Nəzərə alsaq ki, Avstraliya Cənub yarımkürəsində yerləşir, burada ən isti dövr yanvar və fevral aylarıdır. Məhz bu aylarda alovlanan yanğınlar yağış fəslinin başlandığı mart ayınadək davam edərdi.
"Burning Planet" (“Yanan planet”) kitabının müəllifi, professor Andrev Skotta görə, qlobal miqyasda meşə yanğınları artıq yerlərini və alovlanma vaxtlarını dəyişməkdədir. "Yanğınlar əvvəlki illərdə olduğundan daha sürətlə yayılmağa başlayıb. Bu, səbəbini hələlik öyrənə bilmədiyimiz bir sirrdir. Ola bilər, bunun vacib bir səbəbi indiydək alışmadığımız şiddətli küləklərin əsməsidir. Normal vəziyyətdə temperatur endikcə, yanğınlar da səngiməlidir, amma təəssüf ki, bu gün bunun əksini görürük”, – deyir professor Skott.
Professor təşvişlə bildirir ki, bu il yanğınların kifayət qədər rütubətli, yağışın bol düşdüyü ekvalipt meşələrində tüğyan eləməsi çox düşündürücüdür. Əvvəllər bu meşələrdə heç vaxt yanğın qeydə alınmayıb. Professor Skott onu da qeyd edir ki, qlobal miqyas almış meşə yanğınları dünyada iqlimin dəyişməsinə təsirini göstərəcək.
Mütəxəssislər narahatdır ki, səmaya yüksələn qara tüstü güclü şimşəklərin çaxmasına və bununla da daha genişmiqyaslı yanğınların yayılmasına səbəb ola bilər. Hətta vəziyyət daha da kəskinləşərək vulkan püskürməsi, yaxud da atom bombasının effektinə bərabər fırtınaların ortaya çıxması ilə nəticələnər.
Avropa Meşəçilik İnstitutunun yanğınlar üzrə mütəxəssisi Aleksander Held Avstraliyadakı təbii fəlakətə işarə edərək deyir ki, bir tərəfi səhra, digər tərəf okeandır. Vəziyyət belə davam edərsə, sonda yanmağa heç nə qalmayacaq.
Bu yerdə qeyd edək ki, təkcə Yeni Cənubi Uels ştatında 136, Viktoriyada isə 31 aktiv yanğın ocağı mövcuddur.
Aleksander Held bu qənaətdədir ki, nəzarətdən çıxmış nəhəng alov dillərini ram etmək üçün göyün bir qatında uçan təyyarələrdən su atmağın mənası yoxdur. Onun fikrincə, sadəcə, dua edərək gözləmək lazımdır.
Viktoriya ştatının Fövqəladə Hallar naziri Lisa Neville deyir ki, indiki yanğınları söndürmək üçün bir andaca 20 sm qalınlığında yağışın yağması lazımdır.
L.Nevillenin fikrincə, indiyədək yanğınlarda 500 milyona yaxın heyvanın öldüyü güman olunur. Çünki heç də bütün heyvanlar yanğından vaxtında və sürətlə qaça, yaxud da özlərinə adaptasiya olunacaq bir məkan tapa bilməyib.
Beynəlxalq Təbiəti Mühafizə Vəqfi (WWF) Avstraliyada 1,2 milyarddan çox heyvanın məhv ola biləcəyini bildirib.
Xoşbəxtlikdən son günlər cənub və cənub-şərq bölgələrində güclü leysanlar yağmağa başlayıb. Bu da öz növbəsində, temperaturu bir qədər endirib. Amma mütəxəssislər bir neçə gün sonra yağışların dayanacağını və temperaturun yüksələcəyini xəbər verirlər. Ona görə də məsləhət görülür ki, təhlükəli hesab edilən ərazilərdə yaşayan insanlar bəribaşdan köçürülsün. Hər gün yanaraq can verən minlərlə dilsiz-ağızsız heyvanın və insanları oksigenlə təmin edən milyonlarla bitkinin həyatını qurtarmaq isə möcüzəyə bağlıdır...