Bu gün Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və "YAŞAT" Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonu təşkil ediləcək. Azərbaycan diasporu tarixində ilk dəfə təşkil edilən xeyriyyə marafonunun məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara qazilərə və şəhid ailələrinə dəstək üçün çağırışlar etmək, birlik və həmrəylik nümayiş etdirərək, Azərbaycan diasporunun daim dövlətimizin, torpaqlarımızın azadlığı yolunda canını və sağlamlığını fəda edən insanların yanında olduğunu göstərməkdir. Marafonda bütün dünya azərbaycanlıları “Birlikdə yaşadaq” şüarı altında birləşərək, Qələbəni bizə yaşadanlara və Zəfər tarixini yazanlara dəstək olacaq, onların xoş xatirələrini yada salacaqlar.Videoyayım formatında təşkil ediləcək marafon mayın 25-də saat 21:00-dan 23:00-dək Azərbaycan Televiziyasında (AzTV) canlı nümayiş ediləcək.
Marafon müddətində müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə canlı bağlantılar təşkil ediləcək, şəhidlərimizin ailələri, Vətən müharibəsi qəhrəmanları və qazilərimiz çıxış edəcəklər. Eyni zamanda “YAŞAT” Fondu tərəfindən qısa müddətdə görülən işlər barədə hesabat təqdim olunacaq.
Qeyd edək ki, xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və azərbaycanlı icmaları müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizi Azərbaycan Diasporuna Dəstək Fondunun və "YAŞAT" Fondunun birgə təşkil etdiyi “YAŞAT” xeyriyyə marafonunda fəal iştirak eməyə çağırıb.
Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri şəxsi sosial şəbəkə hesabları və sosial şəbəkələrdəki qruplar vasitəsilə dünya azərbaycanlılarına çağırışları paylaşaraq hər kəsi marafonda aktiv iştiraka çağırıb. Marafona dəstəklə bağlı paylaşımlar Norveçdə fəaliyyət göstərən "CAN", Avstriyadakı "AZERDER", İsveçdəki SAF (İsveç Azərbaycan Mədəniyyət Dərnəyi), Fransadakı Azərbaycan Mədəniyyət Assosiasiyası, Niderland–Belçika Azərbaycanlılarının Koordinasiya Şurası, Niderlanddakı "Azərbaycan evi", Münhen Azərbaycanlılarının Mədəniyyət Mərkəzi tərəfindən edilib. Eyni məzmunlu çağırış 35600 üzvü olan "Avropa Azərbaycanlıları" adlı facebook səhifəsində də paylaşılıb.
Bundan başqa, Avstriyanın Zalsburq və Almaniyanın Münhen şəhərlərində fəaliyyət göstərən Azərbaycan Evləri, Polşadakı Azərbaycan Evi də bu kampaniyaya qoşulan diaspor təşkilatlarındandır. Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov, Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin və Azərbaycan Evinin rəhbəri Səttar Kərimov, Polşadakı Azərbaycan Eviin rəhbəri Lalə Zeynalova bu ölkələrdə yaşayan həmvətənlərimizə müraciət ediblər.
Bildirilib ki, rəhbərlik etdikləri diaspor təşkilatları böyük məmnuniyyətlə 25 may 2021-ci il saat 21.00-da Azərbaycan Televiziyası vasitəsilə yayımlanacaq "YAŞAT" xeyriyyə marafonuna qoşulacaqlar. Onlar Avstriya və Almaniyada yaşayan bütün soydaşlarımızı bu prosesə biganə qalmamağa, dövlətimizi və xalqımızı yaşatmaq uğrunda göz qırpmadan fədakarlıq göstərən Vətən övladlarının yadigarlarına layiqli və ləyaqətli münasibət göstərməyə çağırıblar: "44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqla canından və qanından keçən şəhid və qazi ailələrini dəstəkləmək hər bir soydaşımızın borcudur. Bu müqəddəs işdə tarixi Vətənimizə və xalqımıza dəstək olmalıyıq", - deyə müraciətdə bildirilir.
"Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası da müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiziAzərbaycan Diasporuna Dəstək Fondunun və "YAŞAT" Fondunun birgə təşkil etdiyi "YAŞAT" xeyriyyə marafonunda fəal iştirak etməyə çağırıb. Assosiasiyanın sosial media şəbəkələrində paylaşılan müraciətində bildirilib ki, Azərbaycan xalqı heç bir zaman oğullarının qəhrəmanlığını unutmayacaq: "Əziz dostlar, gəlin II Qarabağ müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçən şəhidlərin və yaralanan qazilərin ailələrinə kömək edək! Biz sizi ağır bərpa dönəmini keçən qəhrəmanların ailələrinə yardım etməyə çağırırıq. Məhz bu məqsədlə Azərbaycan Diasporuna Dəstək Fondu bu xeyriyyə marafonunu təşkil edir", - deyə müraciətdə bildirilir.
"Azİz" rəhbərlərinin və fəallarının internet üzərindən müraciəti və "Ana Vətən çağırır!", "Gəlin bir olaq!", "Birlikdəyik!" çağırışları çoxsaylı sosial şəbəkə istifadəçiləri tərəfindən izlənilib və paylaşılıb.
Yeri gəlmişkən, bu gün Azərbaycanda müxtəlif sahələr üçün ayrı-ayrı fondlar fəaliyyət göstərir. Təkcə son bir ildə ölkəmizdə Koronavirusla Mübarizəyə Dəstək Fondu, Qarabağ Dirçəliş Fondu, “Yaşat” Fondu, Azərbaycan Ordusuna Yardım Fondu kimi qurumlar yaradılıb. Bu qurumlara həm ölkə daxilindən, həm də ölkə xaricindən ianələr köçürmək mümkündür.
Bəs, görəsən, xaricdə yaşayan həmvətənlərimizin bu fondlara dəstəyini artırmaq üçün hansı addımları atmalıyıq? Bununla bağlı daha hansı formada marafonlar təşkil etmək mümkündür? Bu istiqamətdə mütəmadi olaraq xeyriyyə marafonlarının keçirilməsi effektiv ola bilərmi?
Strateji hədəf düzgün qurulduqdan sonra ayrı-ayrı marafonlara, xeyriyyə aksiyalarına da ehtiyac qalmayacaq
Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib ki, diaspora təşkilatları yardımlaşma marafonlarında yaxından iştirak edirlər:

“Məsələn, qonşu Rusiyanın az qala hər şəhərində bizim diaspora təşkilatımız var. Həmin təşkilata rəhbərlik edən şəxsin ya böyük bir vilayətdə, ya da şəhərdə iri biznesi var. Bu insanlar diaspora təşkilatlarının qurulmasına, formalaşmasına çox böyük dəstəklər göstərirlər. 90-cı illərin əvvəlində mən Kazan Dövlət Universitetinin tələbəsi olarkən Tatarıstanda bir diaspora təşkilatımız var idi. İndiki dövrdən fərqli olaraq o dövrdə diaspora təşkilatı mədəni cəmiyyətlər formatında fəaliyyət göstərirdi. Əslində başqa formada da fəaliyyəti qurmaq imkanını bizə vermirdilər. Amma demək olar ki, 15 respublikanın hamısında bizim diasporamız fəaliyyət göstərirdi. Diaspora fəallarının iştirakı ilə Azərbaycana yardımlar təşkil olunurdu. Bu marafonlara dəstəyi də daha çox bizneslə məşğul olan edirdilər. Onlar ad çəkilmədən, üzdə olmadan bu prosesə dəstək olurdular. Sonrakı mərhələdə diaspora təşkilatları yeni bir inkişaf dövrünə qədəm qoydular. Və nəticə etibarilə vaxtilə kölgədə olan, pərdə arxasında qalan insanlar bu prosesin önündə getməyə başladılar. Biz tələbə olan zaman bir nəfər biznesmen və ya korporativ müdirini diaspora təşkilatında rəhbər səviyyəsində görmək mümkün deyildi. Onlar çalışırdılar ki, bu işi daha çox bacaran insanlar idarə etsinlər. Bu gün həmin yanaşma dəyişib. Nə etməliyik ki, diaspora təşkilatlarımız Azərbaycanla bağlı məsələlərdə fəal olsunlar? Düşünürəm ki, bir işin uğurlu həyata keçirilməsi həm də strateji baxışın olmasını tələb edir. Açığını desəm, bilmirəm bizdə strateji baxış nədən ibarətdir. Bu gün Azərbaycanda Diasporlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir və bu qurum da müəyyən strategiya həyata keçirir. Zaman-zaman ayrı-ayrı ölkələrdə, ayrı-ayrı yerlərdə diaspora təşkilatları ilə müəyyən görüşlər keçirirlər. Bu yaxınlarda Dmanisidə baş verən hadisələr zamanı da Gürcüstana komitənin nümayəndə heyəti yollandı. Təbii ki, bunlar hamısı yaxşı haldır. Amma hesab edirəm ki, strategiyanın ana xəttini təşkil edən yanaşma olması mütləqdir. Biz həm də diaspora təşkilatlarının fəaliyyətini dərindən təhlil etməliyik. Digər tərəfdən bilirsiniz ki, “Xaricdə yaşayan soydaşlar və diaspora təşkilatı haqqında” qanun layihəsi hazırlanırdı. Ayrı-ayrı qurumların müzakirəsindən də keçmişdi. Lakin hələlik bu sənəd qəbul edilməyib. Biz konkret hədəflər üzərində işləmək istəyiriksə, bununla bağlı normativ aktların qəbul edilməsi də mütləqdir. Düzdür, bizdə diasporlarla işi tənzimləyən sənədlər var. Məsələn, miqrasiya ilə bağlı vaxtilə 14-15 qanun var idi. Belə bir zərurət yarandı ki, Miqrasiya Məcəlləsi qəbul olundu. Bu sənəd qəbul edildikdən sonra bir çox məsələləri əhatə edə bildi. Nəticə etibarilə digər qanunlarda olan ziddiyyətli məqamlar bir Məcəllə çərçivəsində öz həllini tapdı. Eyni ilə düşünürəm ki, diaspora təşkilatlarının fəaliyyətinin qurulması ilə bağlı bu cür strateji sənəd olmalıdır. Necə ki, bu, başqa ölkələrdə var. Ad çəkmək istəmirəm, amma nəyə görə bəzi ölkələrin diasporaları Fransada az qala prezident səviyyəsində Azərbaycanın əleyhinə qərarlar qəbul etdirə bilirlər? Necə ola bilər ki, Fransada yaşayan 700-800 minlik xalqın bir diaspora təşkilatı ölkənin siyasi hakimiyyətinə təsir etmək iqtidarındadır? Rusiyanı götürək. Rusiyada da bizə qarşı birmənalı münasibət yoxdur. Bu o demək deyil ki, çox zəifik. Biz dünyada 50 milyonluq bir xalqıq. Onun cəmi 10 milyonu Azərbaycanda yaşayır, 40 milyon isə dünyanın müxtəlif ölkələrinə səpələnib. Bundan başqa dünyada 300 milyondan çox türkmənşəli xalqların olduğu bildirilir. Söhbət böyük bir arealda, böyük bir potensialdan gedir. Hesab edirəm, strateji hədəf düzgün qurulduqdan sonra ayrı-ayrı marafonlara, xeyriyyə aksiyalarına da ehtiyac qalmayacaq”.
“YAŞAT” Marafonunun ən böyük özəlliyi dünya azaərbaycanlılarını bir çətir altında toplamaqdır
Məsələyə münasibət bildirən Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdi isə hafta.az-a bildirib ki, xaricdə yaşayan imkanlı həmvətənlərimizin çoxu Azərbaycanla bağlı məsələlərdə fəallıq nümayiş etdirmirlər:

“Sizə bir məsələni deyim ki, 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycana dəstək göstərən soydaşlarımızın əksəriyyəti orta və aşağı təbəqənin nümayəndələri idilər. Onlar həm Silahlı Quvvələrə Dəstək Fonduna, həm Yaşat Fonduna dəstək göstərirdilər. Xaricdə yaşayan imkanlı həmvətənlərimizin 90 faizi bu məsələdə həssaslıq nümayiş etdirmirlər. Pul onları başqa yönə dəyişib. Onlar üçün Vətən, Millət anlayışı o qədər də önəm daşımır. Kiçik bizneslə məşğul olan, az imkanlı soydaşlarımız var ki, onların ürəyi Azərbaycanla döyünür. Onlar həm müharibə, həm pandemiya dövründə dayanmadan ölkəmizə dəstək göndərirlər. Güman edirəm ki, onlar “YAŞAT” Marafonuna da öz dəstəklərini göstərəcəklər. Marafonda bütün dünya azərbaycanlıları “Birlikdə yaşadaq” şüarı altında birləşərək, Qələbəni bizə yaşadanlara və Zəfər tarixini yazanlara dəstək olacaq, onların xoş xatirələrini yada salacaqlar. Bu marafonun məqsədi o deyil ki, Azərbaycan dövlətinin həmin pula ehtiyacı var. Əsla belə deyil. Azərbaycan dövlətinin qazilərinə, şəhid ailələrinə dəstək göstərməyə yetərincə maliyyəsi var. Sadəcə, burada birliyimizi, bərabərliyimizi, həmrəyliyimizi bir daha göstərmək istəyirik. “YAŞAT” Marafonunun ən böyük özəlliyi dünya azaərbaycanlılarını bir çətir altında toplamaqdır. Bir daha sizin vasitənizlə soydaşlarımıza səslənirəm ki, bu marafonda maliyyə önəmli deyil. Əsas həmrəylikdir, bu həm də Azərbaycan diasporunu cılızlaşdırmaq istəyənlərə mesaj vermək üçün çox yaxşı fürsətdir. Biz müharibə dövründə güclü erməni diasporunun olması fikirlərini necə ki darmadağın etdik, indi də bu marafon vasitəsilə ermənilərin təşkil etdikləri “xeyriyyə marafonlarını” darmadağın edəcəyik”.