Keçən ilin dekabr ayında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu KİV-lərə açıqlama verərək ayın ortaları və sonuna qədər kirayə mənzillərin verilməsi mexanizminə başlanacağını bildirmişdi. Dekabrın 15-dən vətəndaşların müraciəti başlanacaqdı.
“Artıq kirayə mexanizminin işə düşməsi üçün zəruri işlərin əksəriyyəti həll edilib. Dekabrın ortalarında mənzillərin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üçün sənəd qəbuluna başlanılacaq. Bununla bağlı öncədən ictimaiyyətə məlumat veriləcək. Vətəndaşlar “Asan İmza” əldə etməklə e-gov.az saytı üzərindən elektron qaydada müraciət edəcəklər”.
Lakin proses başlamadı. Fond yaxın günlərdə açıqlama verərək bildirdi ki, hələ ki, tarix bəlli deyil:
“Kirayə mənzillərin satış prosesinə dekabr ayında başlanılması planlaşdırılsa da, müəyyən işlər yekunlaşmadığına görə baş tutmadı. Müraciətlərin nə vaxt başlayacağı barədə isə rəsmi heç bir məlumat yoxdur. Bununla bağlı yenilik olanda ictimaiyyətə məlumat veriləcək”.
Prosesin gecikməsində hansı problemlər ola bilər?
Sualımızı hafta.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, burada müxtəlif səbəblər ola bilər, daha dəqiq ifadə etsək, müxtəlif maraq qruplarının uzlaşmasında çətinliklər mümkündür:
“Bankların, tikinti şirkətlərinin, dövlət orqanlarının öz maraqları vardır ki, bu da, uzlaşmada çətinliklər yaradır. İpoteka və Kredit Zəmanət Fondu yaradılarkən düşünülmüşdü ki, bir neçə ildən sonra özü-özünü maliyyələşdirə bilməli idi. 2013-cü ildən dövlət büdcəsindən əlavə dotasiyaların ayrılmasına ehtiyac qalmamalı idi. Bu baş vermədi. Fond günü bu gündə dövlətdən dəstək alır. Fondun öz işini qura bilməməsi, risk menecmentinin olmaması ilə bağlı problemlərin yaşanması ona gətirib çıxartdı ki, bu hələ tam hazır deyil. Bu iş Türkiyədə çox ciddi təşkil olunur. Banklarla çox ciddi addımlar atılır”.
Qeyd edək ki, “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2019-cu il yanvarın 25-dəki fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi qaydası” təsdiq edilib.
Fərmana görə, İpoteka və Kredit Zəmanət Fondu balansındakı mənzilləri uzunmüddətli kirayə verəcək və kirayənişin bu mənzilin pulunu aybaay ödəməklə sonda mənzilə mülkiyyət hüququ əldə edəcək.