Yay məktəbi- öyrənənlər üçün yeni imkan

12:10 05.06.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gündən “Yay məktəbi”nə qeydiyyat üçün müraciət başlayır

Hazırda Azərbaycan özünün təhsil sistemini dünyanın ən mütərəqqi ölkələrinin təhsil prinsiplərindən istifadə etməklə təkmilləşdirir, məzmun və struktur dəyişiklikləri aparır. Aparılan islahatlar çərçivəsində artıq tələbyönümlü bir təhsil sistemi formalaşıb. Cəmiyyətimizin ehtiyac və tələbatlarına uyğun belə bir təhsil sisteminin qurulmasında demokratikləşdirmə, humanistləşdirmə, inteqrasiya, diferensiallaşdırma, fərdiləşdirmə mühüm pedaqoji prinsiplər kimi nəzərə alınır.

Şəxsiyyətin maraq və ehtiyaclarını, arzu və istəklərini əsas götürməklə təhsil alanların mənafeyinə xidmət göstərmək ön plana çəkilir. Bu mənada son illər Təhsil Nazirliyinin sosial platformalarda təhsilalanların maraq və ehtiyaclarını nəzərə almaqla keçirdiyi sorğuları xüsusi qeyd etmək olar. Bu sorğuların hər biri təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsinə, təhsil sahəsində əldə olunan nailiyyətlətin daha da yüksəldilməsinə yönəldilib. Məsələn, ötən həftə  Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində “Yay məktəbi”inin təşkil edilməsi ilə bağlı sorğu keçirilib. Sorğuda iştirak edənlərin 44faizi bu təşəbbüsə müsbət rəy bildirib. Mövcud vəziyyəti nəzərə alaraq, şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə 16 iyun 2021-ci il tarixindən etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi”nin təşkil edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar ötən ildən ölkəmizdə təhsilin əhəmiyyətli hissəsi distant formada təşkil olunur. Bununla bağlı Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb”, teledərslər kimi uğurlu layihələr həyata keçirilir. Amma müşahidələr onu deməyə əsas verir ki, pandemiya şəraitində məsafədən təhsil şagirdlərə bilik və bacarıqların mənimsənilməsində müəyyən çətinliklər yaradıb. Ekspertlər hesab edirlər ki, nazirlik tərəfindən təşkil olunan “Yay məktəbi” təhsilalanların bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, şagirdlərin mənimsənilməyən mövzuları qismən də olsa qavraması üçün əlverişli mühit yaradacaq. Ona görə də, qeydiyyatdan keçmək istəyən vətəndaşlar iyunun 5-dən etibarən övladlarının təhsil aldıqları müəssisələrə və ya aidiyyəti üzrə rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) müraciət edə bilərlər. 30 iyun tarixinədək davam edəcək “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək. “Yay məktəbi”nin təşkil edilməsi ilə bağlı bütün məlumatlar isə yerli təhsili idarəetmə orqanlarına təqdim olunacaq.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov da hesab edir ki, ”Yay məktəbi” pandemiya şəraitində uşaqların öyrənmə vərdişlərində yaranmış boşluqların qismən də olsa bərpası üçün bir imkandır. O, “Yay məktəbi”ni seçməyin niyə vacib olduğunu da açıqlayıb:

“”Yay məktəbi” Azərbaycan təhsil mühitində bir ənənə halını almalı və möhkəmlənməlidir. Qəbul etməliyik ki, öyrənmənin fəsli və qeyri-münbit dövrü olmur. Hər birimiz də bilirik ki, məktəb uşaqların ünsiyyət və öyrənməsi üçün ən yaxşı məkandır. Tez-tez istinad etdiyimiz inkişaf etmiş ölkələrdə şagirdlər artıq may ayından yay tətilini necə keçirəcəkləri, hansı müəllimlə məşğul olacaqları və hansı kitab klublarına yazılacaqları barədə məlumatlı olurlar. Etiraf etməliyik ki, valideynlər bir çox hallarda uşaqların erkən yaş dövrlərində əyləncələrinə daha çox diqqət yetirir, nəinki təliminə. Bir çox hallarda yanaşma belədir: “Qoyun, uşaqlar uşaqlıqlarını yaşasınlar”. Məgər, kitab oxumaq, onu müzakirə etmək, müxtəlif kurslara, dərnəklərə getmək uşaqlığa aid deyilmi?”

Nazirlik rəsmisi, həmçinin əlavə edib ki, tədqiqatlara görə, uzun yay tətillərinin olması aqrar epoxasından qaynaqlanır. Belə ki, uşaqlar tarlalarda işləyən valideynlərinə əkin-biçində kömək edirdilər, postsənaye əsrində isə bu yanaşma bir qədər dəyişib: “Uşaqlar indi kod yazmağı, xarici dil öyrənməyi, rəqəmsal alətlərlə işləməyi, şəkil çəkməyi daha çox istəyirlər. Və ən başlıcası uzun müddət ünsiyyət azlığından əziyyət çəkən uşaqlar yaşıdları ilə birgə bölüşməyi hamıdan çox istəyirlər. Bunun üçün də məktəblərdə 16-30 iyun tarixlərində təşkil olunacaq iki həftəlik yay məktəblərindən lazımınca yararlanmağı təklif edərdim. Necə deyərlər, mavi səma, canlı ünsiyyət, əyləncəli və öyrədici məzmun, ən başlıcası doğma məktəb sizi gözləyir, əziz şagirdlər!”

Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu isə deyib ki, “Yay məktəbi”nin təşkili bütün məktəblər üçün keçərlidir:

“Yay məktəbi”ndə I sinifdən başlayaraq X sinifə qədər hər kəs iştirak edə bilər. Əgər qrupda az sayda uşaq olarsa paralel siniflərin birləşdirilməsi, optimallaşdırma aparılması nəzərdə tutulur. Bütün sinif müraciət edərsə, o zaman yarımqruplar şəklində təşkil olunacaq. 16-30 iyun tarixləri arasında bizim 10 dərs günümüz olacaq. Hər gün 4 saat dərs keçiriləcək. Bu dərslərin böyük əksəriyyəti tədris dilinin, riyaziyyatın, xarici dilin bir qismi də məktəbin pedaqoji şurasının təklifinə əsasən digər fənlərə ayrılacaq. Bir dərs müddəti 45 dəqiqə olacaq.“Yay məktəbi”ndə dərs deyəcək müəllimlər isə məktəbdaxili tənzimlənmə vasitəsi ilə seçiləcəklər”.

O qeyd edib ki, “Yay məktəbi”ndə tədris vahid proqram əsasında aparılmayacaq və şagirdlərin məktəbli formasında olması tələb edilməyəcək. Eyni zamanda, “Yay məktəbi”ndə dərs deyəcək müəllimlərə əlavə vəsait ödənilməyəcək: “İyun ayının sonuna qədər müəllimlər dərs yükünə uyğun maaş alırlar. Ona görə də onlara əlavə ödəniş nəzərdə tutulmur. Müəyyən rəğbətləndirmə tədbirləri ola bilər”.

V.Yaqublu həmçinin vurğulayıb ki, iki həftəlik “Yay məktəbi” bitdikdən sonra müddətin yenidən uzadılması nəzərdə tutulmayıb: “Açıq havada və ya məktəbin həyətində dərs keçmək yaxşı ideyadır. Lakin məktəbdənkənar ərazilərdə bunu təşkil etmək düzgün deyil”.

Yeri gəlmişkən, Təhsil Nazirliyi “Yay məktəbi”nin təşkili barədə qərarını açıqladıqdan sonra əksər özəl orta məktəblər də təhsilalanlara “Yay məktəbi” proqramı təklif etməyə başlayıblar. Özəl məktəblərin bu proqramı isə ödənişlidir. 1 ay üçün qiymətlər 100-250 manat arasında dəyişir. “Yay məktəbi” proqramı çərçivəsində aşağıdakı xidmətlər təklif edilir:

Şahmat

 Rəqs

Film saatı

 Ekskursiyalar

Nahar fasiləsi

 Mental arifmetika

 Riyaziyyat

 Rus dili

 İngilis dili

Conversation club

Məntiqi təfəkkürün İnkişafı

Rəsm

Robotiks, kodlaşdırma və 3D modelləşdirmə dərsləri.

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov da “Yay məktəbi”nin əhəmiyyətinə toxunaraq deyib ki, indiki şəraitdə belə bir proqramın həyata keçirilməsi olduqca zəruridir:

“Məlum olduğu kimi, 2020-ci ilin mart ayından etibarən pandemiya səbəbindən dərslər dayandı və şagirdlər yalnız onlayn - distant formada dərslərə qoşuldular. Əlbəttə ki, 4447 orta məktəbdə təhsil alan 1.6 milyon şagirdin hamısı bu formatda dərslərə - internet və alət olmadığı üçün - qoşula bilmədi. Bu mənada müəyyən fənlərin, xüsusi ilə texniki və humanitar fənlərin keyfiyyətli tədrisi bir il ərzində təmin edilməyib. Ona görə də 16 iyundan etibarən orta məktəblərdə 1-10-cu siniflər üçün təşkil ediləcək “Yay məktəbləri” olduqca zəruridir. Belə ki, 1 ildən çox müddət ərzində şagirdlər tərəfindən öyrənilməyən və ya zəif öyrənilən mövzulara təkrar qayıtmaq imkanı olacaq. Digər tərəfdən isə burada yalnız əsas fənlər üzrə tədris həyata keçiriləcək ki, bu da şagirdlərə vacib bilikləri, növbəti sinifdə lazım olacaq məlumatları dərindən öyrənmək imkanı verəcək. Lakin düşünürəm ki, yay məktəblərinin hibrid formada yox, tam şəkildə, bütün günlər ərzində təşkil edilməsi vacibdir. Çünki hibrid formada şagirdlər 2 həftə ərzində yalnız 4-6 gün məktəbə gedəcək ki, bu da yetərli deyil. Lakin ümumilikdə“Yay məktəbləri”nin pulsuz və könüllü təşkil edilməsi hər kəs üçün əlçatanlığı təmin edəcək. Ona görə də valideynlərə tövsiyyə edərdim ki, bu imkandan istifadə etsinlər”.

Oxunma sayı 1586