Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev yenidən ölkəmizi, bölgəmizi yaxından maraqlandıran bir çox məsələlərlə bağlı məsələlərə dair mövqeyini açıqladı. Özü də bu bəyanatlar keçmiş prezidentlər, diplomatlar, siyasətçiləri özündə cəmləyən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi kimi bir platforma çərçivəsində səsləndirildi. Mərkəzdə təmsil olunan şəxslərin kimliklərinə diqqət yetirək:
Dünya Bankının sabiq vitse-prezidenti İsmail Seragəldin, Latviya Respublikasının sabiq Prezidenti Vayra Vike-Freyberqa, Ağ evdə 2005-2007-ci illərdə ABŞ-ın Milli Təhlükəsizlik Şurasında Cənubi və Mərkəzi Asiya Məsələləri üzrə direktor, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi və Nazarbayev Universitetinin İdarə Heyətinin üzvü Deyvid Merkel, 2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini, 2008-ci ildə Gürcüstanın xarici işlər naziri olmuş xanım Eka Tkeşelaşvili, 2002-2010-cu illərdə İsrailin xarici işlər naziri olmuş Tzipi Livni,2005-2010-cu illərdə Ukraynanın Prezidenti olmuş Viktor Yuşşenko... Bu siyahı kifayət qədər genişdir. Özü də “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr illərdir dünya siyasətində iz qoymuş bu şəxslərin dövlət başçımızla birbaşa sual-cavab konteksində aparılıb.
Ümumiyyətlə, istər 44 günlük müharibə dövründə, istərsə də post-müharibə mərhələsində Prezident İlham Əliyevin dünyanın 26 aparıcı mediasına verdiyi müsahibələr, yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında media qurumlarının çoxlu sayda sualını cavablandırması, ayrı-ayrı tədbirlərdəki çıxışları və bəyanatları ölkənin yeni informasiya strategiyası çərçivəsində şərh olunur. Yeni informasiya strategiyası Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsi, regionda və dünyada baş verən mühüm proseslərə dair Azərbaycanın mövqeyini ifadə edən müvafiq mesajların daha effektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırılması, postkonflikt dövrdə regionun gələcəyi ilə bağlı planlar, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri, ermənilərin vandallığı, bunun mənəvi və hüquqi nəticələri barədə dünyaya geniş məlumatların verilməsi aspektində birmənalı qarşılanır.
Yeni İnformasiya strategiyası ətrafında mövcud vəziyyəti “hafta.az-a şərh edən ekspertlər mühüm amilləri önə çəkiblər.
Elşad Mirbəşir, Milli Məclisin deputatı:
- Bütün fəaliyyət istiqamətlərində uğur qazanamaq üçün mütləq onun informasiya əsası olmalıdır. “Əgər informasiyaya maliksənsə, informasiyaya sahibsənsə, deməli, silahlısan, güclüsən” - məşhur yanaşmanı xatırlayaq.
Azərbaycan Prezidenti bu reallığı köklü şəkildə dəyişdi
Azərbaycan Prezidenti cənab İlham Əliyev hərbi müstəvidə olduğu kimi, informasiya sahəsində də dövlətimizin sərkərdəsi rolunda çıxış etdi və etməkdədir. Qeyd etmək lazımdır ki, Prezident Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük fədəkarlıq göstərdi. Çox vacib məqam ondan ibarətdir ki, son dövrlərə qədər dünya ictimaiyyəti artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qeyri-obyektiv mövqe sərgiləyirdi. Prezidentin gərgin əməyi, fəaliyyəti nəticəsində vəziyyət köklü şəkildə ölkəmizin xeyrinə dəyişdi. Son illər demək olar ki, bütün beynəlxalq platformalarda münaqişənin tənzimlənməsi yolunun məhz Azərbaycanın ərazi bütövlüyündən keçməsi məsələsi qabardılırdı. Bu, Azərbaycan Prezidentinin formalaşmış olduğu siyasi reallıq idi. Təbii ki, bu informasiya mübarizəsində də bizim çox böyük strateji qələbəmiz idi. Dünya artıq Azərbaycanın haqlı mövqelərini qəbul edirdi və eyni zamanda da bununla barışırdı. Bildiyiniz kimi, dünya erməniçiliyi həqiqətlərin təhrif edilməsi istiqamətində intensiv fəaliyyət göstərib. Dünyanın çaşdırılması onların maraqlarına cavab verən nəticələrə də gətirib çıxarırdı.
Azərbaycan Prezidenti bu reallığı köklü şəkildə dəyişdi. Hücum diplomatiyası strategiyasının mühüm kompanentini məhz informasiya sahəsində sistemli fəaliyyət təşkil edirdi. Ölkə Prezidentinin bu cür strateji baxışı və yanaşması informasiya mübarizəsində Azərbaycanın mövqelərini gücləndirdi və 44 günlük vətən müharibəsinin informativ və siyasi kompanentlərini formalaşdırdı. Xatırlatmaq yerinə düşər ki, 44 günlük vətən müharibəsi dövründə Azərbaycan Prezidenti dünyanın ən aparıcı kütləvi informasiaya vasitələrinin təmsilçilərinə müsahibələr verdi, Azərbaycan həqiqətlərini çox ciddi arqumentləşdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Xüsusi olaraq vurğulamaq lazımdır ki, əksər hallarda cənab Prezidentə ünvanlanan suallar mərkəzi qərəz formasında səsləndirilirdi. Ölkə Prezidenti bunları sualı ünvanlayanların diqqətinə çatdırırdı və nümayiş etdirirdi ki, o, sualındakı qərəzi açıq duyur. Bununla yanaşı çox ustalıqla, çox böyük siyasi təmkin nümayiş etdirərək, jurnalistin yanlış mövqeyini göstərirdi, eyni zamanda, Azərbaycanın ədalətli mövqelərini çox inamla müdafiə edirdi. Bu Vətən müharibəsi dövründə elə bir kütləvi informasiya vasitəsinin təmsilçisi olmadı ki, cənab Prezidentin qoymuş olduğu arqumentlərə qarşı mövqe sərgiləsin. Bu da ölkə Prezidentinin əsl mənasında diplomat, informasiya müharibəsinin sərkərdəsi olduğunu nümayiş etdirdi. Bundan sonrakı mərhələdə artıq Azərbaycan informasiya müstəvisində də özünün güc mövqeyi ilə çıxış etməkdədir. Hesab edirəm ki, artıq Azərbaycanın informasiya alətləri özünün effektivliyini nümayiş etdirməkdədir və bundan sonra da biz ancaq bunu müşahidə edəcəyik. Bütün istiqamətlərdəki potensialımız informasiya müstəvisində də bizim çox təsirli, miqyaslı potensiyalımızı şərtləndirmişdir. Bütün bunalar ölkə Prezidentinin proseslərə praqmatik yanaşmasının bariz nümunəsidir.
Qulu Məhərrəmli, media eksperti, professor:
Prezidentin dünya KİV-ə, xüsusən Rusiya və Türkiyə televiziya kanallarına və digər media qurumlarına müsahibələri xüsusi önəm daşıyır. Onun fikrincə, indiyə qədər mətbuata çox az müsahiblər verən Prezident 44 günlük Qarabağ savaşında hər gün bu və ya başqa transmedia qurumlarına müsahibələr verməklə Azərbaycanı informasiya blokadasına alınmaqdan qorudu.
Prezident özünün intellekti, problemləri görmə, duyma və çatdırma imkanları ilə bu məsələlərə aydınlıq gətirdi
Hər halda erməni diasporasının, onun güclü lobbisinin Avropada, Amerikada müəyyən təsirləri var. Belə bir çərçivəni dağıtmaq, parçalamaq və Qarabağ haqqında həqiqətləri demək hava-su kimi lazım idi. Nə yaxşı ki, ölkə Prezidenti özünün intellekti, problemləri görmə, duyma və çatdırma imkanları ilə bu məsələlərə aydınlıq gətirdi. Xüsusən Rusiya telekanallarına verilən müsahibələri qeyd etmək istəyirəm. Azərbaycana qarşı ən çox və ən qərəzli məlumatlar Rusiyadan ötürülürdü. Ona görə də Prezidentin istər televiziya kanallarına, istər TASS informasiya agentliyinə verdiyi müsahibələr bir neçə aspektdə xüsusi əhəmiyyət kəsb edir. Qarabağ haqqında həqiqətlərin söylənməsi, mövcud durum və regiondakı geosiyasi vəziyyət, erməni yalanlarının ifşa edilməsi, həqiqətlərin çatdırılması, xarici kütləvi informasiya vasitələrinin problemə yanlış və qərəzli yanaşmasının ifşası baxımından bunlar çox mühümdür. Prezidentin Almaniyanın nüfuzlu kanallarından birinə verdiyi mesajları, BBC-nin gözlənilməz və çox qərəzli müsahibəsini xüsusilə qeyd eləmək istəyirəm. Yəni görünən odur ki, heç kim həqiqəti eşitmək istəmir. Ona görə də bəzən alınan müsahibələr Avropa cəmiyyətinə olduğu kimi çatdırılmadı. Xüsusilə BBC kimi nüfuzlu kanalın yanaşması bizim üçün çox qüsurlu oldu.
Müharibənin gedişatında Prezidentin verdiyi müsahibələr Azərbaycan mediası üçün xeyli mövzu və istiqamət baxımından faydalı oldu. Yəni verilən müsahibələrdə qoyulan məsələlər fundamental məsələlər idi və yerli mediada bundan bir mənbə olaraq dürüst istifadə eləməyə çalışdı.
Bu məsələlərdə illüziyalara qapılmaq olmaz. Prezidentin verdiyi müsahibələr bəlli bir dövrün problemlərini dünyaya çatdırdı, aydınlıq gətirdi.
Prezidentin işi təkcə bundan ibarət deyil. Siyasi, diplomatik gedişlər, görüşlər, mesajlar, münasibətlərin qurulması məsələsi də var. Faktiki olaraq burada söhbət Azərbaycanın özünün yeni informasiya strategiyasından gedə bilər. Bunun da elmi cəhətdən işlənib hazırlanması vacib olan məsələdir. Gəlin görək, müharibədən sonra biz bu sahədə nə edə bilmişik. Bizə elə gəlir ki, filan yerdə tədbir keçirildisə və haqqında 10 qəzetdə məqalə çap olundusa, bu oldu informasiya müharibəsi. Bu, adi təbliğatdır. Bu təbliğatla informasiya müharibəsinin birbaşa əlaqəsi yoxdur. Bu, sadəcə onun kiçik elementi ola bilər. İnformasiya müharibəsi tamam başqa anlayışdır, informasiya strategiyasının bütün parametrləri işlənib hazırlanmalıdır və onun üzərində də informasiya siyasəti qurulmalıdır. Dərin təəssüf hissi ilə deməliyəm ki, hələlik bu sahədə ciddi uğurlarımız yoxdur. Hər şeyi Prezidentin öhdəsinə buraxmaq, onu həm də bu sahədə önə vermək bəlli bir dövr üçün özünü doğrulda bilər. Ümumiyyətlə, elə bir informasiya siyasəti aparmalıdır ki, onun özü də Prezidentə bu və ya digər formada yardım eləsin.
Hər şeyin bir özəlliyi və mexanizmi var. Bu proses də bir mexanizm, elmi əsaslar üzərində qurulmalıdır. Azərbaycanın yerləşdiyi regionu və bədnam qonşuları nəzərə alaraq, daim ayıq-sayıq olmalıyıq, işləməliyik ölkənin informasiya maraqlarını və informasiya təhlükəsizliyini qorumalıyıq.
Elçin Şıxlı, media eksperti:
Prezident bundan əvvəl 17-18 il ərzində xarici və yerli jurnalistlərə cəmi 3-4 dəfə müsahibə verib. Vətən Müharibəsi, II Qarabağ savaşı dövründə özü həm hərbi, həm informasiya savaşında sinəsini qabağa verdi və müsahibələr verərək həqiqətləri dünyaya çatdırdı. Müsahibə verəndə də hər jurnalistin dilində danışdı. Yəni ingiliscə, rusca, Anadolu türkcəsində danışdı, öz dilimizdə danışdı. Yəni Prezident öz timsalında bu ölkənin üzünün, simasının nədən ibarət olduğunu göstərdi. Xarici media qarşılarında ermənilərin bizim haqqımızda yaratdığı təəssüratın tam tərsini gördülər. Həm müasirdir, həm millidir, həm öz dinini, imanını bilən adamdır. Bütün sualları da doğru-düzgün bildiyi üçün hamısının cavablarını verib yerində otuzdurdu. Prezidentin informasiya savaşını uğurlu hesab etmək olar, bu həm hərbi savaş idi, həm də informasiya savaşı.
Prezident öz timsalında bu ölkənin üzünün, simasının nədən ibarət olduğunu göstərdi
E.Şıxlı Fransanın - Makronun simasında, eləcə də ABŞ Dövlət Departamentinin bəyanatları, Azərbaycana qarşı təzyiqlərin, təsirlərin ölkəmizin qələbəsini kölgələmək, Azərbaycanın zəfərini həzm edə bilməmək kontekstində dəyərləndirib. O bildirib ki, bu ölkələrin Prezident tərəfindən verilən informasiyaları doğru-düzgün qəbul etmək istəməməsi onların siyasi maraqlarının, prosesə ikili yanaşmalarının təzahürüdür:
“Onlar işin nə yerdə olduğunu çox gözəl bilirlər. İnformasiyanı qəbul eləməyə ehtiyacları yoxdur. Lap əvvəldən Azərbaycana qarşı baş verən işğal prosesində işin nə yerdə olduğunu bilirlər, amma həzm eləyə bilmirlər. Birinci səbəb ondan ibarətdir ki, həm birləşmiş Ştatlarda, həm də Fransada erməni diasporası çoxdur. Ermənilər onların vətəndaşları və onların seçiciləridir. Onlar biz azərbaycanlıları tanımırlar, erməniləri isə tanıyırlar. Bəzi iddialara görə Makronun damarında erməni qanı var. Yəni Makron gözəl bilir ki, regionda nə baş verir. O, Fransanın dövlət dəyərlərini qorumur, öz şəxsi maraqlarından çıxış edir. Sabah seçkilər gələndə erməni icmasının həm maddi, həm seçici kimi dəstəyinə ehtiyacı olacaq.
Amerikaya gəlincə, təsəvvür edin ki, təkcə Koliforniyada hər 5-6 nəfərdən biri ermənidir. Ermənilər orada çoxdur və oranın əməkdaşıdırlar. Orda daha çox cənubi azərbaycanlılar yaşayır, sayları 1 milyona qədərdir. Onlar bizi özlərinki saymırlar, yəni bizi orda təzə-təzə tanımağa başlayıblar. Burada xristian-müsəlman məsələsi də var. Əgər xristian olsaydıq, məsələyə başqa cür yanaşılardı. Ola bilər ki, bu səbəb sonuncu yerdədir. Biz fərdiyyətçilikdə çox güclüyük, amma təşkilatlanmada zəiflik var. Təşkilatlanmağı öyrənirik. Əgər təşkilatlana bilməsəydik, 44 günlük müharibədə qələbə qazana bilməzdirk. Ekstremal vəziyyətlərdə bunu edə biliriksə, sülh şəraitində də bunu öyrənəcəyik”.