Yeniyetmələrdə pis vərdişlərə meylilik

11:27 27.04.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu dövrdə müşahidə olunan bir çox xüsusiyyətlərin kökü məhz körpəlikdən başlayır

Yeniyetməlik dövrü hər bir insanın həyatında mühüm rol oynayan bir dövr hesab olunur. Çünki bu dövrün necə başa vurulması şəxsiyyətin gələcək həyatında həlledici rol oynayır. Qeyd edək ki, yeniyetməlik 11-12 yaşdan başlayaraq 14-15 yaşadək orta məktəbin beşinci-səkkizinci sinif şagirdlərini əhatə edir. 11-13 yaşlı oğlan və qızları adətən kiçik yeniyetmə, 13-15 yaşlıları isə böyük yeniyetmə adlandırırlar. Bu dövr özünün praktik əhəmiyyəti, pedaqoji çətinlikləri və uşaq şəxsiyyətinin dinamikasında baş verən psixoloji xüsusiyyətləri ilə diqqəti cəlb edir.

Yeniyetməlik dövrünün əsas xüsusiyyətləri uşağın öz "mən"ini qabartması, heç kəsi qəbul etməməsi və özünün fikirlərinin hər kəsinkindən daha düzgün hesab etməsidir. Şəxsiyyətin və onu əhatə edən yaxınların bu dövrdən nə dərəcədə müvəffəqiyyətlə çıxacaqları hər birisi üçün çox önəmlidir. Ona görə də bu dövr yeniyetmələrlə yanaşı, valideynlər üçün də ən narahatedici dövrlərdən biri hesab edilir. Bu dövrdə bəzi yeniyetmələrin valideynləri uşaqlarının aqressiv, kobud, bədbin, özünə qapanmasından şikayətlənirlər. Əslində yeniyetməlik dövründə yaranmış bir sıra psixi problemlər, o cümlədən özünəinamsızlıq, özünəqapanma halları, sosial fobia, zərərli vərdişlərə meyllilik gələcək illərdə geri dönüşü olmayan böyük psixoloji travmalara aparıb çıxarır. Beləliklə, zərərli vərdişlərin yeniyetmə və gənclərə vurduğu yaraların fəsadları çox ağır, sağalmaz olur, nəticədə bu vəziyyətdən bütün cəmiyyət əziyyət çəkir, gələcəyimiz üçün təhlükələr yaranır. Mütəxəssislər hesab edirlər ki, bu cür neqativ hallara qarşı cəmiyyət tərəfindən mübarizə aparılmalı, gənclərin asudə vaxtlarının səmərəli təşkilinə nail olunmalı, yeniyetmə və gənclərin sağlam mühitdə böyümələri, təhsil və tərbiyə almaları üçün davamlı olaraq müxtəlif məzmunlu maarifləndirici tədbirlər keçirilməlidir.  

Ekspertlər vurğulayırlar ki, adətən yeniyetməlik dövründə bir çox yeniyetmələrdə təlimə maraq azalır. Onlar daha çox vaxtlarını öz  həmyaşıdları ilə keçirməyə, kompüterdə sosial şəbəkələrdə əlaqələr  qurmağa, oyunlar oynamağa səy göstərirlər. Belə halların baş verməməsi  və valideynlər tərəfindən qarşısını almaq cəhdləri təzyiqlə müşahidə edildikdə yeniyetmələrdə daha çox iki davranış halı müşahidə olunur. Uşaq ya kəskin, aqressiv reaksiya ilə valideynlərinə qarşı çıxış edir və ya tədricən özünə qapanır, inamsızlıq, ümidsizlik hissləri onu bürüyür.  Hər iki hala valideynin diqqət yetirməsi vacib hesab olunur. Xüsusulə özünəqapanma hallarında olan yeniyetmələrdə daha çox özünəqəsd, evi tərk etmə və s. kimi hallar müşahidə edilir. Belə yeniyetmələr ilk baxışda sakit, sözə qulaq asan, valideynlərinə tam tabe olan şəxs təsəvvürü yarada  bilər. Lakin yadda saxlamaq lazımdır ki, o bütün hisslərini daxilə qapayır və daxili özünütəhlil ilə məşğuldur. Valideynlər belə övladlarına qarşı daha diqqətli olmalıdırlar.

Bəzi ekspertlər isə hesab edirlər ki, yeniyetməlik dövründə uşaqda qabarıq üzə çıxan bir çox xüsusiyyətlər heç də o dövrdə formalaşan xüsusiyyətlər deyil. Bu dövrdə yeniyetmədə müşahidə olunan bir çox xüsusiyyətlərin kökü məhz körpəlik dövründən başlayır. Belə ki, körpəlik dövründə valideynin uşağa yanaşması, onlar arasında olan münasibət gələcəkdə həm yeniyetmənin, həm də valideynin bu dövrü daha uğurla, problemsiz keçməyinə zəmin yaradır. Əgər körpəlik yaşlarından valideyn öz övladı ilə səmimi, səmərəli münasibətlər qura bilməyibsə, övladına bir şəxsiyyət kimi yanaşmayıbsa, onda müstəqil olaraq düzgün qərarlar qəbul etmək, nəticə çıxarmaq kimi bacarıqlar, obyektiv özünüqiymətləndirmə  formalaşdırmayıbsa, sözsüz ki, gələcəkdə yeniyetməlik dövründə valideynlə yeniyetmə arasında anlaşılmazlıqların olması və bu  dövrün daha çətin keçirilməsi labüddür.

Bu dövrdə uşaqlarda zərərli vərdişlərə meyllilik, zərərli “dostluq”ların qurulması halları da müşahidə olunur. Zərərli vərdişlər insan sağlamlığına zərər vurur və ona məqsədlərini həyata keçirməyə, həyat ərzində öz imkanlarını tam istifadə etməyə mane olur. Bu baxımdan kimlərin zərərli vərdişlərə asılılığa olduğunu təsbit etmək və bilmək əhəmiyyətlidir. Çünki yeniyetmə və ya gənci asılılığa itələyən ailəvi, ictimai, genetik kimi səbəblər vardır. Araşdırmalara görə, zərərli maddələrin istifadəsi ümumiyyətlə erkən yaşlarda başlayır. 15 yaşından əvvəl başlamaq ən pis gedişin işarəsidir. Başlanğıc ən çox 15-25 yaş arasındadır. 25 yaşından sonra başlayanların sayı kifayət qədər azdır. Əsas rast gəlinən pis vərdişlər isə tütün məmulatlarından istifadə, spirtli içkilərin qəbulu, narkotik maddələrdən istifadə və internet asılılığıdır. ÜST-ün məlumatına görə dünya ölkələrinin çoxunda ən çox rast gəlinən və ən çox ölümə gətirib çıxaran səbəblər arasında ilk sırada ağciyər xərçəngi durur. Son 40 ildə iki dəfədən artıq artım göstərən ağciyər xərçənginə yalnız ABŞ-da hər il 160 min adam tutulur. Türkiyədə isə hər il 30-40 min adamda ağciyər xərçənginə rast gəlinir. Çox təəssüf ki, Azərbaycanda da bu rəqəmlər kiçik deyil və artan templə gedir. Hətta son illər gənclər arasında bu xəstəliyə yoluxanlara daha tez-tez rast gəlinir. Təbii ki, yeniyetmələrin siqaret çəkməsi bu zərərli vərdişə aludə olan digər yaş kateqoriyası ilə müqayisədə daha təhlükəlidir. Belə ki, erkən yaşdan siqaret çəkənlərdə orqanizm inkişafdan qalır, immun sistemi zəifləyir. Yeniyetmələr siqaret çəkdikdə onların sümük əzələ sistemi, ağciyərlərində ciddi problemlər meydana çıxır. Bronxlarda, ağciyərlərdə təhlükəli xəstəliklərin meydana gəlməsinə münbit şərait yaranır. Hətta ağciyər xərçəngi də əsasən erkən yaşdan siqaret çəkənlərdə müşahidə olunur.

Spirtli içkilərə vərdişin ən çox zərərə səbəb olduğu orqan isə beyin hesab edilir. Spirtli içkinin birbaşa təsiri məntiqli düşünmə, qərar vermə və hərəkət etmə qabiliyyətlərini pozur, yaddaşı zəiflədir. Alkoqol beyin hüceyrələrini öldürdüyü üçün zamanla beyin kiçilir. Erkən yaşlanmaya və ağılını itirməyə yol açır. Alkoqol istifadə edən insanlarda yuxu pozğunluqları və uzun müddət yuxuya getsələr belə, yorğun qalma şikayətləri tez-tez görülür. Bu təsir, spirt qəbulunun dərhal sonra görsənir və ciddi qəzalar, yaralanmalar və hətta ölümlərə səbəb olur. Spirtli içkilər həmçinin depressiya, narahatlıq, qəzəb, iş və məktəb həyatında problemlər, insanlarla münasibətlərdə problemlər, hallüsunasiya, davranış qüsurları, nitq qüsurları, həyəcan, intihara meyllilik, məsuliyyətsizlik, asan günah işlətmə, təcavüz, oğurluq, adam öldürmə, ruhi pozğunluqlar kimi ciddi problemlərə yol açır.

Yeniyetməlik dövründə narkotik maddələrdən istifadəyə meylliliyin  artması isə uşaqların evdə daha az vaxt keçirməsinə, tanımadığı yeni “dostlar” qazanmasına, ailədən uzaqlaşmasına səbəb olur. Belə uşaqlar həmçinin məsuliyyət götürməkdən və sosial fəaliyyətlərə girməkdən çəkinirlər, həddindən artıq pul xərcləməyə başlayırlar. Yeniyetmələrin narkotik maddələrdən istifadə etməyə başlama səbəbləri isə daha çox maraq, problemlərə həll axtarmaq, problemlərdən qaçmaq, rəğbət toplamaq, əylənmək, “dostlar”ın təzyiqidir.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən psixoloq Vəfa Rəşidova deyib ki, yeniyetməlik ən həssas yaş dövrlərindən biridir:

"Bu dövr yeniyetmə üçün heç də asan bir dövr sayıla bilməz. Buna görə də övladı yeniyetməlik dövrünə qədəm qoyduqda valideynlərdə qeyri-ixtiyarı bir qorxu baş qaldırır. Toplumun beyninə yeridilmiş ümumi bir fikir var, uşaqlar bu yaş dövrünə gəldiyi zaman çox diqqətli olmaq lazımdır, övladım kiminlə dostluq edəcək, hara gedəcək-hardan gələcək, nə kimi işlərlə məşğul olacaq və s. kimi fikirlər valideynlərdə aşırı bir qorxuya səbəb olur. Və valideyndən övladına qarşı diqqət getdikcə artmağa başlayır. Birdən mən uşağıma yaxşı diqqət edə bilmərəm, nəzarət altında saxlaya bilmərəm, gedər başqa adamlara qoşular və s. düşüncəsiylə daha mühafizəkar davranmağa başlayır. Valideynin bu mühafizəkar davranışı get-gedə təzyiqə çevrilir ki, çox yeniyetmə də bunu qəbul edə bilmir. Çünki belə vəziyyətdə yeniyetmə özünü sıxılmış, daima nəzarət altında hiss edir və bundan şikayətlənməyə başlayır, rahatlığı isə onu anlayan “dostlarda” tapır. Ona görə də valideynlər bu yaş dövründə övladlarına yanaşmada maksimum diqqətli olmalıdırlar. Validyenlər uşağin ehtiyacı olan isti ocağı, isti mühiti öz evlərində yaratmağı bacarmalıdırlar ki, uşaqlar da ətrafa çox meyl etməsinlər, rahatlığı və hüzuru evdən kənarda hansısa dırnaq arası dostluqlarda, düzgün olmayan mühitlərdə axtarmağa cəhd etməsinlər”.

Oxunma sayı 179