Zəlzələdən zərərçəkmişlər üçün Səudiyyə Ərəbistanında 57 milyon dollar toplanıb

09:30 11.02.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı "əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkmiş bölgələrə humanitar yardım daşıyan daha 2 təyyarə göndərib.

Hafta.az-ın SPA-ya istinadən yazdığına görə, axtarış-xilasetmə qruplarını daşıyan 2 təyyarə Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanından Türkiyəyə yola düşüb. Bildirilib ki, sözügedən qrup Türkiyə və Suriyada axtarış-xilasetmə işlərində iştirak edəcək.

Səudiyyə Ərəbistanının bu çərçivədə Türkiyəyə daha əvvəl də 3 təyyarə göndərdiyinə diqqət çəkilən xəbərdə son göndərilənlərlə bu ədədin 5-ə çatdığı qeyd edilib.

Ər-Riyad administrasiyası tərəfindən fevralın 9-da cümə axşamı göndərilən ilk 2 təyyarədə 98 ton ərzaq, çadır, yataq kisəsi, ədyal və tibbi ləvazimat, eləcə də axtarış-xilasetmə və ilk yardım qrupları göndərilib, bu gün səhər saatlarında göndərilən üçüncü təyyarə ilə isə 104 ton 62 kiloqram yardım aparılıb.

Krallığın zərərçəkmişlərə dəstəyi sadəcə 5 təyyarə ilə yekunlaşmır. Belə ki, Kral Salman Humanitar Yardım Mərkəzinin "Sahem" Platforması (KSRelief) tərəfindən Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlər üçün başladılan yardım kampaniyasında indiyədək təxminən 216 milyon rial (təxminən 57 milyon dollar) ianə toplanıb və bu həcm hər keçən saat daha da artır.

Platformanın saytında açıqlanan məlumata görə, indiyədək kampaniyada iştirak edənlərin sayı 624 min nəfərə çatıb.

KSRelief-in sözçüsü Dr. Samir əl-Cuteyli yerli televiziyaya açıqlamasında zəlzələdən zərərçəkmişlərə yardım toplama kampaniyasında iştiraklarına görə Səudiyyə xalqına təşəkkür edib və onları bu humanitar prosesdə daha fəal olmağa çağırıb.