Yanvarın 4-də “Sity Service Company” və “Mangal Steak House” restoranlar şəbəkəsinin birgə təşkilatçılığı ilə “Zuğulba Saray”da uşaqlar üçün Yeni il şənliyi təşkil keçirilib. “Alisa və dostlarının Yeni il macəraları” adlı şou-proqramda Bakının Xəzər rayonundakı uşaq evlərindən, şəhid ailələrindən, aztəminatlı ailələrdən, rus icmasından və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindən 600-dək uşaq iştirak edib.
Hafta.az xəbər verir ki, uşaqların şənliyin keçirildiyi ünvana çatdırılması üçün xüsusi avtobuslar təşkil olunub. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin, “Şəhid Ailələrinə Qayğı” Cəmiyyətinin nümayəndələri də iştirak edib.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorları və Moskvadan dəvət olunmuş incəsənət nümayəndələrinin ifasında canlandırılan səhnəciklər balacalarda xoş ovqat yaradıb. Şənlikdə həmçinin uşaqlar üçün sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının bir-birindən maraqlı çıxışları təqdim olunub. Cizgi filmlərinin qəhrəmanlarını canlandıran səhnəciklər uşaqların xüsusi marağına səbəb olub. Şən mahnı və rəqslər, fləşbom oyunları da balacaların bayram sevincinə xüsusi gözəllik qatıb. Tədbir boyu qış nağılını xatırladan sarayda uşaqlar sevimli nağıl qəhrəmanlarının əhatəsində olub, onlarla birlikdə şənləniblər.
Tədbirdə iştirak edən uşaqların hər birinə bayram hədiyyəsi təqdim olunub. “Sity Service Company”nin rəhbəri Namiq Məmmədov bu sosial layihənin növbəti bayramlarda, o cümlədən Novruz bayramında da təşkil ediləcəyini deyib:
“Biz bu xeyirxah missiyanı gələcəkdə də davam etdirmək niyyətindəyikb: “Bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Biz də şirkətimizin korporativ sosial məsuliyyət konsepsiyasına uyğun olaraq, bu istiqamətdə keçirilən tədbirlərdə fəal iştirak etməyə çalışır. Belə ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Mangal Steak House” restoranlar şəbəkəsi ilə birgə belə bir sosial layihə hazırladıq, maraqlı oyunlarla, şou-proqramlarla və hədiyyələrlə onlara diqqət göstərdik. Bu tədbirdə iştirak edən işaqlar gəzintiyə çıxmaq, əyləncəli oyunlara getmək, şənliklərə qatılmaq imkanından məhrumdur. Biz bu sosial layihəni həyata keçirməklə onların da Yeni il şənliklərinə qatılmasına, sevinib-əylənmələrinə şərait yaratmaq istədik. Əminəm ki, bu xeyirxah missiyamız davam edəcək”.
Xatırladaq ki, Yeni il şənliyini Xəzər rayonunun 8 qəsəbəsindən uşaqlar cəlb olunub. Tədbirdə “Sity Service Company” və “Mangal Steak House” restoranlar şəbəkəsi tərəfindən uşaqların hər birinə bayram hədiyyəsi təqdim olunub.