Bəziləri deyirlər ki, 2020-ci ildə məsələni tam bitirmək olardı. Xeyr, həmin dönəmdə onu bitirmək üçün tam şansımız yox idi. Və tutaq ki, Xankəndini də azad etsəydik belə, Qarabağdakı proseslər fərqli bir ssenari ilə davam edəcəkdi. Ola bilərdi ki, o halda ermənilər Rusiyanın dəstəyi ilə Kəlbəcəri və yaxud digər bir ərazini müqavimət üçün əllərində saxlaya bilərdilər.
Bu fikirləri hafta.az-a müsahibəsində keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib:
Söhbət ondan gedir ki, hələlik siyasi qarşıdurma aradan qaldırılmayıb. Bunu anlamaq üçün 2021-ci ildə məğlub Ermənistanda keçirilmiş baş nazir seçkilərində Paşinyanın partiyasının proqramında Qarabağa aid şüarı xatırlayaq: “Xilas naminə ayırmaq!”.
Yəni onların mövqeyi belə idi ki, Qarabağı Azərbaycandan ayırmaq hesabına Ermənistan xilas olunsun. Paşinyan və partiyası bu şüarla hakimiyyətə gəldi. Ondan sonra Ermənistanın büdcəsindən hər il Qarabağdakı erməni rejiminə müəyyən miqdarda, təxminən 300 milyon dollara yaxın vəsait də ayrılır. Beləliklə, demək olar ki, de-fakto Ermənistan Azərbaycan ərazisinin işğalını davam etdirir. Və bunun elementlərini biz görürük. Əvvəla, Ermənistan öz ordusunu Qarabağdan tamamilə çıxarmayıb; “könüllü” adı altında bəlkə də minlərlə əsgər qalıb...
Xarici ölkələrin də məsələyə münasibəti bilinib, yəni onların iç üzü açılıb, əslində nə istədikləri bəlli olub. Bir sözlə, həm Ermənistan, həm də onun havadarları hələ də bizə qarşı işğalçı mövqedə qalmaqdadırlar. Təbii ki, Azərbaycan bir dövlət olaraq buna qarşı öz adekvat siyasətini davam etdirir. Hərbi baxımdan Ermənistanı məğlub etmişik və hazırda qələbənin siyasi hissəsini təmin etmək üçün proseslər gedir. Azərbaycan qardaş Türkiyə və digər müttəfiq ölkələrlə birgə bu məsələdə israrlıdır və ardıcıl şəkildə bu siyasəti həyata keçirir.
Amma bu, bizim seçimimiz deyil, bu, düşmənlərimizin seçimidir. Biz sadəcə, bu mübarizəni davam etdiririk. Əgər biz 2020-ci ildəki savaşdan öncəki durumumuzu nəzərə alsaq, irəliləyiş və bizim qələbəmiz daha aydın hiss olunur. Lakin düşmən hələ də tam şəkildə öz məkrli niyyətlərindən əl çəkməyib. Bu kontekstdə Azərbaycan Dövlətinin ötən 2022-ci ildə Qarabağla bağlı siyasətinin mahiyyəti əsasən ondan ibarət olub ki, Ermənistan öz məğlubiyyətini qəbul etsin və öz məkrli siyasətindən əl çəksin. Bir çox hallarda biz buna nail olmağa yaxın idik, ancaq Ermənistan vaxtı uzatmaqla öz havadarlarının köməyi ilə manevrlərini davam etdirir…"