"İtirən Rusiya olacaq, hüquq sistemi və ədaləti gözdən düşür" – Hikmət Babaoğlu

13:16 31.07.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Cənubi Qafqaz regionunun geopolitik mənzərəsi özünün gərginliyi ilə diqqət çəkir. Regionun şah damarı olan Azərbaycanın yaratdığı reallıqlar Qərbdən Şərqə, Şimaldan Cənuba doğru maraqlı qüvvələri narahat edir. Bu gün dünyanın nəbzi bölgədə döyünür.  Qərb dövlətlərinin, Şimal qonşumuzun narahatlığı təkcə ölkəmizə qarşı Fransada qəbul olunan açıq qərəzli qətnamə ilə deyil, Rusiyadan ölkəmizə yönələn hədələrlə də müşahidə olunur. Görünən odur ki, Rusiya qalmaq üçün bölgədən ikiəlli yapışıb və çırpınır…

Moskvanın Azərbaycana qarşı hansı səbəbdən radikal mövqe tutması müxtəlif aspektlərdə təhlil olunur.

Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Hikmət Babaoğludur.

- Rusiya-Azərbaycan münasibətləri özünün hansı dövrünü yaşayır və mövcud durumu necə dəyərləndirirsiniz?

- Biz müstəqillik tariximizə diqqət yetirsək görəcəyik ki, Rusiya–Azərbaycan münasibətləri heç də düz və hamar olmayıb. Bu münasibətlərdə müxtəlif dövrlərdə enişlər, yoxuşlar, gərginlik və sabitlik halları müşahidə edilib. 1990-cı illərin əvvələrində və ortalarında Rusiya-Azərbaycan münasibətləri özünün ən gərgin mərhələlərindən keçib. Xüsusən 1994-cü ildən 1999-cu ilə qədər olan dövrdə Rusiyanın Cənubi Qafqaza baxışındakı yanlışlıqlar, birtərəfli qaydada Ermənistanı dəstəkləməsi, həmin dövr üçün bu ölkəyə 1 milyard dollarlıq əvəzsiz silah-sursat verməsi və digər məsələlər Rusiya-Azərbaycan münasibətlərinin çox da uzaq olmayan keçmişidir. Bu münasibətlərin sabit bir dövrü də var. Hazırda isə Rusiya–Azərbaycan münasibətlərinin keyfiyyəti arzuolunan və istənilən səviyyədə deyil. Bunun da günahkarı Rusiya Federasiyasıdır. Nəticə etibarilə mülki vətəndaşları daşıyan Azərbaycan sərnişin təyyarsinin Rusiya Federasiyasının hava məkanında Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması heç bir qonşuluğa və heç bir sivil münasibətlərə sığışmayan bir hadisədir. Məsələnin ən pis tərəfi odur ki, Rusiya bu hərəkətini etiraf edib,  münasibətlərin düzəlməsi üçün heç bir addım atmır.  Təbii ki, Rusiyanın bu cür vecsiz davranışı nəticə etibarilə münasibətlərin gərginləşməsinə səbəb olan məqamlardan biridir. Rusiya demokratik, sivil dövlət kimi davranmır, gərginliyin aradan qaldırılması üçün lazım olan qərarları vermir. Ona görə də hazırda Azərbaycan–Rusiya münasibətləri heç də yaxşı olmayan mərhələdən keçir. Səbəblər ortadadır. Bununla yanaşı, hesab edirəm, bu, keçici bir mərhələdir. Bəlkə bir az tez, bəlkə də gec, bu mərhələdə arxada qalacaq. Nəticədə, Rusiya səhvini anlamalıdır. Bununla yanaşı, Rusiya Azərbaycanla qonşu ölkədir və eyni coğrafiyada yerləşdiyi üçün qonşu kimi yaşamağa məhkumdur. Düşünürəm, müttəfiqlik şəraitində Rusiya ilə münasibətlərimiz yeni mərhələyə qədəm qoya bilər. Bunun üçün də Rusiya Azərbaycanın haqlı tələblərinə baş vermis hadisəyə beynəlxalq hüquqa uyğun olaraq qiymət verməlidir. Azərbaycanın tələbi budur.

- Rusiyanın Azərbaycana qarşı hansısa təzyiq imkanları varmı? Hazırda bölgədə sülh məsələsi Rusiyanın maraqlarına cavab verirmi?

- Cənubi Qafqaz 200 ildən çoxdur, Rusiyanın nəzarəti altındadır və 1828-ci ildən bu günə qədər onun iradəsindən kənarda bölgədə heç bir hadisə baş verməyib. İndi isə  artıq vəziyyət dəyişib, tamamilə yeni reallıqlar yaranıb. Görünür, bəzi məsələlərdə Rusiya bu reallığı qəbul edəcək qədər müstəqil və hüquqi dövlət kimi davrana bilmir. Yəni Rusiya özünün imperialist eynəyindən baxanda ona elə gəlir ki, mütləq regionu idarə etmək üçün onlara bir alət lazımdır; bu da Zəngəzur dəhlizi, yaxud regionda başqa bir konflikt olmalıdır ki, Azərbaycanı daim nəzarət altında saxlaya bilsin. Azərbaycan məhz bu alətləri - Qarabağ kartını Rusiyanın əlindən çıxardığı üçün Rusiya belə aqressiv davranır və yeni reallığı qəbul etmək istəmir. Rusiya üçün regionda sülhün yaranması deyil, gərginliyin qalması daha məqbul görünür. Belə olmasaydı, qonşu dövlətlərlə gərginliyə deyil, sabit əməkdaşlığın qurulmasına can atardı və bunu özünün fəaliyyəti ilə təsdiq edərdi.

- Rusiya miqrantlarla bağlı Azərbaycana qarşı hansı addımları ata bilər və bu, Rusiyaya nə verəcək?

- Rusiya normal, demokratik hüquqi dövlət kimi davranıb, münasibətlərin əvvəlki məcrasına qayıtması üçün ilk addımını atmır. Tam əksinə, vəziyyəti gərginləşdirəcək münasibətləri öz təbii məcrasından çıxarmaq üçün əlindən gələni edir. Bunlardan biri Rusiyada yaşayan azərbaycanlılara qarşı, azərbaycanlı miqrantlara qarşı yönələn qeyri-hüquqi cəza tədbirləridir. Bu kimi addımlar vəziyyəti gərginləşdirir. Belə hallarla Azərbaycana təzyiq etmək mümkün deyil. Rusiyanın oynadığı oyunun iki başı var. Bu ikibaşlı oyunda daha çox Rusiya zərər çəkəcək. Bu, nəinki Azərbaycana, həm də özünün vətəndaşlarının qarşısında etibarının itirilməsinə səbəb olacaq. Azərbaycanlılar kimi Rusiyada onlarca, yüzlərlə qeyri-millətən olan xalqlar yaşayırlar. Onlar da vətəndaş bərabərliyi hüququna zidd olaraq, Rusiya hüquq sisteminin milli mənsubiyyətinə görə insanlara fərqli davrandığını görürlər. Beləliklə, Rusiyanın hüquq sistemi və ədaləti gözdən düşür.

- Bu gərginlik fonunda regional layihələrin reallaşmasına təhdid varmı?

- Bölgəyə qlobal layihələr kontekstindən baxanda bəlli olur ki, əslində, regional inteqrasiya, iqtisadi inkişafa gətirib çıxaracaqdır və burada Rusiyanın da böyük mənada müəyyən dividentlər əldə etmək imkanları yaranacaq. Rusiya Qərbdən, Şimaldan sıxışdırılır. Şərqdə Yaponiya ilə münasibətləri gərgindir. Cənubi Şərqdə Çin, Cənubda Azərbaycan… Rusiyanın iqtisadi arteriyalarının artması üçün bu iki istiqamət çox mühümdür. Ona görə də Rusiyada tez-tez Şimal-Cənub dəhlizindən söhbət açılır. Bura Zəngəzur dəhlizini də əlavə etmək olar. Təəssüf ki, burada da Rusiyanın imperialist mənafeyi onun iqtisadi və sivil maraqlarını üstələyir. Rusiya iqtisadi maraqlardan çıxış etmir. Əgər iqtisadi maraqlardan çıxış etsəydi, bu günə qədər Ermənistanla kommunikasiyalar açılmış olardı. Bu isə baş vermir. Deməli, burada geosiyasi və geostrateji məsələlər var ki, Rusiya proseslərə məhz bu prizmadan baxır. Ona görə də iqtisadi layihələr ona mürəkkəb görünür. Bütün hallarda, Rusiyanın nə istəməsindən asılı olmayaraq, gec-tez həmin o kommunikasiyalar açılacaq.

- Azərbaycanlı iş adamlarının və diaspor rəhbərlərimizin Rusiyada hədəf seçilməsində məqsəd nədir və nəticə nə ola bilər?

- Azərbaycanlı iş adamlarının Rusiyada hədəfə alınması uğurlu siyasət deyil və bu ölkə üçün heç bir yaxşı nəticə vəd etmir. Biz bundan əvvəl də Rusiya tarixində müxtəlif millətlərə mənsub olan böyük iş adamlarının təzyiq və təqiblərə məruz qoyulduğunu görmüşdük, amma nəticədə itirən Rusiya iqtisadiyyatı olmuşdu. Biz, eyni zamanda, yəhudiəsilli milyarderlər tanıyırdıq ki, onların hamısı Rusiya iqtisadi sistemindən uzaqlaşdırıldılar, təqiblərə məruz qaldılar. Sonralar onların yerini dolduracaq və o keyfiyyətdə Rusiya iqtisadiyyatına imkanlar qazandıracaq iş adamları yetişmədi.  Düşünürəm, azərbaycanlı iş adamlarına qarşı bu cür təqiblər də Rusiya iqtisadiyyatına yaxşı heç nə vəd etməyəcək, əksinə, böyük zərər vuracaq. Həmin iş adamlarının öz bizneslərini münbit ərazilərə köçürmək imkanları var və bunu edəcəklər. Ona görə də Rusiya bütün bunların hamısını kompleks nəzərdən keçirməli və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün addımlar atmalıdır.