"Bələdiyyələrin mənzil istismar idarələrini idarə etmək üçün tam imkanları yoxdur"- Rəy

14:48 24.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bakıda və eləcə də bölgələrdə həll olunmayan məsələlərdən biri mənzil istismar idarələrinin lift pulu, və digər xidmətlər üçün yığdıqları pulla hər hansı problem yarananda həll etməməliridir. Vətəndaşla bu idarələrin problemi Bakı Şəhər İcra Hakimiyyətinə qədər gedib çıxır. Bir müddət əvvəl MİS-nin ləğvi məsələsi gündəmə gəlsə də, hələki ləğv olunmayıb.

Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, mənzil istismar idarələri bələdiyyələrin nəzdinə keçəcək. Komitə sədri qeyd edib ki, bələdiyyə fəaliyyətini qurmaq üçün maliyyəsi olmalıdır: “Qanunvericiliyə əsasən, bələdiyyələrin fiziki şəxslərdən əmlak, hüquqi şəxslərdən torpaq vergisi yığmaq hüququ var. Ancaq çox az sayda insan mülkiyyətində olan mənzillə əlaqədar əmlak vergisi ödəyir. Bakıda yaşayan insanlar mənzil istismar idarələrinə lift və digər xidmətlər üçün pul verirlər. Ancaq bu, mənzil istismar idarələri tərəfindən yığılan puldur, bələdiyyələrə heç bir dəxli yoxdur. Hələlik mənzil istismar idarələri bələdiyyələrin nəzdində deyil. Bir müddətdən sonra mənzil istismar idarələri də bələdiyyələrin nəzdinə keçəcək. Bunun üçün qanunvericiliyə dəyişiklik olmalıdır, mənzil istismar idarələri bələdiyyələrin nəzdinə keçəcək. Hazırda bələdiyyələrin mənzil istismar idarələrini idarə etmək üçün tam imkanları yoxdur. Gərək bələdiyyələr təcrübə əldə etsin, əhali ilə bələdiyyələr arasında yüksək səviyyədə münasibətlər yaransın. Bundan sonra mənzil istismar idarələri də bələdiyyələrin nəzdinə keçəcək, bələdiyyələrə digər səlahiyyətlər də veriləcək”.

İqtisadçı ekspert Akif Nəsirli isə hafta.az-a açıqlamasında dedi ki, mənzil istismari idarələri ilə vidalaşmanın artıq zamanı çoxdan çatıb. İqtisadçının sözlərinə görə, vətəndaşlar arasında maarifləndirmə aparıb binanın idarə edilməsi haqqında qanunun müvafiq qaydalarını izah etmək lazımdır: “Mənzillərin idarə edilməsi üçün öz aralarında MMC belə yarada bilərlər. Öz binalarını özləri idarə etmələri daha yaxşıdır. Mənzil istismarı idarələri bələdiyələrin tərkibinə keçdiyi zaman bələdiyələr işlər görəcək. Hesab edirəm ki, jeklər Sovet dövründə necə işləyirdilərsə indi də o həvəslə işləmək arzusundadırlar. Ancaq dövr, zaman dəyişib. Əhalinin təlabatı tamamilə dəyişib. Ona görə də ən real yol MİS-nin ləğv edilməsidir. Mülki məcəllədə də Mİİ-lərlə bağlı heç nə yoxdur. Lakin hansısa məmur və ya qrup Mİİ-lərin ləğv olunmasının qarşısını alıb. Məsələ burasındadır ki, MİS-lərdən də istifadə edilmir. Binaların sakinlər tərəfindən də idarə edilməsi həyata keçirilmir”.

Digər iqtisadçı ekspert İlham Əzizov da bildirdi ki, MİS-lər bir müddətdən sonra bələdiyyələrin nəzdində olacaq:

“Bununçun müvafiq qanunvericilik aktları qəbul olunmalıdır. Bələdiyyələrin bundan sonra mənzil əmlakı ilə əlaqədar vergi yıgma prosesi tam baş tutacaq. Əhali kommunal xidmətlərə, (lift, zibil və digər xərclələri) MİS-lərə ödəyirdi. Amma dünya praktikasında bu xidmətlər mənzil sahiblərinin təşkil etdiyi idarəedici qrup vasitəsilə həyata keçirilir. Ölkədə bu xidmətlərin səviyyəsi çox aşagıdır. Belə ki, yeni binalarda binanı inşa edən şirkət bu işləri görür və çox hallarda xidmət haqqlarını istədikləri kimi qoyurlar. Bu işlər yeni qanunda bələdiyyələrə tapşırılmalıdır. Bu halda həm bələdiyyələrin digər yıgımlarının vaxtında yıgmasına və işlərin keyfiyyətlə yerinə yetirilməsinə nail olunar, həm də mənziı sahibləri özləri bu idarəetmədə iştirak edərlər”.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə hesab edir ki, Mənzil-Kommunal Təsərrüfatı Birlikləri vətəndaşlardan aldığı vəsait onların sonradan yarana biləcək problemlərinin həlli istiqamətlərində bölməlidir.

“Əslində bələdiyyə sadəcə vətəndaşlardan əmlak vergisi alır. Bu da bələdiyyələr haqqında qanunvericilikdən irəli gəlir. Eyni zamanda vergi qanunvericiliyin ilə tənizmlənir. Bu vəsaitdə həmin ərazidə yaşayan vətəndaşların probleminə yönəldilməlidir. Məsələn, kanalizasiyada, yağış lüklarında və s. istiqamətdə problem yarandıqda mənzil istismar idarəsi o problemi aradan qaldırmağa borcludur. Mənzil istismarı sahələrinin işi təkcə bununla bitmir. Onlar həm də vətəndaşlara bu və ya digər formada xidmət göstərməlidirlər. 2009-ci ildə Azərbaycanda mənzil məcəlləsi qanunu qüvvəyə minib. Mənzil məcəlləsinin istiqamətlərindən biri də, mənzil istismar sahələrinin fəaliyyətinin ləğv olunmasını nəzərdə tuturdu".