Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov son günlər Türkiyədən Rusiyaya tranzit idxalda yaşanan çətinlikləri təsdiqləyib. Donbasa qarşı xüsusi əməliyyatın 1-ci ilində Ankarada türkiyəli jurnalistlərlə görüşən Yerxov “Biz NATO-ya qarşı rəsmi olmasa da, əslində mübarizə aparırıq. Cəbhənin əks tərəfində bəzi yerlərdə Ukrayna və rus dillərindən başqa dillər də eşidirik. Radio danışıqları ingilis, polyak və qismən alman dillərində yayılır”.
Hafta.az-ın yazdığına görə, Yerxov deyib ki, müharibənin məqsədlərindən biri Ukrayna ərazisindən Rusiyaya qarşı hərbi təhlükəni aradan qaldırmaqdır.
“Əgər NATO-nun raket bazaları Ukrayna ərazisində tikilirsə, raketlərin həmin yerlərdən Moskvaya uçuş müddəti 3 dəqiqəyə yaxındır. Biz istəmirik ki, kimsə bizi öldürmək üçün bu torpaqlara gəlsin. 8 ildir ki, bununla məşğuldurlar. Əsgərlər müharibə aparır, diplomatlar və siyasətçilər buna son qoyur. Ona görə də danışıqlara ehtiyac olacaq. Amma hazırda bu danışıqlar mümkün görünmür. İstanbulun Dolmabaxça sarayında başladığımız danışıqlar yaxşı gedirdi, amma Qərbdən dayandırmaq əmri gəldi. Onlar Kiyevdə belə bir qanun qəbul ediblər: Rusiya ilə danışıqlara başlayanlar təqsirli bilinib. Hazırda Rusiya tərəfi danışıqlar aparmaq istəyir. Bunlar olmadıqda isə hərbi əməliyyatlar davam edir. Müharibə həmişə ağırdır, ölümdür, dəhşətlidir”, - səfir deyib.
Son zamanlar Türkiyədən Rusiyaya tranzit idxalda yaşanan problemlərə dair sualı cavablandıran səfir Yerxov “Türkiyə və Rusiyanın ticarət vahidləri bu məsələ üzərində işləyir. İstər ixracatçılarımız, istərsə də Türkiyə şirkətləri bir qədər sərtləşməyə başladılar. Biz bu məsələni araşdırırıq. İstənilən işdə ticarət də biznesdir, oyun qaydaları ilə oynamaq lazımdır. Amma biz bütün beynəlxalq münasibətlərdə təlatümlü prosesləri yaşayırıq. Bura beynəlxalq ticarət daxildir. Bu dünyada hər şey bir-biri ilə çox bağlıdır. Bəzi insanlar isə ticarətdən silah kimi istifadə etməyə çalışırlar" deyib.