"Dünyada İtalyan Dili Həftəsi" Bakıda da qeyd olunacaq

10:35 23.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Oktyabr ayının 21-də start verilən və bir həftə davam edəcək "Dünyada İtalyan Dili Həftəsi" qeyd olunmaqdadır.

Hafta.az yazır ki, sayca XIX buraxılış olan proses çərçivəsində Azərbaycanda da tədbirlər təşkil ediləcək. O cümlədən, oktyabrın 24-də Bakıda səhnələşdiriləcək "Pinokkionun burnunun izi ilə..." tamaşası da bu silsilədəndir.

İtaliya prezidentinin himayədarlığı altında keçirilən "Dünyada İtalyan Dili Həftəsi", İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin mədəniyyət və diplomatik şəbəkəsinin hər il oktyabr ayında təşkil etdiyi, italyan dilini klassik və müasir mədəniyyətin nəhəng dili olaraq təşviq etdiyi tədbirdir. Həftə ərzində konfranslar, sərgilər və tamaşalar keçiriləcək, yazıçılar və digər görkəmli şəxsiyyətlərlə görüşlər təşkil olunacaq.

İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi və Crusca Akademiyası arasındakı razılaşması əsasında, İtaliya prezidentinin himayədarlığı altında 2001-ci ildə start verilən həftə ildən ilə daha da inkişaf edib. "Dünyada İtalyan Dili Həftəsi"nin bu ilki mövzusu "İtalyan dili səhnədə" adlanır.

"Dünyada İtalyan Dili Həftəsi" çərçivəsində, İtaliyanın Bakıdakı səfirliyi də tədbirlər keçirəcək ki, bunlardan ən məşhuru oktyabrın 24-də, saat 19.00-da Azərbaycan Dövlət Rus Dram Teatrında səhnələşdiriləcək "Pinocchio burnunun izi ilə" tamaşasıdır. İtaliyanın "CompagniaBella" teatr şirkəti və aktrisa Paola Kontininin rəhbərliyi ilə baş tutacaq tamaşada Bakıdakı 158 saylı məktəbin şagirdləri iştirak edəcək.

Qeyd edək ki, Bakının 158 nömrəli məktəbi ilə İtaliya arasında əməkdaşlıq bu il, Azərbaycan hökumətinin təşkil etdiyi Avropa Gənclər Olimpiya Festivalı zamanı yaranıb. 2019-cu ilin sentyabr ayından etibarən 158 nömrəli məktəbin şagirdləri İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin maliyyələşdirdiyi italyan dilinin tədrisi layihəsinə cəlb edilib. Bu layihə Azərbaycan Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi və əməkdaşlığı sayəsində başladılıb.

"Pinocchio burnunun izi ilə" tamaşasında hər kəs ortaq bir işdə həqiqətən özünü Pinokkio kimi hiss edəcək: səhv edərək öyrənmək, tabe olmayaraq tabe olmaq, həqiqətən gülmək və bizim sevilən burattinonun izi ilə getmək.