"Səudiyyə Ərəbistanı zəlzələnin vurduğu yaralarının sağalması üçün ehtiyac olduğu müddətdə dəstəyini davam etdirəcək".
Hafta.az-ın yazdığına görə, bunu Səudiyyə Ərəbistanının Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Məhəmməd əl-Harbi deyib. Diplomat AA-ya açıqlamasında zəlzələdə həyatını itirənlərə görə türk xalqına və hökumətinə başsağlığı verib, qeyd edib ki, Allahdan arzuları Türkiyənin ən qısa vaxtda bu kədəri unutmasını, xoş günlərə dönməsini görməkdir.
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salmanın əmri ilə zəlzələdən dərhal sonra humanitar yardımların göndərilməsi üçün hava körpüsünün qurulduğunu xatırladan diplomat deyib ki, ölkəsi tibbi ləvazimat, qida və çadırdan ibarət yardımla yanaşı böyük bir könüllü qrupu ilə axtarış-xilasetmə işlərində də aktiv rol alıb. O, "nə qədər ki, zəlzələ qurbanlarının köməyə və dəstəyə ehtiyacı var, hərtərəfli dəstəyimiz davam edəcək" deyib.
Əl-Harbi bildirib ki, onların dəstəyi rəsmi yardımla məhdudlaşmır və ictimaiyyətin də iştirak etdiyi kütləvi kampaniyalarla davam edir.
Kampaniyalarda toplanan yardımın indiyə qədər 350 milyon Səudiyyə Ərəbistanı rialı (1 milyard 760 milyon lirə) aşdığını qeyd edən Əl-Harbi, "Ümid edirəm ki, bu yardımlar önümüzdəki günlərdə artacaq və zərər çəkmiş insanların normal həyata qayıtmasına töhfə verəcək” deyib.