Bir neçə aydır yer kürəsi gözəgörünməz “düşmən”lə - koronavirusla topsuz-tüfəngsiz mübarizə aparır. Yeni qlobal pandemiya bəşər övladının sağlamlığını təhdid altına aldığı ilk gündən ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edən bütün zəruri, qabaqlayıcı addımlar atıldı.
Bu sözləri Milli Məclisin deputatı Pərvin Kərimzadə hafta.az- bildirib. Millət vəkili qeyd edib ki, sərhəd tanımayan qorxunc infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər dayanmadan davam etdirildi:
"Gözlə görə bilmədiyimiz “düşmən”lə mübarizə günümüzün bir nömrəli reallığına çevrildi. Sərhədlər bağlandı, bütün kütləvi tədbirlər, idman yarışları ləğv edildi, təhsil ocaqlarında dərslər dayandırıldı, iri ticarət mərkəzləri, ictimai iaşə ocaqları insan hənirinə həsrət qaldı, izdihamlı küçələr, parklar, xiyabanlar, səssizliyə büründü... “Bizim üçün prioritet məsələ insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir”, - deyən Azərbaycan Prezidentinin məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri nəzarətdə saxlamaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün oldu. Yoluxanlarla sağalanların say nisbətində müsbət dinamika yarandı. Azərbaycan, iqtisadiyyatı, səhiyyəsi, çətin sınaqdan çıxmaq iqtidarında olduğunu nümayiş etdirdi.
Lakin, biganəlik və laqeyd münasibət ölkədə xüsusi karantin yenidən sərtləşdirlməsinə gətirib çıxardı. Ayrı yol yox idi. Əgər karantin rejimi sərtləşdirilməsəydi, daha ciddi fəsadlarla qarşılaşa bilərdik.
Prezident İlham Əliyevin 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında bir daha vətəndaşları məsuliyyətli olmağa səslədi: “Dövlət tərəfindən atılmış addımlar əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq. Dəstək isə nədən ibarətdir? Sadəcə olaraq, üç adi qaydanı gözləmək, buna əməl etmək və məsuliyyət, nizam-intizam göstərmək. Biz birlik, həmrəylik nümayiş etdirmişik.”
Ölkə Başçısının Gəncədə vacib məqama toxunması və koronavirusa yoluxmadan qorunmaq üçün qaydaları bir daha xatırlatması bizi tək özümüzün deyil, ətrafdakı insanların da sağlamlığı barədə düşünməyə səsləyir. Çox təəssüf ki, bu gün vətəndaşlarımız verilən tövsiyələrə tam məsuliyyətlə yanaşmır. Bunu tam şəkildə qəbul etməliyik ki, biz maskadan istifadə, sosial məsafə gözlənilməsi və gigiyenik qaydalara diqqət etməsək, xəstə sayı daha da artacaq. Necə ki, artır və yoluxmaların sayı 500-ü keçir".
P. Kərimzadə qeyd etdi ki, Gəncədə, 1 saylı şəhər xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında Prezident İlham Əliyev çıxış edərkən bu barədə xüsusi ilə danışdı:
"Pandemiyaya qarşı mübarizə üçün 3 milyard manatdan çox vəsait ayrıldığını, bunun bir hissəsinin xərcləndiyini, yeni avadanlıqlar alındığını və indi 23 laboratoriyamızın olduğunu qeyd etdi: “Amma, eyni zamanda, problem ondadır ki, artıq fevral, mart aylarında sifariş edilmiş avadanlığı, hansısa cihazı biz bəzən ala bilmirik. Çünki bunu istehsal edən ölkələr onu satmır, özləri üçün saxlayırlar. Problem bundadır. Ona görə ölkəmiz bu problemlə üzləşib və biz çalışmalıyıq ki, bu vəziyyətdən şərəflə çıxaq. Ancaq dövlət tərəfindən atılmış addımlar əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq. Dəstək isə nədən ibarətdir? Sadəcə olaraq, üç adi qaydanı gözləmək, buna əməl etmək və məsuliyyət, nizam-intizam göstərmək”.
Ölkə Prezidenti koronavirusa qarşı mübarizədə zəruri tədbirlərin görülməsinə baxmayaraq, yenə də yoluxmaların artdığından narahatlığını bildirdi. Eyni zamanda, operativ qərargah tərəfindən qoyulan qaydaları gözləməyənlər, tələblərə əməl etməyənlərlə bağlı kəskin iradlarını söylədi: “Amma gərək indi məsuliyyətsiz adamlar bunu dərk etsinlər. Bir də ki, bu adamlara qarşı ictimai qınaq olmalıdır. Qapalı yerlərdə maska taxmayana qarşı, əlbəttə ki, cərimə tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş onu tənbeh etməlidir, onu başa salmalıdır. Gözləməməlidir ki, polis gələcək, onu cərimələyəcək. Polis də insanları qorumaq üçün gecə-gündüz küçələrdədir, gecə-gündüz fasiləsiz işləyir. Ona görə qapalı şəraitdə hər kəs maska taxmalıdır. Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik”.
Dövlət tərəfindən vətəndaşların sağlamlığının qorunması məqsədilə bu qədər iş görüldüyü halda, Prezident yoluxmaların artmasından narahatlıq keçirdiyi halda, görəsən, insanlarımız niyə öz sağlamlıqlarına qarşı bu qədər biganəlik göstərirlər? Dövlətimiz tərəfindən COVID-19 bəlası üzərində qələbə çalmaq üçün bütün qüvvələr səfərbər olunub.
Pandemiya ilə mübarizədə cəmiyyət arasında ictimai qınaq da öz sözünü deməlidir. Uzağa getməyək, elə pandemiyanın elan olunduğu ilk dövrlər koronavirusa ciddi münasibətimizi xatırlayaq. Hansımızın üstündə spirt, maska, əlcək yox idi ki... Deməli, insanların sağlamlığı öz əllərindədir. Əgər qapalı ictimai yerdə kimsə tibbi maskadan istifadə etmirsə, biz ona iradımızı bildirməliyik, çalışmalıyıq ki, ətrafımızdakılar da qaydalara riayət etsin.
Odur ki, ehtiyac olmasa, evdən çıxmamalı, ictimai yerlərə gedərkən mütləq maska taxmaq və sosial məsafəni qorumaq lazımdır. Hər kəs yüksək qətiyyət göstərərək, karantin qaydalarına riayət etməli, tibbi maskadan və digər qoryucu vasitələrdən istifadənin məcbur olduğunu yaddan çıxarmamalıdır. Hər birimiz vətəndaş olaraq, öz məsuliyyətimizi anlamalı, sağlamlığımızı qorumalı, qoyulan qaydalara hamılıqla əməl etməliyik".