"Türkmənlərin sıx yaşadığı Kərkük şəhəri ilə bağlı verilən qərarlarda türkmənlərin söz sahibi olmaması bizi ciddi narahat edir".
Hafta.az-ın yazdığına görə, bunu İraq Türkmən Cəbhəsinin sədri Hasan Turan deyib.
"Nazirlər Şurasında Kərkükdən ərəbləri və kürdləri təmsil edən nazirlər var. Ancaq Kərküklə bağlı qəbul edilən qərarlarda türkmən nazirin olmaması bizi narahat edir. Orada türkmənləri dəstəkləyən, onların hüquqlarını tələb edən bir nəfər də olsun nümayəndəmiz yoxdur. Ona görə də Nazirlər Şurasında türkmənləri təmsil edən heç olmaya bir nazir postu almaq istəyirdik", - deyib H.Turan.
Turan qeyd edib ki, türkmənlərin indiki kabinetdə israrlı olması təkcə türkmənlər üçün deyil, həm də ölkədə hökumət və siyasi tərəfdaşlıq üçün qazanc olardı.
Türkmənlərin yeni hökumət kabinetində yer alaraq İraqla Türkiyə arasında körpü rolunu oynamaq istədiklərini ifadə edən Turan, türkmənlərin xüsusilə iqtisadi baxımdan çox faydalı rol oynaya biləcəyini dilə gətirib.
İndiki kabinetdə İran və qonşu ərəb ölkələrinə yaxın nazirlərin olduğunu və onların bu ölkələrlə İraq arasında müsbət rol oynadığını qeyd edən Turan deyib ki, Türkiyə ilə sıx əlaqələr qurmaq üçün Nazirlər Kabinetində türkmənlərin olması vacibdir. Onun fikrincə, amma hökumət Türkiyə ilə iqtisadi əlaqələri daha da inkişaf etdirməməklə strateji səhvə yol verir.