"Lobbi öz maraqları naminə Ermənistan dövlətini qurban verə bilər" - Fuad Çıraqov

18:00 02.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
"ABŞ-dakı erməni lobbisi son zamanlar Azərbaycana qarşı həddindən artıq fəallaşıb və aqressivləşib. Bunun 3 konyuktur səbəbi, 1 fundamental səbəbi var".
 
Hafta.az-ın yazdığına görə, bunu Cənubi Qafqaz Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Fuad Çıraqov deytib. Onun sözlərinə görə, hazırki konyuktur səbəbi odur ki, Konqresə seçkilər olacaq, demokratlar konkret olaraq onların səslərindən asılı vəziyyətdədir. Onlar üçün bu imkanlar pəncərəsi çox tezliklə bağlanacaq, ən azından növbəti seçki raunduna kimi. "İkinci konyuktur bir qədər daha böyük səbəb Türkiyə hakimiyyəti ilə son zamanlar ABŞ-la münasibətlərinin pisləşməsi, ABŞ-da qərarvermə prosesində Türkiyənin təsirlərinin azalmasıdır. Bu mövzu ayrıca, geniş, mübahisəli və fərqli mövzudur. Bu məqamda yalnız Türkiyəni günahlandıranları qərəzli və ədalətsiz hesab edirəm. Hər halda burada müzakirə mövzusu bu deyil. Üçüncü, daha böyük səbəb son illər Qərbdə sağ, anti-islam meyillərin və mövqelərin baş qaldırmasıdır. Məsələn, Fransanın Türkiyəyə qarşı yeritdiyi siyasətin, Makronun Türkiyə prezidenti Ərdoğana qarşı mövqeyi həm də Fransanın daxili siyasət dinamikasının xarici siyasətdə proyeksiyasıdır" deyən F.Çıraqova görə, Fransada son 20 ildə sağçı və milliyyətçilər seçkilərdə qələbənin astanasına qədər gəlirlər və bu bir şəkildə ölkənin xarici siyasətində öz əksini tapmalı idi və tapır. Makronun Türkiyə prezidenti Ərdoğana qarşı ritorikası daha çox daxili siyasətində vasitədir.
 
Ekspert qeyd edir ki, ABŞ-dakı erməni lobbisinin fəallaşması üçün isə fundamental səbəb və ya onlar üçün problem başqadır. Uzun müddət ABŞ-dakı erməni lobbisinin gündəliyində 2 məsələ vardı: “soyqırım” və Qarabağ məsələsi. "Deyərdim ki, daha çox enerjilərini və güclərini soyqırım məsələsinə sərf edirdilər. Soyqırım məsələsi təkcə ABŞ-da deyil, bütün dünyada Ermənistanın Qarabağda işğal siyasətinə və digər cinayətlərinə bəraət qazandırması üçün bəhanə kimi (justification) istifadə edilirdi. Amma soyqırım məsələsinin erməni lobbisinin özünün varlığı üçün başqa strateji funksiyası vardı. Soyqırım “assimliyasiya qazanı”nda (the melting pot) erməni kimliyinin qorunması və saxlanması üçün birləşdirici, səfərbəredici, müqavimət üçün ideya idi. İngiliscə bu cür ideyanı yaxşı ifadə edən bir söz var – “cause” və ya mübarizə üçün ideya. Bu cür "soyqırım" ideyası ABŞ-dakı erməni lobbisini özünün daxili dinamikası, maliyyə və siyasi maraqları olan, müstəqil bir orqanizmə, bəzi erməni ekspertlərinin özlərinin də dediyi kimi, biznes sahəsinə çevirib" deyən ekspert bildirir ki, bu orqanizm üçün Ermənistanın dövlət kimi mövcudluğu lobbidən sonra ikincidir. Ermənistan dövləti lobbinin maraqlarına xidmət etməli olan obyektdir, lazım gəlsə lobbinin maraqları üçün Ermənistan dövlətini qurban vermək də olar. Ona görə də lobbi daha radikaldır, Ermənistan dövləti üçün coğrafi reallığı inkar edən və reallığı qəbul etmək istəməyəndir.
 
F.Çıraqov 2009-cu ildə erməni lobbisinin Türkiyə ilə sərhədləri açılmasının əleyhinə olduğunu xatırladır. Deyir ki, lobbinin iki ilkin şərti vardı: 200 milyard dollar reparasiya və Türkiyənin şərq torpaqları. Erməni lobbisinin Ermənistan dövləti üçün reallığı inkar etməsinin digər misalı ara-sıra Cavaxetiya məsələsini də qaldırmasıdır.
 
"Uzun illər erməni lobbisinin hədəfi ABŞ tərəfindən "soyqırımın" tanınması idi. Dəfələrlə Konqresdə tanınma məsələsi qaldırılırdı, ancaq keçirə bilmirdilər. Bu da erməni lobbisini daha səfərbər şəkildə növbəti dəfə cəhdlərə sövq edirdi. Prezidentlər seçki kampaniyasında söz verirdi, amma bu sözü işlətmirdi. ABŞ dövlət olaraq bundan Türkiyəyə şantaj vasitəsi kimi də istifadə edirdi. Nəhayət, 2019-cu ildə Konqres qətnamə qəbul etdi, 2021-ci ildə prezident çıxışında həmin sözü işlətdi. Hər hansı hüquqi məsuliyyət daşımayan qətnamə, yaxud da prezidentin həmin sözü işlətməsi nəyisə dəyişdirdimi, nəsə verdimi Ermənistan dövlətinə və lobbisinə? Əslində bəlkə də qətnamə qəbul edilməsəydi və ya prezident bu sözü işlətməsəydi, lobbinin gələcəyi və maraqları üçün uyğun olardı və mövcudiyyəti üçün motivator olardı" deyən F.Çıraqova görə, məhz bu səbəbdən də ermənilər əsas motivatoru itirdi. Bu motivator itirildiyinə görə artıq bütün enerjilərini Qarabağ məsələsinə yönəldiblər. Çünki, başqa səfərbəredici güc qalmayıb. "Mən bu məsələdə də nəyəsə nail olacaqlarına inanmıram. Bundan sonra nə olacaq? Vaxtilə 1991-ci ilə kimi ABŞ-da ən güclü lobbilərdən biri polyak lobbisi idi. Birləşdirici, səfərbəredici mübarizə ideya və ya “cause” Polşanın kommunizmdən azad edilməsi idi. Kommunizm çökəndən sonra polyak lobbisi öz gücünü itirdi, polyaklar böyük “assimliyasiya qazanında” əridilər", - deyə F.Çıraqov bildirir.
Oxunma sayı 1738
Siyasət rubrikasından digər xəbərlər