Latviyanın keçmiş xarici işlər naziri və yeni seçilmiş prezidenti Edqars Rinkeviçs hesab edir ki, Macarıstan Ukraynanın NATO-ya gedən yolunda əsas maneə deyil, əsas problem daha çox sayda ölkənin mövqeyinin qeyri-müəyyən qalmasıdır.
Hafta.az-ın “Ukrainskaya pravda”ya istinadən yazdığına görə, prezident Rinkeviçs qeyd edib ki, Ukraynanın Şimali Atlantika Alyansına daxil olmasına əsas maneə Ukraynanın özünün və ya Rusiyanın sözsüz “vetosu” deyil, NATO-da daxili müzakirələrdir.
“Səbəb odur ki, indi NATO-ya üzv ölkələrin bir çoxunun paytaxtlarında müharibə edən dövlətin Alyansa qoşulması ilə bağlı hansı adımı ata biləcəkləri və bunun 5-ci maddə kontekstində nə demək olduğu barədə kifayət qədər aydın anlayış yoxdur. Açığını deyim: Bu əsas məsələdir və bir çox üzv dövlətlər bu suala cavab verə bilməzlər. Onlar özləri üçün bu cavabı almayana qədər, digər NATO üzvləri də cavab verə bilməyəcəklər”, - Edqars Rinkeviçs bildirib.
Onun fikrincə, bu mövqe formalaşsaydı, hətta rəsmi Budapeştin rəyi belə maneə olmayacaqdı.
"Yekun qərar qəbul etmə prosesinə gəldikdə, o zaman bütün müttəfiqlərin istisnasız razılaşacağına inanıram. Amma indi bu əsas sual maneədir. Müharibə şəraitində olan ölkə var, "5-ci maddə" var. İndi bir və ya iki dövlət deyil, bir çox dövlətlər bunun Alyans üçün nə demək olduğunu anlamağa çalışırlar. Bir çox paytaxtlarda bu suala hələ də yaxşı cavab yoxdur və biz bunu düzgün başa düşməliyik”, - o, əlavə edib.
Rinkeviçs qeyd edib ki, Latviya Ukraynanın gələcəyini NATO-da görür və bunun reallaşması üçün əlindən gələni edəcək.