“Ölkəmizin Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyi etməsi və bu görüşün bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilməsi Azərbaycanın bəşəriyyəti narahat edən məsələlərə, insanların sağlamlığına və təhlükəsizliyinə göstərdiyi qayğı və diqqətin növbəti təzahürüdür”.
Bunu Hafta.az-a açıqlamasında millət vəkili Tahir Rzayev söyləyib.
Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin Hərəkata sədrlik etdiyi bu illər ərzində qurumun beynəlxalq aləmdə nüfuzu xeyli artıb: “Azərbaycanın sədrliyinin Qoşulmama Hərəkatının təsis olunduğu dövrdən bəri ilk pandemiya dönəminə təsadüf etdiyini, eləcə də Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın xüsusi iclasının çağırıldığını, həmin iclaslarda pandemiya ilə mübarizədə humanizm prinsiplərinin əsas götürülməsinə çağırışlar edildiyini nəzərə alsaq, dövlətimizin bu tarixi missiyasının öhdəsindən layiqincə gəldiyini söyləyə bilərik. Bu amillər istər əvvəlki görüşlərdə, istərsə də Bakıda keçirilən sonuncu görüşdə dünyanın bir çox siyasətçiləri tərəfindən yüksək qiymətləndirildi. Pandemiya dünya insanlarına bəlalar gətirən, onların sağlamlığını təhlükə altında qoyan vəziyyət olduğundan bunun vurduğu zərbələri dünya miqyasında aradan qaldırmaq, insanları bu bəladan xilas etmək və qabaqlayıcı tədbirlər görmək çox vacibdir. Cənab Prezident də Hərəkata rəhbərlik etdiyi bu illərdə daimi olaraq bu missiyanı Hərəkatın bir amalı, bir məqsədi hesab etdi və çox böyük təşəbbüslər irəli sürərək bəşəriyyəti bu bəladan qurtarmaq üçün əsaslı tədbirlər həyata keçirdi".
Millət vəkili əlavə edib ki, pandemiya Azərbaycanı müharibə ərəfəsində yaxaladı və düşmənlə müharibə apardığımıza, ağır vəziyyətdə olmağımıza baxmayaraq həm də ikinci bir gözəgörünməz düşmənlə mübarizə aparmağa məcbur olduq. "Amma belə bir şəraitdə də Azərbaycan Prezidenti çox böyük hümanistlik göstərərək istər Qoşulmama Hərəkatının bir neçə mühüm tədbirinin keçirilməsinə, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının tarixində ilk dəfə pandemiya ilə bağlı BMT Baş Assambleyasının xüsusi iclasının çağırılmasına nail oldu. Həmçinin Azərbaycan bu dövrdə 30-dan çox ölkəyə yardım əlini uzatdı. Bundan başqa, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon manat vəsait ayırdı, bir neçə ölkəyə vaksinlə bağlı yardım etdi”, - o, əlavə edib.
T.Rzayev qeyd edib ki, bu günlərdə Qoşulmama Hərəkatının Bakıda keçirilən sammiti təkcə pandemiyaya həsr olunmamışdı: “Düzdür, mövzu pandemiya idi. Ancaq bu sammitdə çox mühüm digər problemlər də ön plana çəkildi. Dünyada baş verən hadisələr, təhlükəsizlik, münaqişələrin aradan qaldırılması, dünya dövlətlərinin mövcud vəziyyətdə hadisələrə qiymət verməsi, bir çox beynəlxalq təşkilatların, xüsusilə BMT-nin Təhlükəsizlik Şurasının proseslərdə iştirakı, fəaliyyətsizliyi, eləcə də, müəyyən dövlətlərin avantürüst hərəkətləri bu sammitdə geniş müzakirə edildi. Cənab Prezident öz çıxışında göstərdi ki, biz sülhün, əmin-amanlığın, təhlükəsizliyin tərəfdarıyıq. Çünki Azərbaycan son 30 ildə öz təhlükəsizliyinin təmin olunması, sərhədlərinin qorunması uğrunda mübarizə aparıb, erməni təcavüzünə məruz qalıb, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi yerinə yetirilməyib, lakin biz hərbi-siyasi yolla bu qətnamələri yerinə yetirdik və dünyada öz ədalətli mövqeyimizi bərpa etdik. Əlbəttə ki, bu sammitin xüsusi əhəmiyyəti var və Qoşulmama Hərəkatı 120 ölkəni özündə birləşdirən, dünyada ikinci böyük təşkilat kimi diqqətdədir. Beynəlxalq təşkilatlar bu Hərəkatın fəaliyyətində yaxından iştirak edirlər və onun fəaliyyətini diqqət mərkəzində saxlayırlar. Ona görə də belə bir tədbirin yenidən Bakıda keçirilməsi ölkəmizin Prezidentinə, dövlətimizə göstərilən çox böyük etimadın təzahürüdür”.