"Sanksiyalar Xirosimaya atılan atom bombasına uyğun gəlir" - Andrey Melniçenko

09:44 04.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son 14 ildir İsveçrədə yaşayan və hazırda “Forbes” jurnalına görə 25,2 milyard dollar sərvəti ilə "ən varlı rus" sayılan iş adamı Andrey Melniçenko Rusiyanın Ukraynaya qarşı amansız hərbi əməliyyatları ilə bağlı ilk açıqlamalarını “Financial Times” jurnalına müsahibəsində verib. İş adamı deyib ki, mədəniyyətdə “karnaval vaxtı”, “azadlıq vaxtı” kimi ayrı-ayrı anlayışlar var. “Ruslar indi Orgiya dövründə yaşayır və yəqin ki, bunun sonu yaxşı olmayacaq”.

Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, 51 yaşlı Melniçenko Qərbin Rusiyaya qarşı sanksiyalarını Xirosimaya atılan nüvə bombası ilə müqayisə edərək, Qərbin sanksiyalarını “Ukraynadakı müharibə ilə əlaqəsi olmayan milyonlarla insana zərər verən kütləvi qırğın silahlarına” bənzədib.

Milyarder və ailəsi də ötən il Qərb ölkələrinin elan etdiyi sanksiya siyahısındadır.

Gübrə istehsalçısı “Evrokhim” və Sibir Kömür Enerji Şirkətinin (SUEK) əsas səhmdarı Andrey Melniçenko sanksiyaların onun üçün sürpriz olduğunu bildirib və “14 ildir ki, İsveçrədə yaşayıram. Müharibə üçün silah yox, insanlara qida və elektrik stansiyaları üçün enerji istehsal edirəm. Mən müharibəni təbliğ etmirəm, siyasətlə məşğul olmuram. Elə isə mənə qarşı sanksiyaların tətbiqində məqsəd nədir?” reaksiya verib.

Melniçenko Ukraynada müharibənin başlanmasını “qlobal səhv” kimi qiymətləndirərək, onu dayandırmağa çalışanların öz işini görmədiyini deyib. Melniçenko həmçinin deyib ki, seçki kampaniyasının qarşısına müharibənin qarşısını almaq məqsədi qoyan, lakin qeyri-peşəkar davranışı ilə güclü, aqressiv qonşusunu təhrik edən Zelenskinin də məsuliyyət daşıdığına inanılmalıdır. "Kimin günahkar, kimin günahsız olduğunu öyrənmək çox təhlükəlidir", - Melniçenko davam edib. İş adamı münaqişənin Ukrayna hüdudlarından çox-çox uzaqlarda da uzunmüddətli nəticələr verəcəyi ilə bağlı fikirlərini bildirib və qeyd edib ki, heç bir yerdə gərginliyin azaldılması tendensiyası görmür.