"Tələbələrin tərcümə etdikləri məqalələr publisistik nəşrdə dərc olunacaq" - Seymur Nəsirov

15:26 01.08.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin nəzdində fəaliyyət göstərən və Qahirənin müxtəlif universitetlərində təhsil alan misirli və əcnəbi tələbələrə ödənişsiz əsasda təhsil verən kursların Azərbaycan dili üzrə bölməsinin yeni müdavimləri ilə görüş keçirilib.

Birlikdən Hafta.az-a verilən xəbərə görə, diaspor təşkilatının sədri sədri, tədqiqatçı-alim Seymur Nəsirov tələbələrə Cənubi Qafqazın ən böyük ölkəsi Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı barədə məlumat verib. Azərbaycan dilinin əhəmiyyətindən bəhs edən diaspor sədri diqqətə çatdırıb ki, əsrlərlə ərəb və digər dillərlə vəhdətdə zənginləşən dilimizə müxtəlif ölkələrdən olan tələbələrin böyük marağı sevindiricidir.

"Hər il diaspor mərkəzində təşkil edilən bu kursların müdavimləri Azərbaycan dilinin leksik və qrammatik qaydalarını öyrənir, həmçinin sonradan tərcümə ilə məşğul olurlar. Tələbələrin tərcümə etdikləri məqalələr yaxın vaxtlarda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyəti ilə bağlı işıq üzü görəcək dövri publisistik nəşrdə dərc olunacaq. Kurslarda, həmçinin ölkəmizin tarixi, mədəniyyəti və ədəbi irsi də öyrənilir", - deyib S.Nəsirov.

Kurslarda iştirak edəcək 41 yeni tələbəyə tədris prosesi haqqında müfəssəl məlumat verən S.Nəsirov deyib ki, tələbələr 3 qrupa bölünəcək və 3 müəllim onlara həftədə 4 saat dərs keçəcək. Ümumilikdə isə, diaspor mərkəzində dünyanın 31 ölkəsindən 350 tələbə Azərbaycan dili ilə yanaşı, ərəb dili, dekorasiya, xəttatlıq sənəti və digər fənlər üzrə ödənişsiz təhsil alır.

Görüşün sonunda diaspor mərkəzinin sədri Azərbaycan dili kurslarının yeni müdavimlərinə təhsildə uğurlar arzulayıb.

Oxunma sayı 1460