"Türkmənistan qazı Azərbaycan və Türkiyə vasitəsilə Avropaya ixrac edilə bilər"

10:15 14.12.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
"Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkmənbaşı şəhərinə səfərə gəliblər. Bu gün türk dünyasının üç liderinin - Türkiyə, Azərbaycan və Türkmənistan Prezidentlərinin Birinci Üçtərəfli Zirvə Görüşündə regional əməkdaşlıq məsələləri müzakirə ediləcək".
 
Hafta.az-ın yazdığına görə, bunu millət vəkili Vüqar Bayramov deyib. O, bildirib ki, Türk Dövlətləri Şurasının yaradılması, bu istiqamətdə aparılan müzakirələr praktiki olaraq təkcə Türkiyə-Azərbaycan deyil, eyni zamanda Orta Asiya türk dövlətləri ilə Azərbaycan və Türkiyə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasından xəbər verir. "Bu kontekstdən bugünki sammit Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli münasibətlərin dərinləşməsinə imkan verəcək. Türkmənistan strateji olaraq Azərbaycan və Türkiyə ilə əlaqələrin daha da gücləndirilməsində maraqlıdır" deyən V.Bayramova görə, Azərbaycanla Türkmənistan arasında anlaşma var, həmin anlaşmaya əsasən, Türkmənistan mavi yanacağı İran vasitəsilə mübadilə formasında Azərbaycana təqdim edir. Müqaviləyə görə, illik iki milyard kubmetrədək qazın mübadiləsi nəzərdə tutulur.
 
"Türkmənistan qazı Azərbaycan və Türkiyə vasitəsilə Avropa ölkələrinə ixrac edilə bilər. Ona görə də qaz nəqli, bütövlükdə Türkiyənin enerji ixracatında mərkəzə çevrilməsi indiki halda müzakirə edilən məsələdir. Bu sammit iqtisadi əlaqələri genişləndirməklə yanaşı, həm də enerji sahəsində yeni addımların atılmasına imkan yarada bilər. Nəqliyyat, logistika və beynəlxalq yük daşımalar da tərəflərin diqqət mərkəzində olan məsələlərdəndir", - deyib millət vəkili.
 
V.Bayramov qeyd edib ki, 1,2 trilyon nominal, 4 trilyon 586 milyard dollar real ÜDM-ə malik olan Türk dünyası birləşir və güclənir. Çünki XXI əsr Türk əsridir.
Siyasət rubrikasından digər xəbərlər