"Zəngəzur dəhlizi uğrunda rəqabət güclənir" - Rəşad Bayramov

13:00 28.08.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Zəngəzur dəhlizinin açılması, bölgəyə vəd edilən sülh region üçün yeni perspektivlər vəd edir. Böyük güclərin regionda toqquşan maraqları fonunda baş verə biləcək hadisələrin regiona hansı yöndə təsir edəcəyi, təhlükəsizliyimizlə bağlı təhdidlərin olması, bu müstəvidə yüksək tribunadan verilən bəyanatlar birmənalı qarşılanmır.

Bu istiqamətdə hafta.az-a müsahibəsində politoloq Rəşad Bayramov danışıb.

- Regionda cərəyan edən proseslərin fonunda Qərb, Şimal, Yaxın Şərq dövlətlərinin Zəngəzur dəhlizi üzərində toqquşan maraqlarına diqqət çəksək, mövcud vəziyyəti necə dəyərləndirmək olar?

- Zəngəzur dəhlizi təkcə regional yox, həm də beynəlxalq əhəmiyyətli layihə olduğu üçün bu dəhliz üzərində maraqların toqquşmasının baş verməsi də təbiidir. Təsadüfi deyil ki, Vaşinqton görüşündə əldə edilən razılaşmadan sonra, hər kəs bu dəhlizin bütün Avrasiya regionunun siyasi və iqtisadi xəritəsini dəyişdirəcəyinə dair bəyanatlarla çıxış edir. Odur ki, ayrı-ayrı dövlətlər və beynəlxalq güclər dəyişikliklərdən bu və ya digər şəkildə faydalanmaq üçün cəhdlər edirlər. Başqa sözlə desək, dəhlizin əhəmiyyəti yeni geosiyasi reallıqlar yaratmaq imkanları ayrı-ayrı regional və beynəlxalq gücləri bu istiqamətdə mübarizəyə məcbur edir. Rusiya belə bir əhəmiyyətli dəhlizə nəzarəti özü həyata keçirməklə yeni təsir və təzyiq imkanları əldə etməyə çalışır. İran, əsasən, oranın dini hakimiyyəti bu dəhlizin türk dünyasının birliyinə yol açacağını bildiyi üçün ümumiyyətlə, açılmasının əleyhinə çıxış edir.

Yəni Rusiya üçün dəhlizə ABŞ-nin nəzarəti region üzərində təsir imkanlarını itirməkdirsə, İran üçün dəhlizin açılması bir tərəfdən, hazırda öz ərazisindən malların tranzitindən əldə etdiyi gəlirin itirilməsi, digər ən əsası isə bölgədə Azərbaycan və Türkiyənin mövqeyinin daha da möhkəmlənəcəyi, türk dünyasının birliyi üçün yeni imkanlar açılacağı ilə bağlıdır.

Həm Rusiya, həm də İran üçün vacib olan iqtisadi mənfəət deyil, siyasi maraqlardır. Dəhlizin hər hansı şəkildə açılması onsuz da iqtisadi baxımdan İranın da, Rusiyanın da maraqlarına cavab verəcək. Belə ki, Zəngəzur dəhlizinin işə düşməsi ilə İran dəmir yolu ilə Fars körfəzindən Qara dənizə çıxış imkanı əldə edəcək. Digər tərəfdən, həm İran, həm də Rusiya bir-biri ilə dəmir yolu əlaqəsi yarada biləcək. Hazırda Cənubi Qafqazdan İranı Rusiya ilə birləşdirən dəmir yolu yoxdur və İran bu yolun açılması ilə öz müttəfiqi Rusiya ilə də dəmir yoluna sahib olmaq imkanı əldə edəcək. Eyni şəkildə həm Rusiya, həm də İran Naxçıvan dəmir yolları üzərindən Ermənistanla dəmir yolu əlaqəsi qura biləcəklər ki, bu da kifayət qədər iqtisadi fayda deməkdir.

Eyni şəkildə Qərbin də dəhlizlə bağlı planları və maraqları mövcuddur. Avropanın marağı dəhliz vasitəsilə Asiya ilə daha sıx və sərfəli ticari-iqtisadi münasibətlər qurmaqdan ibarətdirsə, ABŞ-nin marağı həm region üzərində maraqlarını təmin etmək, həm də Çindən Böyük Britaniyaya uzanan Orta dəhlizin vacib komponenti qismində çıxış edən dəhlizə nəzarəti həyata keçirməklə Avropa, Çin üzərində təsir rıçaqları əldə etməkdir. Buraya “Bir kəmər – bir yol” layihəsinə alternativ marşrutlarda maraqlı olan və bu baxımdan, Zəngəzur dəhlizinin açılmasına müsbət yanaşmayan Hindistanın maraqlarını əlavə etdikdə, mənafelər toqquşmasının səviyyəsini açıq-aydın görmək olur.

- Azərbaycan-Ermənistan arasında sülh sənədinin ABŞ-da paraflanmasından sonra durum necədir?

- Uzun müddətdir, gözlənilən hadisə artıq baş verdi. Sülh sazişinin paraflanması ilə yanaşı, Zəngəzur dəhlizi ilə bağlı razılaşma, ATƏT Minsk qrupundan imtina ilə əlaqədar addımlar atıldı. Belə demək mümkünsə, Azərbaycan Vaşinqton görüşündən istədiyi hər şeyi aldı. Dəhliz bizim tələblərimizə uyğun Naxçıvana birbaşa və maneəsiz gediş-gəlişin təmin edilməsi şəklində açılacaq, imzalanmış üçtərəfli bəyanatda Ermənistanda konstitusiya dəyişikliyi bir öhdəlik kimi əks olundu və üstəlik, ATƏT Minsk qrupundan imtina edilməsi ilə bağlı birgə müraciətlə yanaşı, ABŞ tərəfindən tətbiq edilən 907-ci düzəlişin icrası da dayandırıldı. 

İndi artıq konkret addımların atılması lazımdır və bu addımlar Ermənistan tərəfindən atılmalıdır. Söhbət Konstitusiya dəyişiklikləri ilə bağlı referendumun keçirilməsindən, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması üçün işlərə start verilməsindən gedir. Dəhlizlə bağlı, həmçinin ABŞ tərəfindən də müvafiq addımlar atılmalıdır, çünki dəhlizdə fəaliyyətin təşkili faktiki olaraq ABŞ-yə həvalə olunub. Düşünürəm, yaxın günlərdə bu istiqamətdə ABŞ və Ermənistan arasında konkret sənədin imzalanmasına və işlərə start verilməsinə şahidlik edəcəyik. Konstitusiya dəyişikliyi məsələsi isə Ermənistan hakimiyyətinin ictimai rəyi nə qədər tez və effektiv hazırlamasından asılı olacaq. Əgər Paşinyan referendumun keçirilməsinin və konstitusiya dəyişikliyinin seçki prosesinə mənfi təsir etməyəcəyindən əmin olarsa, o zaman müvafiq referendumun Ermənistanda parlament seçkiləri ilə eyni gündə keçirilməsi də baş tuta bilər. Əks təqdirdə, yəni Paşinyan indiki halda dəyişikliklərin hakim partiyanın seçki qələbəsinə mənfi təsir edəcəyini düşünəcəksə, o zaman, yəqin ki, seçkilərdən sonra daha altı ay gözləmək məcburiyyətində qalacağıq. 

- Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi istiqamətində hansı işlər görülür və bu, hansı zəruri tələbdən irəli gəlir?

- Ermənistanla sülh olmamasından asılı olmayaraq, ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün davamlı şəkildə fəaliyyətin həyata keçirilməsi şərtdir. Məhz elə bu səbəbdəndir ki, qələbədən sonra belə dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinin hər keçən il artdığına şahidlik edirik. Bu da təbiidir. Dünyada baş verən hadisələr, xüsusilə də regionumuzda, qonşularımızın iştirak etdiyi müharibələr bizi hər zaman hazır olmağa məcbur edir. Şimal qonşumuz Rusiyanın Ukrayna ilə apardığı müharibə fonunda imperiya təfəkküründən əl çəkməməsi, Cənub qonşumuz İranla bağlı İsrail və ABŞ-nin yeni hərbi əməliyyatlar ehtimalı məcbur edir ki, təhlükəsizliyimizi ən üst səviyyəyə qaldıraq. Ona görə də dost ölkələrlə yeni hərbi əməkdaşlıq sazişlərinin imzalanması, Silahlı Qüvvələrimizin möhkəmlənməsi və daha da gücləndirilməsi üçün yeni silah müqavilələrinin bağlanması həyata keçirilir və paralel olaraq ölkəmizin silah sənayesi də inkişaf etdirilir.