"Zəngəzur razılaşmasını heç bir qüvvə poza bilməz" - Sərdar Cəlaloğlu

15:40 16.10.2025
Yazını böyüt
Yazını kiçilt

ADP sədri, politoloq Sərdar Cəlaloğlu hafta.az saytına verdiyi müsahibəsində dünya siyasətinin bir sıra mühüm məsələlərini şərh edib. Misirdə ABŞ, Türkiyə, Misir və Qətər arasında Qəzzada sülhlə bağlı imzalanan atəşkəs sazişinin dayanıqlı olacağına dair sualı cavablandıraraq, bu sazişin ABŞ-nin strateji maraqlarına uyğun olduğunu, buna görə də pozulmasının qeyri-mümkün olduğunu vurğulayıb. Fələstin dövlətinin yaradılması məsələsini də müzakirə edərək, ABŞ-nin bu istiqamətdə hərəkət etməsinin mümkün olduğunu bildirib. Ukrayna–Rusiya müharibəsinin uzun müddət davam edəcəyini və münaqişənin həllinin Rusiya ilə ABŞ və Avropa arasında aparılacaq danışıqlardan asılı olacağını qeyd edib. Ermənistanın daxili siyasətində isə ABŞ-nin təsirinin artdığını və “Tramp yolu” adı altında Zəngəzur dəhlizinin strateji əhəmiyyətini qeyd edərək, həmin marşrutun işə düşməsini heç bir qüvvənin poza bilməyəcəyini bildirib. Ümumilikdə, politoloq dünyadakı bu siyasi və hərbi gərginliklərin əsasən böyük güclərin maraqlarına uyğun idarə olunduğunu qeyd edib.

– Bu günlərdə Misirdəki beynəlxalq sammitdə Qəzzada atəşkəslə bağlı imzalanmış ABŞ–Türkiyə–Misir–Qətər sazişini nə qədər dayanıqlı hesab etmək olarmı?

– Hamı bilir ki, İsrail–Fələstin münaqişəsinin arxasında Amerika dayanıb.  Amerika bunu heç gizlətmir də... İndiyədək həm İsrailə siyasi və hərbi dəstək verib, həm ərəb ölkələrini neytrallaşdırıb, həm də Türkiyə kimi bir ölkəni Fələstinə hərbi dəstəkdən çəkindirib. Misirdə Qəzzada sülhlə bağlı imzalanmış saziş ABŞ-nin maraqlarına uyğun olduğundan, istər İsrail, istərsə də hər hansı digər dövlət bu sazişi pozmayacaq. Düşünürəm, bundan sonra ara-sıra kiçikmiqyaslı toqquşmalar baş versə də, böyük mənada İsrail–Fələstin münaqişəsi bir daha meydana çıxmayacaq...

– Bu sazişdən sonra Fələstin dövlətinin yaradılması ideyası nə dərəcədə realdır?

– Zatən, İsrail 1949-cu ildən bəri Fələstinə aid torpaqların 90 faizini işğal edib. Hazırda Fələstin xalqının nəzarətində olan ərazi, demək olar ki, Naxçıvan boyda bir məkandır. Belə bir ərazidə də dövlət qurulması İsrailə heç bir problem yaratmaz. Odur ki, Amerika istədiyi gün Fələstin də dövlət kimi dünya birliyi tərəfindən tanınanacaq. Zatən, dünya dövlətlərinin əksəriyyəti, artıq Fələstinin müstəqilliyini tanıyıb. Bir əsas ABŞ qalır. O da tanıyan kimi, İsrail də bunu qəbul edəcək. Nəticədə, orada iki qonşu dövlət olacaq: cırtdan Fələstin dövləti və ondan qat-qat güclü İsrail dövləti...

– Rusiya–Ukrayna savaşının gedişi və gələcəyi barədə gəldiyiniz son nəticələr nədən ibarətdir?

– Son təhlillərdən belə nəticəyə gəlmək olur ki, Ukrayna savaşı hələ uzun müddət davam edəcək. Burada iki əsas taktika görünür. Birincisi, Rusiya çalışır, birbaşa Ukrayna ilə deyil, daha çox Qərb və ABŞ ilə danışıqlar vasitəsilə sülhə nail olsun. Nəticədə, Avropa və Amerikadan böyük təəhhüdlər alsın. Yəni onların Moskva qarşısında müəyyən öhdəliklər götürməsinə nail olsun.  Kremldə bilirlər ki, Ukrayna ilə birbaşa tərəf-müqabil olacağı təqdirdə, Rusiya bir dövlət kimi, son 3 ildən çox müddətdə verdiyi itkilərin müqabilində heç bir şey əldə edə bilməyəcək. Ona görə də Moskva Qərbi, Avropa ölkələrini qıcıqlandırmağa çalışır. İkinci taktika Ukraynaya məxsusdur. O çalışır ki, Rusiyaya qarşı müharibədə mümkün qədər Qərbin və ABŞ-nin potensialından istifadə etsin, Avropaya inteqrasiyasını sürətləndirsin və dövlət olaraq güclənsin. Bunları nəzərə alaraq belə düşünürəm ki, münaqişənin həlli Rusiya–Ukrayna formatından daha çox ABŞ–Rusiya–Avropa Birliyi səviyyəsində aparılacaq danışıqlardan asılı olacaq.

Bir daha deyirəm: münaqişənin həlli həddən artıq uzun çəkəcək. Məsələn,  hətta baxırıq ki, ABŞ Senatında 2027–2030-cu illərdə Rusiya–Ukrayna müharibəsi haqqında fikirlər səslənir, pul ayrılması barədə layihələr təklif edilir. Deməli, bu münaqişənin, azı, 2030-cu ilədək davam etdirilməsi ehtimalı var.  Belə yanaşmanın məqsədi həm Rusiyanı, həm də Ukraynanı iqtisadi və hərbi baxımdan tükəndirməkdir.

– Bəzi xarici, o cümlədən Ukrayna ekspertləri iddia edirlər ki, Putin yaxın müddətdə, hətta qarşıdakı 3 həftədə Narva istiqamətindən Estoniyaya hücum planlaşdırır. Sizcə, bu nə dərəcədə real ola bilər?

– Rusiya Estoniyaya da hücum edə bilər, Polşaya da, hətta Almaniyaya da. Bu bizim başa düşdüyümüz kimi, ciddi bir hücum ola bilməz, çünki həmin ölkələrdə NATO qoşunları var. Sadəcə, hərbi əməliyyatlar başlayacaq, sonra təcili danışıqlar müstəvisinə keçiləcək. Yəni masada, artıq birbaşa NATO-nun aparıcı ölkələri olacaq. Nəticədə Ukrayna münaqişəsi o müstəvidə həllini tapacaq...

– Ermənistanda son vaxtlar maraqlı və ziddiyyətli olaylar baş verir. Bu günlərdə türkiyəmənşəli erməni iqtisadçısı, Nobel mükafatçısı Daron Acemoğlunun, guya, Putinin həbsdə olan milyarder desantı Samvel Karapetyanın “Bizim yol” hərəkatına qoşulması, onlayn olsa da, həmin hərəkatın ilk hesabat yığıncağında məruzə etməsi haqqında məlumatlar yayıldı. Halbuki Acemoğlunu 2018-ci ildə hakimiyyətə gəldikdən az sonra Nikol Paşinyan Ermənistan iqtisadiyyatını dirçəlməsinə dəstək verməsi məqsədi ilə ölkəyə dəvət etmişdi. O, hətta bir müddət Baş nazirin iqtisadi müşaviri də olmuşdu... Sizcə, nə baş verir?

–        Ermənistana gəldikdə, onun təbii ehtiyatları məhduddur və orada iqtisadiyyatın inkişafı yalnız insan ağlına bağlıdır. Bu mənada, Nobel mükafatçısı Acemoğlunun Ermənistanın iqtisadiyyatını inkişaf etdirməyə dəstək məqsədi ilə ölkəyə dəvət olunması Paşinyan tərəfindən atılmış çox düzgün addım olub. Azimovun Ermənistandakı siyasi fəaliyyətə daxil olması məsələsinə gəlincə, əvvəla, o, Türkiyə vətəndaşıdırsa, Ermənistan qanunlarına görə, ölkədəki hər hansı siyasi hərəkata rəsmən qoşulmaq hüququ yoxdur.  Sadəcə  Acemoğlunun hansısa siyasi təşkilata rəğbəti ola bilər. Bu, hətta Samvel Karapetyanın hərəkatı olsa belə, bir nəfərin ona kənardan dəstək verməsinin heç bir ciddi nəticəsi ola bilməz. Yəni bunun hakimiyyətə təsir etməsi mümkün deyil. Həm də ona görə ki, indiki halda Paşinyan Qərbin maraqlarını tam ödədiyinə görə heç bir qüvvə onu hakimiyyətdən uzaqlaşdıra bilməyəcək...

– Erməni mediasına müsahibəsində rusiyalı politoloq Mixail Aleksandrov deyib ki, “Tramp marşrutu” layihəsinin həyata keçirilməsi Ermənistan daxilindəki siyasi proseslərdən asılı olacaq. Yəni onun sözlərindən belə çıxır ki, əgər gələnilki seçkilərdə radikal revanşist qüvvələr tərəfindən Paşinyan məğlub edilərsə və hakimiyyətə Köçəryanın, Samvel Karapetyanın nəzarət etdiyi qüvvələr gələrsə, o zaman Zəngəzur dəhlizinə nəzarət asanlıqla Rusiyanın əlinə keçə bilər. Bu mövzuda siz nə düşünürsünüz?

– Əksinə, hesab edirəm, Ermənistan daxilindəki siyasi proseslərin inkişafı “Tramp yolu” ilə bağlı görülən işlərdən asılı olacaq. Amerika əlini, artıq ora qoyubdur. İstər Rusiya, istərsə də İran buna müqavimət göstərə bilməyəcək. Azərbaycanda bu marşrutun Trampın nəzarətində olmasına razılıq veribdir. Ona görə də, dediyim kimi, Ermənistandakı siyasi və iqtisadi proseslərin hamısı “Tramp yolu” adlanan Zəngəzur dəhlizinin mövcudluğuna uyğunlaşdırılacaqdır. Bu da o deməkdir ki, rusiyapərəst qüvvələrin orada hakimiyyətə gəlmək şansı yoxdur...

Onu da xatırladım, Ermənistan hakimiyyəti ABŞ ilə Zəngəzurdan keçəcək TRİPP layihəsi ilə bağlı konkret bir saziş bağlayıb və həmin sazişə əsasən Birləşmiş Ştatlar artıq bölgədədir... Odur ki, bu sazişi heç bir qüvvə pozmaq iqtidarında deyil. Burada Vaşinqtonun iqtisadi marağı var və ABŞ Zəngəzur dəhlizi naminə Rusiya ilə müharibə də edə bilər.Yəni bu dəhlizin əhəmiyyəti olduqca böyükdür...

– Belə çıxır, seçkilər, yaxud başqa vasitələrlə Ermənistanda hakimiyyət dəyişsə və yenidən revanşist, rusiyapərəst qüvvələr idarəçiliyə keçsə belə, onlar da Zəngəzur - “Tramp yolu” ilə bağlı sazişi icra etməmək iqtidarında ola bilməzlər?

– Ümumiyyətlə, əgər hakimiyyətə gələcək yeni qüvvə onun strateji planlarına mane olacaqsa, Amerika Ermənistanda heç bir hakimiyyət dəyişikliyinə imkan verməyəcək. Hesab edirəm, Ermənistanın siyasəti artıq Amerikanın təsirindən daha çox asılıdır və burada hər hansı bir müdaxilə mümkünsüzdür...

– Trampdan söz düşmüşkən, onun xüsusən ikinci prezidentlik dövründəki ilk baxışdan həddindən artıq məntiqsiz, tez-tez hədəfləri dəyişən və xaotik görünən siyasəti haqqında fikirlərinizi bilmək maraqlı olardı. Düzdür, hazırkı ABŞ liderinin Qəzza ilə bağlı sülh sazişinə nail olmasını, hələlik, böyük siyasi uğur hesab etmək olar. Fəqət, Rusiyanın Ukraynaya təcavüzü probleminə gəlincə... Ukraynada savaşın ədalətli şəkildə dayandırılması üçün real bir iş görmür və sadəcə baş qatır, Rusiyanın xeyrinə vaxt uzadır...

– Əvvəla, Trampın guya “KQB” agenti olması barədə  söz-söhbətlərin hamısı yanlış məlumat və mühakimələrdir...

İkincisi, Birləşmiş Ştatlar dövləti şəxslərlə idarə olunmur.  Amerikanın bir çox siyasi institutları var ki, prezidentlər üçün siyasi istiqamətləri onlar müəyyən edir.

Üçüncüsü, əslinə baxsan, Tramp imrovizatordur. O, görəcəyi işi əvvəlcədən demir. Əvvəlcə ona gərək olmayan bir ideyanı səsləndirir, lazım olan ideyanı isə onun arxasınca həyata keçirir. Məsələn, əvvəlcə hamıya elə gəldi ki, ABŞ Prezidenti Ağ evdən Zelenskini qovdu, deməli, Ukrayna liderini bəyənmir, Putini çox istəyir. Belə nəticəyə gəlindi ki, artıq Ukrayna münaqişəsi Rusiyanın xeyrinə həll olunacaq.  Sonra gördük ki, az qala, Ukraynanın əvəzinə, Amerika Rusiya ilə vuruşur, yəni Trampın metodu bundan ibarətdir. Əvvəlcə nəyisə əldə etmək üçün rəqibini şirəyə çəkməyə çalışır, ona xoşluqla, pişim-pişimlə yanaşır. Əgər bu yolla nəsə əldə edə bilmirsə, o halda öz dişini göstərir. Heç təsadüfi deyil, o dedi ki, əgər Rusiya mənim dediyimi etməsə, bu ona çox baha başa gələcək... Bir sözlə, düşünmürəm, Tramp bəzilərinin ehtimal etdiyi kimi, sadəlövhdür və yalnız öz başının ağlı ilə hərəkət edir...

O ki qaldı Trampın guya “KQB” agenti olması barədə mülahizələrə, Amerika kimi bir dövlətin başına Rusiya agenti gəlsə belə, bu dövlətin bütün institutları Moskvaya satılmayanadək həmin prezident heç bir xəyanət işi görə bilməz. Ən yaxşı halda impiçment yolu ilə hakimiyyətdən gedər. Ona görə də Trampın Amerika siyasətində yeganə rol oynadığını düşünmək də yanlışdır. Orada Senat var, Konqres var, məhkəmələr var. Hakimiyyətdə olduğu 10 aya yaxın müddətdə Tramp prezident kimi neçə qərar verib. Bunların bəzilərini Senat və Konqres, bir çoxunu isə Ali Məhkəmə ləğv edib. Ona görə də Tramp nə istəsə, deyə bilər, amma onları özbaşına həyata keçirə bilməz. Onun dediklərinin qanun halına gəlib həyata keçməsi üçün  Konqresin, Senatın və Ali Məhkəməsinin bilavasitə razılığı gərəkdir. Bəzi məsələlərdə, hətta Pentaqon prezidentin göstərişlərini icra etməyə bilər. Məsələn, Trampın ilk prezidentliyi dövründə Suriyadan qoşun çıxarmaq qərarını versə də,  Pentaqon bunun  Amerika maraqların uyğun olmadığını bildirdi və bu günədək hələ də qoşunlar orada qalır.

Sultan Laçın