İspaniyanın şimal-qərbində yerləşən Salto de Kastro adlı kənd 260 min avroya satışa çıxarıldıqdan sonra beynəlxalq diqqət çəkib.
Portuqaliya sərhədindəki qəsəbə paytaxt Madriddən üç saatlıq məsafədədir. Kənddə 44 ev, mehmanxana, məktəb, bələdiyyə hovuzu, hərbi kazarma var, amma yaşayan yoxdur. Salto de Kastro 30 ildən çoxdur ki, tərk edilib.
Sahibkar kəndi 2000-ci illərin əvvəllərində bu ərazini turistik məkana çevirmək məqsədi ilə alıb. Lakin avrozonadakı iqtisadi böhran onun bu arzusunu həyata keçirməsinə mane olub.
Kəndin sahibini təmsil edən investisiya firmasından Ronnie Rodriguez deyib: “Ev sahibi burada otel tikmək niyyətində idi, lakin bu baş tutmadı. Bununla belə, o, hələ də layihənin reallaşmasını istəyir”.
Kəndin internet saytındakı reklamda 80 yaşlarında olan torpaq sahibinin sözləri də yer alıb. Bu şəxs deyir: “Şəhərdə olduğum üçün satıram və artıq pulum yoxdur".
İnvestisiya müşaviri Rodriguez bildirib ki, 300-dən çox insan potensial alıcı kimi onlarla əlaqə saxlayıb.Potensial alıcılar arasında Rusiya, Belçika, Fransa və Böyük Britaniyadan olanlar var. Rodriges bir nəfərin hətta depozit qoyduğunu bildirib.
Torpaq sahibini təmsil edən investisiya məsləhət şirkəti qeyd edir ki, kəndi işlək və cəlbedici yerə çevirmək üçün 2 milyon avrodan çox vəsait lazımdır.