Şuşa şəhərinin 28 illik işğalı dövründə ermənilər bir çox yaşayış binaları, infrastruktur obyektləri kimi elektrik şəbəkəsi sistemini də bərbad duruma salıblar.
Hafta.az xəbər verir ki, bunu Azərbaycan jurnalistlərinin Azərişıq" və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Füzuli, Hadrut və Şuşaya mediaturu zamanı Şuşa Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin binasında təqdim olunan foto-görüntülər də təsdiqləyib. Mərkəzin ikinci mərtəbəsinin dəhlizindəki həmin fotolar haqqında "Azərişıq" ASC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Vaqif Mustafayev bəhs edib.
Məlum olub ki, 28 illik işğalı dövründə haylar Şuşadakı sovet dövründən qalma, XX əsrin 40-cı illərini xatırladad köhnə yarımstansiyalarda heç bir yenidənqurma işləri aparmayıb, əksinə, onları daha bərbad duruma salıblar.
Xatırladılıb ki, Prezident İlham Əliyevin 2022-ci il mayın 10-da açılışını etdiyi Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin müasir standartlara uyğun qurulmuş binası məhz fotolardakı işğal dövrünə aid bərbad yarımstansiyanın yerində inşa olunub.
İstismara verilmiş yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi 35/0,4 kilovoltluq 2x2500 kilovatt gücündədir. Rəqəmsal İdarəetmə Mərkəzində ənənəvi üçpilləli 35/10-6/0,4 kilovoltluq paylayıcı elektrik şəbəkələri yerinə Şuşada qurulan yeni dairəvi elektrik təchizat sxemi müasir dəringirişli ikipilləli 35/0,4 kilovoltluq şəbəkələrlə əvəz edilib.