8 ayda 10 min boşanma - Müzakirə

10:51 20.10.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda bu ilin 8 ayında qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-avqust aylarında qeydiyyat şöbələri tərəfindən 40277 nikaha daxilolma və 10391 boşanma halları qeydə alınıb. Əhalinin hər 1 000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,4-dən 6,0-a qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,5-ə düşüb. Amma boşanmaların sayında qeydə alınan azalma ciddi rəqəm hesab olunmur. Ekspertlər düşünürlər ki, Azərbaycanda boşanmaların sayı hələ də kritik həddədir.

Bəs, görəsən, Azərbaycanda ailələr niyə dağılır? Ailəni qorumaq üçün hansı addımları atmaq lazımdır?

Məsələni hafta.az-a şərh edən psixoloq Vəfa Əkbər bildirib ki, boşanma səbəbləri müxtəlifdir: “Öz təcrübəmdəm çıxış edərək deyə bilərəm ki, boşanmaların başlıca səbəblərindən biri gənclərin düşünmədən nikaha girməsidir. Yəni, onlar fikirləşirlər ki, evlənim, ailə sahibi olum anamı-atamı xoşbəxt edim. Belə gənclər bir-birlərini tanımırlar. Evlilikdən öncə həqiqətdə necə olduqlarını göstərmirlər, “maskalanırlar”. Çox ailələrdə mən səni filankəsə vermişəm deyərək qızını hansısa ailəyə gəlin köçürdürlər. Və ya oğlana deyirlər ki, mən filankəsə söz vermişəm, sənə onun qızını alacam və s. Bu bizim bəlamıza çevrilir. Belə olanda insanlar umduqları hüzuru, xoşbəxtliyi görə bilmirlər. Gəldikləri ailədə bir-birləri ilə sözləri tutmur. Çünki dəyərləri, fikirləri, həyata baxışları eyni deyil. Nəticədə cütlüklər bir-birlərini tamamlamadıqları üçün həmin ailələrdə həmişə söz-söhbətlər, münaqişələr, dava-dalaşlar olur. Təbii ki, bu hal hər iki tərəfin əsəbini tarıma çəkdiyi üçün tərəflərdən biri tam tükənir və boşanma qərarı verir. Ailələrin dağılmasının ikinci səbəbi maddi problemlərdir. Maddi vəziyyətin yaxşı olmamağı, bəzi ailələrdə hətta maddi vəziyyət yaxşı olsa belə xəsislik edilərək ailənin ehtiyacının qarşılanmaması gərginliyə, söz-söhbətə gətirib çıxarır. Digər bir səbəb də ailəyə üçüncü, dördüncü şəxslərin müdaxiləsidir. Bu səbəb də ailələrə nifaq salır. Yəni, boşanmaların əsas səbəbləri bunlardır. Amma köməkçi səbəblər də ola bilər. Tutaq ki, ailədə uşağın olmaması və ya bir müddət sonra fiziki, psixoloji, iqtisadi şiddətə məruz qalma və s. Əslində biz bu bərədə illərdir ki, danışırıq. Amma heç kimi bu məsələ maraqlandırmır. Məsələn, evlilikdən öncə sağlamlıqla bağlı kağız alırlar. Lakin psixoloji vəziyyətlə bağlı hər hansı sənəd tələb olunmur. Hesab edirəm ki, boşanmaların sayının azaltmaq üçün ailələrdəki psixoloji vəziyyət təhlil edilməlidir. Tutaq ki, bu ailə niyə qurulur? Qız ailəsindən canını qurtarmaq üçünmü evlənir və ya oğlan söz-söhbətdən bezdiyi üçünmü evlənir, yaxud da ailə quran tərəflərin yaşımı ötür və s. Yəni, bütün bu səbəblər araşdırılmalıdır. Bu səbəbləri də ailə qurmamışdan öncə cütlüklər psixoloqa müraciət edərək təyin edə bilirik. Amma bunların heç biri baş vermir. Səsimizi heç kim eşitmir. Və ona görə də ailə dəyərləri get-gedə sınır”.

Məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu isə hesab edir ki, bu barədə təcili tədbirlər görülməlidir: “Bizim xalqımızın mədəniyyət sistemində ailə çox mühüm bir rol oynayır. Ailədə olan gərginlik ölkənin mənəviyyatına, mədəniyyət sisteminə çox ciddi, mənfi təsir edir. Bu da ümumiyyətlə ölkənin tərəqqisində yaxşı olmayan rollar oynayır. Ona görə də bu sahədə ciddi tədbirlər görmək lazımdır”.

Onun fikrincə, boşanmaların sayının artmasının bir sıra səbəbləri var: “Boşanmalar cəmiyyətin özünün qanunauyğunluğundan doğur. Bu hansısa təşkilatın, rəhbər işçinin fəaliyyəti nəticəsində baş verməyib. Cəmiyyətin qanunauyğunluğunun əsas mahiyyəti nədir? Min illərdir ki, bütün tarix boyu alimlər də, peyğəmbərlər də, dini kitablar da bizə həmişə deyirlər ki, bir yerdə, bir ölkədə ki, mənəvi dəyərlər öndədir o həmin cəmiyyətdəki prosesləri tənzimləyir, ahəngdar yöndə istiqamətləndirir. O yerdə ki, mənəvi dəyərlər get-gedə sıxılır, arxa plana keçir, basqı altına düşür, orada hökmən kriminal, xoşagəlməz vəziyyətlər, gərginlik yaranır. Adicə ailə üzvləri arasında mənəvi dəyərlər üstün olanda orada ahəngdar vəziyyət yaranar. Eyni zamanda ölkə də  belədir. Bu məsələlərin kökündə  ciddi sosial qanunlar dayanır. Bütün tarix boyu bizim mədəniyyətimizdə, mənəviyatımızda ailə dəyəri mühüm rol oynayıb. Buna görə də ailədə dağıntı Azərbaycan cəmiyyəti üçün daha böyük fəaliyyətdir, nəinki digər xalqlar üçün. Bizim ölkədə cəmi 10 milyon əhali var. Onun da 4 milyona qədəri deyirlər ki, xaricdədir. Bir hissəsi də qocalardır, ahıllardır, digər hissəsi körpələrdir. Ortada  3 milyona qədər fəal əhali qalır. Onların davranışında dəyişiklik etmək elm üçün heç də böyük bir problem deyil. Fəqət çox təəssüf ki, elmi tədqiqata, elmi təminata fikir verən yoxdur. Bu sahədə elmin tövsiyələrinə heç kim fikir vermir. Məmurların bir çoxu bəlkə də hiss etmir ki, elm nədə kömək edə bilər. Halbuki son 2 əsrdə sosiologiya, sosial idarəetmə, sosial psixologiya, sosial iş – bu istiqamətlərdə onlarla elm sahəsi yaranıb ki, bu cür işlər tənzimlənsin. Amma gəlin bu günləri bu sahədə məşhur olan məmurları soruşaq görək həmin bu elmlər barədə məlumatı varmı? Bu elmlərdən istifadə edə bilirmi? Bu problemdə ailə işinə məsul olan şəxslərdə, məmurlarda günah var. Onları bu sahədə fəaliyyətləri yoxdur. Əslində boşanmaların qarşısını almaq üçün mənəvi dəyərləri arxa plana keçirən amilləri ortadan qaldırmaq lazımdır. Bir zamanlar Azərbaycan cəmiyyətini tənzimləyən çox mühüm bir institut var idi – ağsaqqallar və ağbirçəklər. Harada ki onlar olurdu, işləri tənzimləyirdilər. Çox təəssüf ki, hazırda onlar cəmiyyətdə aparıcı rol oynaya bilmirlər. Bu istiqamətdə işlər görmək üçün ölkədə humanitar siyasətdə dəyişiklik olmalıdır.  Bu sahədəki elm adamlarını bir yerə toplayıb fəaliyyət proqramı hazırlamaq lazımdır. Fəaliyyət proqamında nəzərdə tutulacaq ki, Milli Məclisdə qanunvericiliklə bağlı hansı işlər görülməlidir? Maarifləndirmə hansı şəkildə aparılmalıdır? KİV-də nələr edilməlidir? Çox işlər görülə bilər. Bu sahədə  fəaliyyət proqramı qəbul olunmalı və həyata keçirilməlidir. Necə ki, bölgələrdə sosial-iqtisadi inkişafla bağlı müəyyən proqramlar həyata keçiririk, humanitar sahədə də belə olmalıdır”.