Mövcud qanunvericiliyə əsasən, gələn ilin yanvarın 1-dən müvafiq əhali qrupları üzrə icbari tibbi sığorta haqqının toplanılmasına başlanılmalıdır. Belə ki, işəgötürənlər, işçilər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və fərdi sahibkarlar icbari tibbi sığorta haqqı ödəməlidirlər. Bundan əlavə, dövlət tərəfindən də vətəndaşlar üçün icbari tibbi sığorta haqqı ayrılacaq.
İcbari tibbi sığorta haqqının məbləğinə gəldikdə, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta haqqı tutulacaq. Bu isə o deməkdir ki, aylıq 8.500 manat əməkhaqqı alan vətəndaş aldığı 8.000 manatın 2 faizi, qalan 500 manatın isə 0,5 faizi miqdarında icbari tibbi sığorta haqqı hesablanacaq. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 1 faiz, 8.000 manatdan yuxarı hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı ödəniləcək. 2022-ci ildən etibarən isə bu sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 2 faiz miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.
Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8.000 manatadək olan hissəsinin 2 faizi, 8.000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı müəyyən olunub. Həmçinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilib. Məsələn, hazırda ölkədə minimum aylıq əməkhaqqı 250 manatdır. Bu halda həmin məbləğin 4 faizi, yəni 10 manat miqdarında aylıq icbari tibbi sığorta haqqı ödənilməlidir.
Yeri gəlmişkən, icbari tibbi sığortanın ölkə üzrə tətbiqi işəgötürənlərin qarşısında yeni vergi öhdəliyi yaradır və bu zaman vergi ödəyicisi olan işəgötürənin işçisini icbari tibbi sığortalaması məcburidir. "Tibbi sığorta haqqında" Qanuna əsasən, Azərbaycan Respublikası Milli Məclisi və Prezidenti tərəfindən təyin olunan, həmçinin seçkili ödənişli vəzifədə işləyən, neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslər üzrə nəzərdə tutulan sığorta haqqı sığortalı (işəgötürən) tərəfindən hər ay üçün hesablanır, əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir. İşçinin əmək müqaviləsinə xitam verildiyi hallarda, əmək müqaviləsinə xitam verildiyi tarixdən bir ay ərzində həmin şəxsin sığortaolunan statusu saxlanılır.
Sığorta xərclərinə gəlincə, icbari tibbi sığorta haqqı işəgötürən və işçi arasında bölünür. Yəni, işçinin icbari tibbi sığorta haqqı üzrə xərcinin bir hissəsini işəgötürən ödəməlidir. Bunu işçinin sağlamlığının mühafizəsinə yönələn addım kimi qiymətləndirmək olar. Xatırladaq ki, icbari tibbi sığortanın xidmətlər zərfi iki hissədən ibarətdir: baza və əlavə hissə. Xidmətlər zərfinin baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəsinə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir. Xidmətlər zərfinin baza hissəsindən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə edə bilərlər. Baza hissədən istifadə pulsuzdur. Baza hissəsi üzrə hər il adambaşına dövlət büdcəsindən vəsait ayrılır.
Bəs, görəsən, gələn ilin yanvarından əhali qrupu üzrə icbari tibbi sığorta haqlarının toplanılmasına başlanacaqmı? İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu prosesə hazırdırmı?
Mövzu ilə bağlı hafta.az-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin çağrı mərkəzindən bildirilib ki, pandemiya vəziyyəti ilə əlaqədar bu məsələ qeyri-müəyyən vaxtadək təxirə salınıb. Çünki bu il bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulsa da, koronavirus prosesi ləngidib. Ona görə də əhali qrupu üzrə icbari tibbi sığorta haqlarının toplanılmasına nə vaxt başlanacağı dəqiq məlum deyil.
Çağrı mərkəzindən həmçinin vurğulanıb ki, sığortaolunanların təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım üzrə 2550 sayda müxtəlif tibbi xidmətdən yararlanmaq imkanları mövcuddur. Bunlardan təcili və təxirəsalınmaz tibbi yardım üzrə 6, ilkin səhiyyə xidməti üzrə 35, ixtisaslaşdırılmış ambulator yardım üzrə 1265, stasionar tibbi yardım üzrə 1244 xidmət təminata alınıb. Bundan əlavə, icbari tibbi sığorta təminatı ölkədə geniş yayılmış əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə medikamentoz və cərrahi müalicəsini də əhatə edir. Təminata alınmış əməliyyatlara 150-dən çox həyati vacib bahalı əməliyyatlar da daxildir. Xidmətlər zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) yalnız tibbi göstəriş olduğu hallarda "Tibbi sığorta haqqında" Qanuna uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisələrində və ya həmin müəssisələrin göndərişi əsasında göstərilir.
Xatırladaq ki, hazırda Azərbaycanın 23 şəhər və rayonunda – Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Ağdaş və Yevlaxda icbari tibbi sığorta tətbiq edilir.