Xəbər verdiyimiz kimi, ölkəmizdə sərnişindaşıma sektorunda fəaliyyət göstərən şirkətlər tariflərin artırılmasını istəyirlər. Bununla bağlı İqtisadiyyat Nazirliyinə kollektiv müraciət ünvanlanıb. Müraciətdə qeyd olunub ki, hazırda sərnişindaşımada mövcud olan gediş haqqı maliyyə xərclərinin qarşılanması üçün yetərli deyil. Vurğulanıb ki, ötən il dizel yanacağının qiyməti 33 faiz artırılaraq 80 qəpik müəyyən edilib. Bu növ yanacağın bahalaşmasının sahibkarlara təsirinin neytrallaşdırılması üçün ayrılan subsidiyanın məbləği isə yanacağın bahalaşması səbəbindən yaranan əlavə vəsait itkisinin cüzi hissəsini əhatə edir. Bundan əlavə, şirkətlər daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5 faizini "Bakıkart"a ödədiklərini və bunun kifayət qədər böyük faiz olduğunu bildiriblər.
Məsələ ilə bağlı Tarif Şurasından bildirilib ki, müraciətdə qeyd olunanlarla əlaqədar optimal qərarın verilməsində kompleks yanaşmanın tələb olunduğunu nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə bu sahədə xidmətin davamlılığının və rəqabətin təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının, bu sahədə fəaliyyət göstərən iri təsərrüfat subyektlərinin nümayəndələrindən ibarət işçi qrupun yaradılması və qaldırılan məsələlərin həlli yollarının müəyyənləşdirilməsi üçün təkliflər hazırlanması tapşırılıb.Təkliflər hazırlanaraq hökumətə təqdim olunacaq.
Ekspertlər hesab edirlər ki, sərnişindaşıma sektorunda fəaliyyət göstərən şirkətlərin sözügedən müraciətindən sonra ictimai nəqliyyatda qiymətlər böyük ehtimalla artacaq. Bəs, görəsən, qiymət artımı neçə faiz ola bilər? Gözlənilən qiymət dəyişikliyinin iqtisadi əsaslandırması varmı?
Məsələni hafta.az-a şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, 2021-ci ilin əvvəlindən etibarən nəqliyyat şirkətlərində, xüsusilə də kütləvi sərnişindaşımada xərclər əhəmiyyətli dərəcədə artıb:
“Düzdür, cəmiyyətdə qiymət artımı birmənalı qarşılanmır. Amma cəmiyyət olaraq daha keyfiyyətli xidmət almaq istəyiriksə, həmin xidmətlərin qarşılığını ödəmək məcburiyyətindəyik. Məlum olduğu kimi, 2021-ci ilin əvvəlindən etibarən yanacaq qiymətlərinə edilən korrektələrdən sonra nəqliyyat şirkətlərində, xüsusilə də kütləvi sərnişindaşımada xərclər əhəmiyyətli dərəcədə artıb.
Təxminən xərclər istifadə edilən yanacaq növündən asılı olaraq 30-40 faiz artıb. Bu isə öz növbəsində təbii ki, xidmətin qiymətinin artırılması zərurətini formalaşdırıb. Əslində həmin dövrdə Tarif Şurasının qərarında qeyd olunurdu ki, kənd təsərrüfatı və kütləvi sərnişindaşımaya yaranmış xərc yükünün subsidiyalaşdırılması mexanizmi işlənib hazırlanacaq. Kənd təsərrüfatına bu istiqamətdə müvafiq dəstəyin göstərilməsi üçün addım atılsa da, nəqliyyat şirkətlərinə münasibətdə bu edilmədi. Və artıq təbii ki, indiki şərtlər daxilində müəyyən mənada şirkətlər çətinlik çəkirlər.
Düzdür, faktiki olaraq Azərbaycanda statistik göstəricilərin, şirkətlərin özünün məlumatlarının əlçatan olmaması, şəffaf olmaması səbəbindən tam olaraq maya dəyərini hesablayıb konkret rəqəm demək çox çətindir. Amma istənilən halda aydın olan bir məsələ var ki, xərc yükü artıb. Digər tərəfdən əməkhaqqı xərcləri də çoxalıb. Çünki çalışanlarla əvvəlki şərtlər daxilində, əvvəlki əməkhaqqı ilə işləmək olmur. Bu da təbiidir. Çünki qiymətlər sürətlə artır. Belə bir şəraitdə müvafiq xərclərin hansısa formada əvəzlənməsinə ehtiyac var”.
İqtisadçının fikrincə, müvafiq xərclərin kompensasiya edilməsi iki formada ola bilər:
“Birincisi, dövlət müəyyən mənada indiki sosial şəraiti nəzərə alaraq xərclərin bir hissəsini subsidiyalaşdırır və nəqliyyat şirkətlərinə birbaşa dəstək göstərir. Eyni zamanda, bunu bir alətə çevirir. Yəni, indiki prosesi hansısa formada şəffaflaşdırır. Tutaq ki, sərnişinə görə qiymət kompensasiyasının subsidiya növünün yaradılması və tətbiq edilməsi nəqliyyat şirkətlərinin daşıdığı sərnişin sayının qeydiyyatını dəqiq aparmasına gətirib çıxaracaq.
Çünki o zaman şirkət nə qədər çox sərnişin daşıdığını qeyd edəcəksə, o qədər də çox yardım almış olacaqdır. Bu bir tərəfdən hökümətin sosial məqsədlərə çatmasına, ikinci bir tərəfdən də sözügedən sahədə şəffaflaşmanın təmin edilməsinə gətirib çıxara bilər. Bu addım atılmadığı təqdirdə, məcburən ikinci formadan istifadə ediləcək. Yəni, müvafiq xərclərin maya dəyəri olaraq son istehlak qiymətinə ötürülməsinə gediləcək. Bu da o deməkdir ki, xidmətin alıcısı, yəni sərnişin həmin xərcləri ödəməlidir.
İndiki şərtlər daxilində ehtimal olunur ki, hökümət sərnişindaşıma şirkətlərinə dəstək göstərməyəcək. Ola bilər ki, müvafiq məsələni bir neçə həftə, bir neçə ay müəyyən bir dövrdə ləngitməyə, yaranmış qiymət təzyiqi yükünü vətəndaşlara ötürməyə çalışsın”.
Qiymət artımının neçə faiz civarında baş verə biləcəyinə gəlincə, ekspert qeyd edib ki, şəhər nəqliyyatında təxminən 30-60 faiz civarında qiymət artımı ola bilər: “Tutaq ki, 30 qəpiklik xidmətləri 40-50 qəpiyə bahalaşdıra bilərlər. Amma burada söhbət təkcə şəhər nəqliyyatından getmir. Biz nəzərə almalıyıq ki, artımlar şəhərlərarası nəqliyyata da şamil olunacaq. Ümumilikdə isə qiymət artımı ilə bağlı qərar olarsa, bu minimum 30 faiz civarında baş verəcək”.
Məsələ ilə bağlı hafta.az-la fikirlərini bölüşən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, artımın nə qədər olacağı Tarif Şurasının səlahiyyətindədir: “Ehtimal var ki, qiymətlər 10 qəpik arta bilər. Yəni, 40 qəpik ola bilər. Amma bunun üçün mənim dəqiq hesablamam yoxdur. Artımın nə qədər olacağı Tarif Şurasının səlahiyyətindədir. Qiymət dəyişikliyinin iqtisadi əsaslandırmasına gəlincə, artıq müəyyən müddətdir ki, sərnişindaşımada qiymətlər stabil saxlanılıb. Bu sektorda dövlətlə bərabər özəl sektor iştirak edir. Özəl sektorda xərclər artıb. Xərcləri artıran əsas səbəb isə xatırlayırsınızsa, 2021-ci ilin əvvəlindən dizelin qiyməti 60 qəpikdən 80 qəpiyə qaldırılıb. Bundan sonra sərnişindaşıma şirkətləri şikayət etsələr də, onların şikayətinə baxılmadı. Hazırda şirkətlər indiki şərtlər çərçivəsində nə yeni avtobuslar ala bilirlər, nə cari öhdəliklərini icra edə bilirlər. Bu fəaliyyət rentabelsiz bir sahəyə çevrilib. Düzdür, dövlət zaman-zaman məsələyə müdaxilə edib. Məsələn, “BakuBus”ı yaradıb. Amma dövlət bütün sektoru milliləşdirə bilməz, bu səmərəli olmaz. Zatən, “BakuBus”a 10 milyonlarla investisiya yatırılıb, büdcədən pul xərclənib. Həmin yardımlardan özəl sektora da edilsəydi eyni səviyyədə inkişaf baş verə bilərdi. Bu baxımdan xərclərin artması səbəbindən sərnişindaşımada bir sərnişinin daşınma xərci artıb. Təbii ki, Tarif Şurası bu məsələyə yenidən baxmalıdır, xərcləri yenidən analiz etməlidir. Amma bilirik ki, əhalinin həssas təbəqəsi kütləvi ictimai nəqliyyatdan geniş istifadə etdiyinə görə, burada həddindən artıq qiymət artımlarına yəqin ki, hökümət icazə verməyəcək”.