Baş nazir Əli Əsədov iş və xidmət yerlərində fəaliyyət göstərənlərin vaksinasiya olunması üçün yeni qərar imzalayıb.
Nazirlər Kabinetindən bildirilib ki, qərara əsasən, cari ilin iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunacaq. Xəbər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Vətəndaşlar qərarın bütün fəaliyyət növlərinə aid ediləcəyindən narahatlıq keçiriblər.
Hafta.az-ın əməkdaşı mövzu ilə bağlı mütəxəssislərin rəyini öyrəndi.
İlk olaraq tibb sahəsi üzrə professor, həkim Adil Qeybulla bildirib ki, Covid-19 pasportu vaksinasiya olunub immunizasiya edilmək haqqında sənəddir. Lakin, təəssüflər olsun ki, bütün peyvənd olunanlarda immunitet formalaşmır:
“Covid pasportunun o insana verilməyi düzgün olar ki, onda antikor testi yüksəkdir. İnsan xəstələnərək də immunitet qazana bilər. Bu baxımdan da daha yaxşı olardı ki antikor testi aparılsın və həmin şəxslərə Covid-19 pasportu verilsin. Bu daha ədalətli addım olardı. Covid-19 pasportunun üzərində manipulyasiya etmək, sosial diskriminasiya üsullarına əl atmaq düzgün deyil. İnsanların da vaksinasiyadan şüurlu şəkildə imtina etməsi, ona qarşı antitəbliğat aparması da yanlışdır. Bütün bunları nəzərə alaraq düşünürəm ki peyvəndləmə könüllü olsa da insanlar başa düşməlidirlər ki, bu ictimai təhlükəsizlik məsələsidir. Vaksinasiya vaxtında icra edilsə idi bəlkə də indi başqa mənzərə izləyə bilərdik. Hər bir halda vaksin olunub, immuniteti formalaşan şəxsin cəmiyyətdə hər hansı üstünlüyü olmalıdır”.
Daha sonra məsələyə qanuni aspektdən yanaşmanı hüquq müdafiəçisi Rəsul Cəfərov verdi. O, bildirdi ki, hazırki vəziyyət qanun və azadlıqlar cəhətdən güzəştə getmək olar:
“İngilis dilində “Public health” termini var, bizdə tərcüməsi “İctimai səhiyyə” anlamına gələn bu fikir hazırki situasiyanı özündə cəmləşdirib. İndi tərəzinin bir gözündə cəmiyyətin sağlamlığı məsələsi, digərində isə insanların hüquq və azadlıqları var. Çalışmaq lazımdır ki, bu iki amil arasında balans yaradılsın. Fikrimcə bizdə yeni olan pandemiya dövründə cəmiyyətin sağlamlığı hüquq və azadlıqların müəyyən mənada önünə keçə bilər. Hazırkı vəziyyətdə balansı sağlamlıq üçün pozmaq olar”.
Qeyd edək ki, rəsmilər dəfələrlə ölkəmizdə vaksinasiya prosesinin könüllülük prinsipinə əsaslanaraq aparılacağını vurğulayıblar.