Biz hələ də İrandakı Səfirliyimizin binasına edilən terror hücumunun baiskarlarının tapılıb cəzalandırılacağı günü gözləyirik. İran nəinki bu müstəvidə əməli iş görür, əksinə, terror hücumunu əvvəl məişət müstəviisnə yönləndirdi, sonra da elan etdi ki, bəs arvadını Azərbaycan Səfirliyində axtaran arvada gücü çatmayıb diplomatik korpusdan acığını çıxan bu İran kişisi psixi xəstəymiş və əlbəttə, diaqnozunu qoyub yerləşdiriblər xəstəxanaya.
Fars rejimi terrorçunu psixoloji dispanserə yerləşdirməklə hesab edir ki, səfirliyə qarşı terror hücumu edilmədiyini dünyaya sübut edə biləcək. Axı Qərb dünyasında bir deyil, lap min adamı da öldürən terrorçu ruhi xəstədirsə, ömrünü xəstəxanada yeyib-içməklə başa vura bilər. Bu yolla rəsmi Tehran Azərbaycan Səfirliyinə edilən terror hücumunu “arvadını axtaran İran kişisi” hekayəsi kimi tarixin arxivinə göndərməyə səy göstərir.
Norveç təcrübəsi
Yadıma 2011-ci il iyulun 22-də Norveçdə Anders Breyvik adlı bir kişinin avtomat silahla çimərlikdəki insanları gülləboran edərək 84 nəfəri qətlə yetirdiyi terror hadisəsi gəldi. Amma nəticəsi nə oldu? İkinci Dünya Müharibəsindən sonra ölkədə baş verən ən genişmiqyaslı qırğın faktı olmasına baxmayaraq, Norveç bu cinayətkara terrorçu və etdiyi əmələ terror adını vermədi. Niyə? Çünki o hadisəni terror aktı kimi qiymətləndirmək üçün Breyvikin müsəlman olması lazım idi – Qərbdəkilərin düşüncəsində terroru ancaq müsəlmanlar edir. Norveçli birini bu damğadan qurtarmaq üçün Norveç məhkəməsi həmin şəxsi psixi xəstə elan edib, xəstəxanaya yerləşdirdi.

Deyə bilərsiniz ki, axı İran müsəlman ölkəsidir, bəri başdan cavab verim ki, İslam Respublikası olsa da, onillərdir ki, sırf Qərb ölkələrinin münasibətini təkrarlayır, hətta onlardan da artığını. Peyğəmbər salavatullahın buyurduğu kimi, kitab əhlinə kafir demək olmaz, amma İran mollarının dilində nəinki digər dinlərin timsalında kitab əhli, elə İslamın öz içindəki şiə olmayan məzhəblərin ardıcılları da kafirdir. İndi də sual verə bilərsiniz ki, axı azərbaycanlılar elə İranın hakim idealogiyasının əsasını təşkil edən şiələrdir. Hə, düzdür, Azərbaycan əhalisinin ola bilər yarıdan çoxu şiələrdir, amma İran mollalarının nəzərində bizə etibar yoxdur. Müstəqilliyinin yeni illərində Azərbaycan xalqını Şurəvi adlandırır və bizi ateist xalq kimi iranlılara, xüsusilə də Güneydə yaşayan soydaşlarımıza dinindən dönmüşlər kimi tanıtmağa cəhd edirdilər. Onlar hesab edirdilər ki, Azərbaycan ictimaiyyətinin əsl müsəlman olması üçün İrana birləşməsi lazımdır və ya ən azından İran mollalarının nəzarəti altında qalmalıdır. Amma bu baş vermədi və hətta İrandan daha da uzaqlaşaraq öz soykökünə tapındı – Türk dünyasına birləşdi.
Kafir damğası
Misirli yazar və siyasi araşdırmaçı Sabir Məşhur da sözümüzə qüvvət olaraq qeyd edir ki, İranın Azərbaycana mövqeyi iki əsas müstəvidə formalaşır. Birinci, Tehranda belə hesab edirlər ki, Azərbaycan tarixən və coğrafi olaraq İranın bir hissəsidir. “Bu səbəbdən də İran Azərbaycanı bir dövlət kimi yox etməyə çalışır. Hətta bu istəyinə çatmaq üçün fars rejimi iki xristian dövləti - Rusiya və Ermənistanla Azərbaycan əleyhinə ittifaq qurmaq istəyir”, – deyən S.Məşhura görə, ikincisi isə İran Azərbaycan xalqını kafir hesab edir. “İranın molla rejimi üçün müsəlman o kəslərdir ki, onlar şiədir. Yəni İran mollalarının qənaətincə, İndoneziyadan Türkiyəyə, Nigeriyadan Orta Asiyaya, Mərakeşdən Səudiyyə Ərəbistanınadək – bütün dünyada yaşayan müsəlmanlar kafirdir və onları öldürmək lazımdır. Bəlkə buna görə də uzun illərdir Livanda, Suriyada, İraqda, Yəməndə yerli sünnilərə qarşı saysız-hesabsız qətliamlar törədiblər. İndinin özündə də İran tərəfindən yaradılan və himayə edilən silahlı qruplar Nigeriya və Pakistanda müsəlman əhaliyə divan tutmaqdadır. İran hətta Hindistanda da silahlı təşkilat yaradıb və bu ölkənin indiki millətçi iqtidarı ilə müsəlmanlara qarşı əməkdaşlıq edir”, – məşhur siyasət bilicisi deyir.

Müsahibimiz qeyd edir ki, fars ideologiyasına görə müsəlman olmaq üçün ən vacib şərt Mehdiyə biət etməkdir. Özü də bu hər hansı Mehdi deyil, 1200 il əvvəl doğulub və yerin altında qeybə çəkilib. Fars mollaların qənaətincə, Məhəmməd peyğəmbərin və Əlinin soyundan olan Mehdiyə biət etməyən şəxs müsəlman ola bilməz.
S.Məşhur deyir ki, bütün bu xurafatı zamanında Buveyhi Dövləti yayıb. O, şiələr üçün dörd kitab yazıb və indiyədək həmin kitablar fars şiəçiliyinin əsasını təşkil etməkdədir. Burada bir məsələ var, – müsahibimiz vurğulayır, - İranda iddia edirlər ki, Mehdiyə inanmalıyıq. O zaman sual yaranır: Mehdi haradadır, yerini deyin, gedib onu ziyarət edək. Lap düşünək ki, avam və cahilin yekəsiyik, onun 1200 il öncə doğulduğuna və 12 əsrdir sağ-salamat yerin altında yaşadığına inanırıq, o zaman deyin görək, nə vaxt zühur edəcək? Bu suallara cavab vermirlər və hətta sualı verəni kafir, ateist adlandırırlar və sair.
S.Məşhur əlavə edir ki, İran Konstitusiyasının 5-ci maddəsində Mehdiyə istinad var və deyilir ki, Mehdi məhz İranın dini rəhbəridir. Bəs o zaman Əli Xamenei kimdir, Mehdinin yer üzündəki obrazıdırmı, bəli!
Xurafat nağılları
“Bu bir faktdır ki, Azərbaycan rəhbərliyi İranın qondarma Mehdi nağıllarının təsirinə düşüb Xameneiyə biət etmədi. Bu səbəbdən də İran rejminin başında dayananlarda onlara qarşı qəzəb var. Eləcə də Azərbaycan xalqı İranın avantürasına qapılaraq Xameneini özünə ağa görmədi və bu səbədən də iranlıların nəzərində azərbaycanlılar kafirdirlər, öldürülə bilərlər. Elə Azərbaycan səfirliyinə hücumu da bu müstəvidə dəyərləndirmək olar”, – deyən müsahibimizin fikrincə, İranın yeraltı dövlətçiliyinin toxunulmaz qaydaları var və onlar üçün Abdullah bin Səbə tərəfindən yazılmış, dünyanı idarə etməyin qaydalarını göstərən “konstitusiya” mövcuddur. Əhlibeyt idealogiyasını məhz Abdullah bin Səbə yayıb. Hətta Hassan Sabbahın Xaşxaşilər dövləti də məhz bu idealogiya əsasında qurulmuşdu.

Hə, yadıma düşmüşkən, Türkiyənin müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası - CXP-nin lideri Kamal Kılıçdaroğlu da özünü bu soydan hesab edir. Ona görə də indiyədək onun Xamenei haqqında güldən ağır bircə kəlmə dediyini kimsə eşitməyib.
S.Məşhur deyir ki, bu gün İran adlı dövlət mason təşkilat tərəfindən idarə olunur. Hətta şiə olmaq, lap Mehdinin özünə biət etmək belə fars olmayan xalqlara qarşı həmin mason təşkilatın mövqeyini dəyişmir. Çünki fars mason təşkilatı qapalıdır və ora girmək üçün yalnız fars olmaq lazımdır. Yəni sünnisənsə öldürülərsən, şiəsənsə sağ qalarsan, ancaq farsın əsgəri olacaqsan və sənə farslar komandanlıq edəcək...
Əvvəl Xaşxaşilər, indi Hüseynçilər...
Misirli yazar söhbət əsnasında maraqlı, həm də çox təhlükəli bir məsələni qabardır. Deyir ki, İran bir zamanlar türklərə qarşı Xaşxaşilərdən ibarət silahlı dəstələr qurar, onların əli ilə təxribatlar törədər, hətta üsyanlar qaldırardı. Bu gün də eyni ssenari davam etdirilir, ancaq qurulan dəstələrin adı Hüseynçilər adlanır.
Bəli, Hüseynçilər, heç kim bunu görməzdən gəlməməlidir, Azərbaycanda hazırda saysız-hesabsız adam özünü Hüseynçi hesab edir. Hansı ki, onların bir çoxu vaxtilə İran Mədəniyyət mərkəzinin sədri olmuş höccətülislam Əliəkbər Ocaqnejada, eləcə də İranın dini rəhbəri Əli Xameneiyə ağa deyirlər və burada heç bir qəbahət də görmürlər. Amma anlamaq lazımdır ki, əgər o sənin ağandırsa, deməli sən onun nökərisən və nökər ağanın hər bir əmrini qeyd-şərtsiz yerinə yetirməlidir...
S.Məşhur deyir ki, Azərbaycan torpaqları otuz il xristian ermənilərin işğalı altında qalanda, yüz minlərlə müsəlman-şiə azərbaycanlı ev-eşiyindən didərgin salınanda İran Ermənistanla qardaş əlaqələri qurub. Buna görə də cənab Məşhur fars rejiminə belə bir sual ünvanlayır: siz Azərbaycan prezidenti və hökumətindən narazı qala bilərsiniz, amma əziyyət çəkənlər, öldürülənlər, torpaqlarından didərgin salınanlar axı şiələrdir, niyə onları müdafiə etmədiniz? Təbii ki, bu suala heç vaxt cavab verilməyəcək.
Heç kimə sirr deyil ki, haqqında söz açılan Hüseynçilər əsasən Qumda yetişir, təlim alır və farsın sadiq xidmətçilərinə çevrilirlər. Qum şiəliyin mərkəzi, fars-şiə gözəgörünməz mason təşkilatının qalasıdır. Burada hazırlanan “nökərlər” öz ağaları uğrunda ölməyə hazır olurlar.

“Dedilər ki, ildə üç tələbə göndər”
Bu yerdə İslam Alimləri Birliyinin qurucusu və keçmiş sədri, ötən ilin sentyabrında vəfat etmiş Şeyx Yusif əl-Qaradavinin vaxtilə Misir telekanallarından birinə müsahibəsində dediklərini xatırladım. Qaradavinin dediklərindən: “Tehrana səfərimiz zamanı bizi Qumdakı İmam Xomeyni Mədrəsəsinə apardılar. Dedilər burada dünyanın bütün ölkələrindən tələbələr var. Soruşdum Qətərdən, Misirdən də var, dedilər əlbəttə var. Qeyd etdilər ki, bura ancaq şiə məzhəbindən olanlar qəbul olunur. Məni fikir götürdü ki, axı Misirdə şiə yoxdur. Əlcəzair, Sudan, İndoneziya, Malayziya, Sudan, Avropa, Amerika – hər bir ölkədən vardılar. Bu bir fakt idi ki, orada təhsil almaq istəyən əgər sünnidirsə, mütləq şiəliyini qəbul etməlidir. Yəni mədrəsə insanlara etimad bəsləmək, onların daha sadiq olduqlarını dəqiqləşdirmək üçün məzhəbini belə dəyişdirir. Az deyil, 8 il orda qalmalı olacaq tələbələr İranın sədaqətli adamlarına çevriləcəklər. Mənə dedilər ki, mümkündürmü ildə 3 tələbə göndərəsiniz bizim mədrəsəyə? İddiaya baxın, hətta mənə belə bir təklif edirlər. Bu əslində təhlükəli siyasətdir. Bunun nəticəsi idi ki, Malayziyada şiəlik məzhəb olaraq qanunla yasaqlandı. Hətta mən Malayziyada səfərdə olarkən dedilər ki, İranın burada dini təxribat yaratmağa çalışdığını müşahidə edirlər”.