İran rəsmiləri bu dəfə açıqlama verdilər ki, Ermənistanın müharibədə yaralanmış hərbçilərinin müalicəsini, reabilitasiyasını öz üzərinə götürməyə, bu işdə onlara yardım etməyə hazırdır. Azərbaycanla bağlı bu istiqamətdə bir addım belə atmayan qonşu, ərazisində 40 milyon Azərbaycan türkü yaşayan “İslam dövləti”nin bu yanaşması bir daha molla rejiminin əsl simasını ortaya qoydu.
Hərbi ekspert Emin Həsənli bizimlə söhbətində bildirir ki, İrandan Azərbaycan qazilərinə heç bir yardım edilməyib. Onun fikrincə, əgər vaxtilə kimlərəsə tibbi yardım edilibsə, yaxud Qum şəhərində təhsil almağa imkan yaradılıbsa, bunu öz məqsədləri üçün düşünüblər.
E.Həsənli qeyd edir ki, artıq İranın Azərbaycana məlum aqressiv münasibətindən sonra heç bir qazimiz onlardan gələn dəstəyi qəbul etməz. O hesab edir ki, İranla bağlı məsələlərdə hər bir insanımız məsafə saxlamağa üstünlük verməlidir:
“İranın bu mövqeyi yeni deyil. İran hər zaman Azərbaycana qarşı fəaliyyət göstərib və birmənalı olaraq Ermənistana dəstək verib. 2020-ci ilin noyabr ayına qədər İran Ermənistana olan münasibətini gizli saxlayırdı. Biz 44 günlük Vətən Müharibəsində qələbə əldə etdikdən sonra, bu mövqeyini açıq-aydın göstərdi. İran Ermənistanı müdafiə edən müxtəlif bəyanatlar verib: "Sərhədlər dəyişə bilməz"; Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir, işğalçı məğlub ölkəyə silahlar verir və onun yanında olduğunu açıq şəkildə bəyan edir. Eləcə də İran Qafanda konsulluq açdı, Ermənistan baş nazirinin həyat yoldaşını "hacı" kimi qarşılamağı və Azərbaycana qarşı nifrət püskürmələri çox təəssüf hissi doğurur. Onlar unudur ki, İranda 40 milyondan çox azərbaycanlı-türk var, onlar bir gün qalxıb öz hüquqlarını bərpa edəcəklər”.
E.Həsənli daha sonra bildirir ki, İranın nə deməsindən asılı olmayaraq, bu ölkənin özünün sonu yoxdur:
“Azərbaycan bütövləşəcək və bölgədə öz tarixi missiyasını, rolunu uğurla oynayacaqdır. Ona görə də İranın nə deməsindən asılı olmayaraq, biz yolumuzdan dönən deyilik. Azərbaycan Dövləti milli, dövlət maraqlarından geri çəkilən deyil”.
İlahiyyatçı Tural İrfanın sözlərinə görə isə, İranın məlum bəyanatı bir daha təsdiq edir ki, bu dövlət anti-İslam rejimlə idarə olunur və tək Azərbaycana qarşı deyil, ümumiyyətlə, dünya müsəlmanlarına qarşı meydan oxuyur. İranın bu cür hərəkətlərinin cavabını tək Azərbaycan yox, bütün İslam dünyası verməlidir. Həmçinin işğaldan azad edilmiş, lakin ermənilər tərəfindən dağıdılmış, viran edilmiş məscidlərə, abidələrə, müqəddəs yerlərə cavabdehliyi ermənilərlə yanaşı İran da daşıyır. İran daim ermənilərə yardımçı olub. O müqəddəs yerlər də tək Azərbaycanın yox, ümumi İslam aləminin mənəvi sərvətləridir”.
T.İrfan bildirir ki, Azərbaycan bu məsələləri dünya ictimaiyyətinə geniş çatdırmalı və dünyadakı müsəlman dövlətləri də buna öz reaksiyalarını bildirməlidirlər:
“İran rejimi İslamı içindən çürütmək niyyəti ilə qurulmuş bir rejimdir. Bu prosesdə Ermənistanı da öz tərkib hissələrində görürlər. Din xadimlərimiz İranın qeyri-islami yanaşmasına kəskin etirazlarını bildirməlidirlər”.
“Özünü “İslam Respublikası” adlandıran İran və onun molla rejiminin Ermənistana sevgisi bitib-tükənmək bilmir. Bu dəfə həmin sevgini rejimin əmək və sosial rifah naziri Seyid Sultan Murtuzavinin timsalında müşahidə etdik”.
Bunu isə politoloq Turan Rzayev deyib.
Politoloq qeyd edir ki, düzdür, bütün ölkələrin bir-biri ilə istənilən sahədə əməkdaşlıq edib, yardımlaşmaq haqqı var. İranın Ermənistanla bağlı bu mövqeyinin insani hisslərdən qaynaqlanmadığı aşkardır:
“Murtuzavinin Mkrtçyanla görüş zamanı dediyi sözlər İranın ali dini liderinin iki il əvvəl verdiyi “fitvanı” tam təkzib edir. Murtuzavi deyir ki, İran 2020-ci ildə yaralanaraq əlil olmuş erməni hərbçilərinə “reabilitasiya xidməti göstərməyə və bu sahədə qabaqcıl təcrübəsini bölüşməyə hazırdır”. İranın ali dini lideri Əli Xamneinin isə Qarabağın müsəlmanların torpağı olduğunu, bu torpaqların azad edilməsi uğrunda həlak olanların isə şəhid olduğunu “müəyyənləşdirən” fitvası var.
Göründüyü kimi, hazırda molla rejimi baş mollanın verdiyi fitvaya zidd olaraq “şəhid” adlandırdığı insanların həyatını itirmədən öncə yaraladığı erməni hərbçilərinə reabilitasya xidməti göstərməyə və bu sahədə qabaqcıl təcrübəsini bölüşməyə hazırdır. Murtazavi Tehranın birgə peşə məktəbləri yaratmaq niyyətini də qarşı tərəfin diqqətinə çatdırıb. Tərəflər, həmçinin Zəngəzur bölgəsində müstəqil Ermənistan-İran mərkəzinin yaradılması imkanlarını da müzakirə ediblər.
Politoloq bildirir ki, S.Murtazavinin qeyd etdiyi “Ermənistanla əməkdaşlığın inkişaf etdirilməsi təmsil etdiyi rejim üçün prioritet təşkil edir” sözləri isə faktiki olaraq bir daha İranın səlibçi təfəkkürlü xarici siyasət apardığını gözlər önünə sərir:
“Əhalisinin böyük hissəsi İslam dininə etiqad edən bir ölkənin torpaqlarının 27 ildən artıq işğalda qalmasına, ən yenisinin yaşı yüzdən artıq olan məscidlərinin dağıdılmasına, həmin dağıdılmış məscidlərdə donuz saxlanılaraq açıq şəkildə İslam dininin təhqir olunmasına göz yuman, indi isə bütün bunları edən Ermənistana bütün sferalarda yardım edən bir ölkənin islam dini ilə yaxından-uzaqdan əlaqəsi ola bilməz. Bu, molla rejiminin, əslində, səlibçi təfəkkürlü imperialist ölkə olduğunu bir daha sübut edir”.