İran reallığı: bezmiş kütlə və amansız molla hökmranlığı - TƏHLİL

10:45 08.12.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranda Məhsa Amininin ölümü ilə ölkənin bütün şəhərlərində başlayan etirazlar üç aydır davam edir. İğtişaşlardan əvvəl, sadəcə, Məhsa Amini qətlə yetirilmişdisə, bu üç ayda fərqli mənbələrə əsasən, 600-dən artıq insan təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Niyə? Günahları nə idi? Onlar 40 ildir çiyinlərində ağır yük kimi daşıdıqları hicabı atmaq və bunu edərkən kimsənin təzyiqinə məruz qalmamalarına təminat almaq istəyirlər. Bunun üçün qanunlar dəyişdirilməli, insanların müasirləşməsinə icazə verilməlidir. Bunun ziyanı ruhani rejim üçün çox böyük olacaq – teokratik şiə məzhəbi üzərində qurulan bütöv bir idarəetmə sistemi kökündən laxlayacaq. Hər halda, qadınların əsas tələblərindən birinə yaşıl işıq yandırıldı: hicab və ya qara çarşaba bürünməklə bağlı mütləq hökm qüvvədən salınmasa da, qadınların bu hökmə nə dərəcədə riayət etdiklərini nəzarətdə saxlayan “əxlaq polisi” adlı mənasız qurum ləğv edildi.

Bu gün yalnız iranlı qadınlar deyil, dünyanın bir çox mətbuatı və müstəqil ekspertlər əxlaq polisinin ləğvini qadınların qələbəsi hesab etsələr də, əslində bu, belə deyildir. Hər şeyə real baxmaq lazımdır: sözügedən qurum ləğv ediləndən sonra nə dəyişib? Bəlkə qadınlar çöldə-bayırda başaçıq gəzməyə başlayıblar? Xeyr!

ABŞ Dövlət Departamentinin sözçüsü də dünənki açıqlamasında əxlaq polisinin ləğv edilməsindən sonra İranda qadınların vəziyyətində yaxşılaşma əlamətinin olmadığını bildirib: “Təəssüf ki, İran liderlərinin qadınlara və qızlara münasibətini yaxşılaşdırdığına və ya dinc nümayişçilərə qarşı zorakılığa son qoyduğuna dair heç bir əlamət yoxdur. Biz İran rəsmilərinin qeyri-müəyyən və ya birmənalı olmayan bəyanatlarını şərh etməməyi üstün tuturuq”, – Dövlət Departamentinin rəsmisi deyib.

Eyni münasibəti Almaniyanın Xarici İşlər Nazirliyi də bildirib. Onlar bu qənaətdədirlər ki, əxlaq polisinin ləğvi İran qadınlarının həyatında heç nəyi dəyişməyəcək. İnsanlar azad yaşamaq istəyir, bunun reallaşması isə məzhəb üzərində qurulan hakimiyyət üçün son olardı.

İsrailli kəşfiyyat üzrə analitik Amit Saarın sözlərinə görə, üç aydır davam edən etiraz aksiyaları İran hakimiyyətinə heç nəyi diqtə edə bilməyəcək. Yəni molla rejimi hələ uzun müddət hakimiyyəti nəzarətdə saxlayacaq.

“Repressiv İran rejiminin bu etirazlardan sağçıxma ehtimalı böyükdür. Onlar bu cür etirazlarla mübarizə aparmaq üçün çox güclü vasitələrə malikdirlər. İnanıram ki, bu etirazlar səngisə belə, yaxın gələcəkdə İran rejiminin mütləq problemləri olacaq”, – o deyib.

Bu arada İranın öz daxilində etiraz hərəkatını dəstəkləyən hüquq müdafiəçiləri də hakimiyyətin bu qərarının heç nəyi dəyişməyəcəyinə əmindirlər. Baxın: İran hakimiyyəti özünü guya xalqın səsini eşidirmiş kimi göstərsə də, əməldə başqa addımlar atır. Bunun ən açıq nümunəsi 600-dən artıq dinc vətəndaşın məhz öz hüquqlarını tələb etdikləri üçün qətlə yetirilməsi, onminlərlə insanın zindanlara atılması, neçə fəalın edam edilməsi və ya edilməsinə hazırlıqdır. Əgər İran hakimiyyəti doğrudan da səmimidirsə, niyə Məhsa Amininin ölümündə əli olan təhlükəsizlik əməkdaşlarını açıq şəkildə edam olunmaqla cəzalandırmır? Mən qəddar deyiləm, amma ona görə edam hökmünü dilə gətirdim ki, onların əməlinə görə 600-dən artıq dinc insan öldürülüb və öldürülməkdə davam edir. Ölkə xaosa sürüklənib, dövlətə onmilyonlarla dollar ziyan dəyib və sair. Rəsmi Tehran Məhsa Amininin ölümündə əli olanlara bu cür cəza verməyi ağlının ucundan belə keçirmir. Niyə? Çünki onları cəzalandırdığı təqdirdə öz güc mexanizmini sarsıtmış olar.

Ofisi ABŞ-da yerləşən “Abdorrahman Boroumand” İnsan Haqları Mərkəzinin həmtəsisçisi Roya Boroumand qeyd edib ki, əxlaq polisinin ləğvi etirazçılar üçün çox gec atılmış addımdır: “Qadınların geyimi ilə bağlı bütün hüquqi məhdudiyyətlər və vətəndaşların şəxsi həyatlarına nəzarət edən qanunlar aradan qaldırılmadıqca, bu addım yalnız ictimai münasibətlər kontekstində qalacaq”.

Beynəlxalq Əhli Beyt Vəqfinin prezidenti Fərmani Altunun sözlərinə görə, Vəqfin ənənə və inancında insanların əsas hüquq və qanunlarına hörmət etmək vacib şərtdir: "İran hörmət etdiyimiz ölkədir, lakin bəzi səhvləri düzəltməsi lazımdır. Təhlükəsizlik qüvvələrinin insanların adi geyiminə nəzarət etməsi etikadan kənardır və qadının nə geyinəcəyinə dair qayda tərtib etmək yanlışlıqdır”, – cənab Altun bildirib.

O deyib ki, rəsmi Tehran cəmiyyətin istək və tələblərinə diqqət yetirməlidir. İran xalqı çox fədakardır, qırx ildir embarqolara qarşı mübarizə aparır. Hökumət bunun qiymətini verməlidir.

“Bu çağda edam hökmü vermək olmaz. Mən həmişə deyirəm ki, işgəncə dövlət terrorudur, edamlar isə dövlət cinayətidir. Heç bir dövlət ölüm hökmünü icra etməməlidir. Dövlət də bunu edirsə, dövlətin cinayət törədən şəxslə heç bir fərqi yoxdur”, – F.Altun deyib.

Əhli-Beyt Alimlər Dərnəyinin (EHLA DER) sədri Kadir Akaras bu fikirdədir ki, hökumətdən narazı insanlar etiraz etmək hüququndan istifadə edə bilərlər, amma ümumi insanları narahat etmədən, ictimai əmlaka zərər vermədən, zorakılığa əl atmadan.

Təqaüddə olan türkiyəli səfir Aydın Nurhan Türk Asiya Strateji Araşdırmalar Mərkəzində (TASAM) dərc olunan “İran, yalnız sivilizasiya” başlıqlı məqaləsində İrandakı vəziyyəti “radikal bir üsyan hərəkatı” olaraq xarakterizə edib. “İran modernləşmə küləklərindən qoruna bilməyəcək. Bir iranlı gəncin, hətta bir əsgərin başından Amerika beysbol papağını, ayağından Amerika idman ayaqqabısını, yaxud da əlindəki Amerika istehsallı telefonu, dinlədiyi Amerika musiqisini ala bilməzsiniz. Bunu etmək istəsəniz iğtişaş olacaq”, - deyib keçmiş səfir.

A.Nurhan qeyd edib ki, İran tənha xalq, tənha dövlətdir və bu onların öz seçimidir. "Şiəliyi yaymaq, yalançı hökmranlıq dünyası qurmaq xəyalı real deyil. Bir türk diplomatı olaraq səmimi fikrim budur ki, iranlının isti bir ailəsi var - Türk dünyası. Ölkəmizdə yarım milyon iranlı yaşayır, onun fərqinə varmırıq. Biz eyni sivilizasiyanın övladlarıyıq. Divan ədəbiyyatımızdan və Mövlanəmizdən həzz alırlar. İran xalq inqilabına hamilədir”, – diplomat fikrini yekunlaşdırıb.

Rejimin guya xalqın tələblərini yerinə yetirməyə başladığını göstərən görüntü xarakterli qərara qayıdaq. Əgər doğrudan da hakimiyyət İranda siyasi islahatlara gedirsə, niyə cəza maşınını dayandırmır? Bu günlərdə ölkədə çox qəribə hadisələr yaşanıb. İğtişaşlara dəstək verən ən aktiv dörd universitet tələbələri kütləvi şəkildə zəhərləniblər. Söhbət bu universitetlərdə təhsil alan 1200 tələbədən gedir – onlar universitet yeməkxanasında yedikləri yeməkdən zəhərləniblər…

Başqa bir misal göstərək: ölkəsindəki narazı kütlə ilə həmrəylik nümayiş etdirmək üçün hicabsız yarışan iranlı alpinist, əslən Güney Azərbaycanın Zəncan vilayətindən olan Elnaz Rekabinin ailəsinin yaşadığı ev dağıdılıb. Hətta Böyük Britaniyada yayımlanan İran İnternational Fars xəbər kanalının paylaşdığı videoda 33 yaşlı Rekabinin ailəsinə aid evin xarabalıqları göstərilib. Hadisəyə reaksiya verən CNN-nin aparıcısı belə bir reaksiya verib: “Gördüyünüz bu mənzərə İran adlı ölkədə yaşamağın nəticəsidir. Bu şəxs ölkəyə çoxlu medallar qazandıran çempiondur. O, ölkəsini qürurlandırmaq üçün çox çalışıb. Amma etdiklərinin müqabilində onun üzünə bibər qazı sıxıb, cəmi 39 kvadratmetrlik evini dağıdıblar”.

Qeyd edək ki, Elnaz adlı həmin alpinist milli və beynəlxalq yarışlarda ölkəsinə ən azı 10 medal qazandırıb.

Daha bir misal: əgər doğrudan da xalqın tələblərinə qulaq asılırsa, sərt məzhəb idealogiyasının tətbiqində yumşalmaya gedilirsə, o zaman İran parlamentinin deputatı Hüseyn Cəlali niyə yenidən hədə-qorxu ritorikasında çıxış edib? Bu deputat deyib ki, məcburi hicab qaydasına əməl etməyən qadınlara qarşı yeni sanksiyalar paketi hazırlanıb. Nədir bu, etirazçı qadınların bank hesabları bağlanacaq, yəni maliyyə vəsaitindən istifadə edə bilməyəcəklər. Bu nə qədər absurd plandır, dövlət insanları şantaj etməyə başlayıbmı, hər şey gözləniləndir. Bura İrandır, hər şeyi güc, gücü yetməyəndə isə fitnə-fəsad törətməklə, mənasız məzhəb nağıllarının cəhalətini yaratmaqla həll etməyə cəhd edilir.

Siyasət rubrikasından digər xəbərlər