İrandan Azərbaycana 22 kiloqrama yaxın narkotik vasitə keçirmək istəyən şəxslər tutulublar

13:38 01.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən hafta.az-a bildiriblər ki, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonu Bala Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş Azərbaycan vətəndaşları, Sumqayıt şəhər sakinləri 1985-ci il təvəllüdlü Babayev Cabir Calal oğlu və 1992-ci il təvəllüdlü Şirəlizadə Aqif Ağaseyid oğlu saxlanılıblar. Saxlanılmış şəxslərin üzərindən 12 kiloqram heroinə və 9 kiloqram 700 qram tiryəkə oxşar narkotik maddələr aşkar edilərək götürülüb. Sərhəd pozucularının narkotik vasitələri Samir və Kazım adlı İran vətəndaşlarından əldə etdikləri məlum olub.

Bununla yanaşı keçirilmış tədbirlər nəticəsində sərhəd pozucularını qarşılamaq üçün “Daewoo” markalı avtomobillə əraziyə gəlmiş Sumqayıt şəhər sakinləri 1994-cü il təvəllüdlü Ağaseyidli Raqif Vəkalət oğlu və 1997-ci il təvəllüdlü Musayev Tamerlan Telman oğlu şübhəli şəxs qismində saxlanılıblar. Nəqliyyat vasitəsinə baxış keçirilərkən avtomobilin salonunda 0,032 qram metamfetaminə oxşar psixotrop maddə aşkarlanıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.