Türkiyənin Antalya şəhərində keçirilən Asiya Parlament Assambleyasının (APA) XIII Plenar Sessiyası diqqət çəkən ən mühüm məqamlardan biri Türkiyə, İran və Azərbaycan parlament sədrlərinin toplantısı oldu. Qeyd edək ki Sessiya çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 9-da İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə də ikitərəfli formatda görüşüb. Ekspertlər bildirirlər ki, sessiya çərçivəsində İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın sərgilədiyi fikirlər maraqla qarşılanıb.
Qalibaf azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşündən danışarkən deyib ki, “son zamanlar Azərbaycanla bağlı bir sıra anlaşılmazlıqlar yaranıb Amma bu anlaşılmazlıqlar aradan qaldırılıb və gələcəkdə Bakıya səfər etməyi planlaşdırır. Bu səfər baş tutacaqmı və anlaşılmazlıqları aradan qaldıra biləcəkmi?
İran-Azərbaycan münasibətlərini 2023-cü ildə nələr gözləyir, ekspertlərlə müxtəlif məqamları müzakirə etdik.
Turan Rzayev, politoloq:
- Qalibafın bu sözləri İranın Azərbaycan ilə bağlı narahat olduğunu göstərir. Mövcud İran-Azərbaycan gərginliyi davam edir və bu gərginlikdən ən yaxşı İsrail istifadə edir. Rəsmi Tehranın əksinə Təl-Əvivin təmasları artırması, Bakıya həmrəylik nümayiş etdirməsi Azərbaycanın İsraildə səfirlik açma qərarı ilə nəticələndi. Bundan başqa, Azərbaycanın Zəngəzur dəhlizinin açılması tələbindən geri addım atmaması, İrandakı etiraz aksiyalarına Prezident səviyyəsində reaksiya verməsi və s. məsələlər İranın narahatlığını daha da artırır.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın sözləri rəsmi Tehranın Bakıya qarşı ritorikasını yumşaltdığı təəssüratı bağışlasa da, dəyişən heç nə yoxdur.
İran bu gün Azərbaycanla münasibətləri həqiqətən də normallaşdırmaq istəyirsə, ilk növbədə, “Sərhədlərin dəyişdirilməsi qırmızı cizgimizdir”, “İsrail ilə əməkdaşlıq etməyin”, “Qeyri-regional ölkələrin bölgəyə qarışmasına imkan verməyin” fikirlərini səsləndirməkdən əl çəkməlidir.
Bundan başqa, İran kanallarının Azərbaycan əleyhinə açıqlamaları, SEPAH-a bağlı saytların təxribatçı görüntüləri paylaşması dayandırılmalıdır.
Qalibaf Qafarova ilə görüşündə bildirib ki, “Biz Qafqaz regionunda sərhəddə heç bir geosiyasi dəyişikliyi qəbul etmirik” və əlavə edib ki, Tehran “Azərbaycanla əlaqələrin inkişafı ilə bağlı aydın mövqeyə malikdir və biz ticarət və tranzit mübadiləsini inkişaf etdirməyə hazırıq”.
Qalibafın bu sözlərindən belə nəticəyə gəlmək olar ki, İran nə “Sərhədlərin dəyişdirilməsi qırmızı cizgimizdir”, nə də digər tələblərindən əl çəkməyib, sadəcə, mövcud gərginliyin iqtisadi maraqlara zərbə vurmasından ehtiyat edir.
Elə buna görə də xanım Sahiba Qafarova Qalibafa şillə kimi “Biz müsəlmanıq və İran əhalisinin əksəriyyəti Azərbaycan dilində danışır”, – deyərək layiqli cavab verib”.
Məhəmməd Bağır Qalibaf Azərbaycana səfər etməkdə qərarlı olsa da, bunun baş tutub-tutmayacağı sual atındadır. Ötən ilin noyabr ayında Məhəmməd Bağır Qalibafın Azərbaycana səfəri planlaşdırılsa da, bu səfər təxirə salınmışdı. İranın Azərbaycana qarşı təxribatları davamlı hal alması səbəbindən Qalibafın səfəri təxirə salındı. İran təxribatlara davam etsə Qalibafın bu səfəri də baş tutmayacaq.
Lakin Tehranın narahatlığını nəzərə alaraq demək olar ki, molla rejimi bir müddət ritorikasını səngidəcək və Qalibafın səfəri baş tutacaq.
Siyasi şərhçi, hüquqşünas Vüqar Dadaşovun sözlərinə görə, fars şovinizmi elə təsəvvür yaradıb ki, fars dövlətçiliyinin mövcudluğunun təhlükəsi Azərbaycan xalqı, türk etnosudur: “Nə qədər acı olsa da qeyd etməliyik ki, farslar açıq silahlı və hərbi müdaxilə istisna olmaqla, Azərbaycana qarşı faktiki soyqırımının bütün digər vasitələrini həyata keçirir”.
V.Dadaşov bildirib ki, İranın, fars molla rejiminin Azərbaycan xalqına, türk etnosuna qarşı dəyişməz və barışmaz qanlı düşmənçiliyinin genetik forması əlavə sübuta ehtiyacı olmayan faktdır. Onun sözlərinə görə, son iki əsrdə farsların türk etnosuna qarşı nifrəti siyasi dövlət quruluş formasından asılı olmayaraq, son dərəcə amansız olub və 1813-cü ildən Azərbaycan xalqının, türk etnosunun və dövlətçiliyinin məhv edilməsi milli strateji hədəf kimi həyata keçirilib.
Ekspert tək ötən 2022-ci ildə İran rejiminin Azərbaycan Respublikasına qarşı sərgilədiyi mövqeyə diqqət çəkib:
“Tehran fars molla rejimi indiki Ermənistan ərazisində – Qafanda konsulluq açmaqla indiyədək riyakarcasına maskalamağa çalışdığı genetik düşmənçiliyini açıq müstəviyə keçirdi. Bu vaxtadək səbirli, konstruktiv və mehriban qonşuluq prinsipi ilə siyasət yeridən Azərbaycan Respublikası da İran dövlətinə adekvat siyasi kursa keçdiyini rəsmən bəyan etdi. İranın bütün aqressiv siyasətinə Azərbaycan dövləti daha təsirli simmetrik qarşılıq verir. Qarşıdurmada ən vacib, əhəmiyyətli gediş isə molla rejiminin elan etdiyi düməni İsraildə Azərbaycanın səfirlik açması oldu. Hərçənd ki, səfirlik belə olmadan da İsrail dövləti Azərbaycan ərazilərinin Ermənistan və onun havadarları tərəfindən işğalı zamanı özünün Azərbaycana etibarlı müttəfiq olduğunu sübut etmişdi”.
V.Dadaşov bildirib ki, 2023-cü ilin ilk günləri yanvarın 16-18-də Bakıda İsrailin Avrasiya ölkələrindəki səfirlərinin Xarici İşlər Nazirliyinin mərkəzi aparatının yüksəkvəzifəli şəxslərinin iştirakı ilə görüşü keçiriləcəyi haqqında məlumat yayıldıqdan sonra, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yenidən öz xislətinə uyğun Azərbaycana qarşı təhdidedici videolar yaymağa başlayıb. Həmin videoların birində SEPAH-ın Bəsic Müqavimət Qüvvəsi Şimali Azərbaycan Respublikasının dövlət sərhədi pozaraq guya Xudafərin körpüsündən Azərbaycana hücum edir, sonra İsrailə Qüdsə tərəf hərəkət edir.
“Sözsüz ki, fars molla rejiminin bacara biləcəyi, ancaq öz yararsız ordusu ilə gülünc tamaşa səhnəsidir. Ancaq bu tamaşa özlüyündə bir neçə mətləbə müəyyən aydınlıq gətirməsi ilə diqqət çəkir. Əvvəla, İran faktiki olaraq Azərbaycan İsrail dövlətlərini konkret müttəfiq olduğunu qəbul edir və hər bir halda Azərbaycanla bağlı planlarında Türkiyə başda olmaqla, İsrail və Pakistanı da özünə düşmən və səngər görür.
Bəli, əslində, SEPAH-ın təqdim etdiyi sözügedən hədə-qorxu tamaşa videosu bir etirafdır ki, heç bir halda İran Azərbaycana qarşı hansısa hərbi müdaxilə etməyə cürət etməz. Baxmayaraq ki, Azərbaycan heç bir müttəfiqinin köməyi olmadan İranın bütün oyuncaq ordusunu məhv etmək imkanına malikdir. Ən əsası isə odur ki, Azərbaycan düşmənin kim olduğunu və onu öz adı ilə tanımağı ilə hədəflərimizi də aydın müəyyən edib. Bu isə dövlət siyasətinin ən vacib şərtidir”.