“Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik münasibətlərin bərpasına dair razılaşma iki tərəfin məsələlərin dialoq və diplomatiya yolu ilə həllinə dair qarşılıqlı istəyinin göstəricisidir. Amma bu razılaşma iki ölkə arasında özünü qabarıq göstərən bütün problemlərin həlli demək deyil”.
Hafta.az-ın yazdığına görə, bu sözləri Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan “Şakrul Avsat”a müsahibəsində bir sıra regional və beyn əlxalq mahiyyətli məsələlərə aydınlıq gətirərkən deyib.
“Biz yaxın iki ayda ölkələrimiz arasında diplomatik əlaqələri bərpa etməyə hazırlaşırıq və bu, bizim üçün normaldır. Gələcəkdə qarşılıqlı səfərlər də olacaq”, - deyib nazir Fərhan.
“Beynəlxalq münasibətlərdə prinsip dövlətlər arasında diplomatik münasibətlərin olmasıdır. Bu razılaşma Çinin vasitəçiliyi ilə son iki il ərzində həm İraqda, həm də Omanda bir neçə raund danışıqlardan sonra əldə edilib. Səudiyyə Ərəbistanı regional və beynəlxalq təhlükəsizlik və sabitliyin təşviqində öz rolunu və məsuliyyətini dərk edərək, sakitlik və gərginliyin azaldılması yolunda irəliləməyə davam edir. Amma siyasi münasibətlərin bərpasında mühüm rol oynayacaq bu razılaşmaya nail olmağımız o demək deyil ki, iki ölkə arasında bütün əsas münaqişələr həll olunub. Əksinə, bu, bizim bunu ünsiyyət və dialoq, sülh və diplomatik vasitələrlə həll etmək istəyimizin sübutudur” deyən nazir bildirib ki, qarşıdakı iki ay ərzində iki ölkə arasında diplomatik münasibətləri bərpa etməyə hazırlaşacaqlar.
Nazir Fərhan jurnalistin sualına cavab olaraq İranın nüvə proqramına da münasibət bildirib. Deyib ki, Tehranın nüvə imkanlarını davamlı şəkildə inkişaf etdirməsi Ər-Riyadı narahat edir və ona görə də körfəz regionunun və Yaxın Şərqin kütləvi qırğın silahlarından azad olmasına çağırışı bird aha təkrar edirlər. “Biz İranı nüvə öhdəliklərinə əməl etməyə və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı intensivləşdirməyə çağırırıq”, - o, deyib.
Səudiyyə Ərəbistanının XİN başçısı vasitəçilik missiyasının niyə məhz Çin tərəfindən həyata keçirilməsinə də aydınlıq gətirib. Deyib ki, ölkəsi Çin rəhbəri Si Cinpinin irəli sürdüyü təşəbbüsü alqışlayıb. Çinin hər iki tərəflə müsbət münasibətləri var ki, bu da perspektivlərin yaxınlaşmasına və Səudiyyə Ərəbistanının haqlı narahatlıqlarının işıqlandırılmasına töhfə verib.
Rusiya-Ukrayna müharibəsinə toxunan nazir deyib ki, Ər-Riyad bu iki dövlət arasında insan qırğınlarına soy qoymaq üçün müharibənin dayandırılması üçün əlindən gələni etmək əzmindədir. “Baş nazir və vəliəhd şahzadə Məhəmməd bin Salmanın səyləri ilə iki tərəf arasında məhbus mübadiləsi sazişi uğurla tamamlandı və nəticədə on ölkənin vətəndaşları vətənlərinə qaytarıldı. Səudiyyə Ərəbistanı həmçinin müharibənin getdiyi bir vaxtda Ukraynaya humanitar yardım çatdırmaq üçün təcili insani ehtiyacların ödənilməsinə diqqət yetirir”, - nazir Fərhan bildirib.