İrəvan Putini «həbs»lə hədələyir - Müzakirə

13:42 30.03.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Məlum xəbərlərə görə, beynəlxalq məhkəmənin Rusiya Prezidenti Vladimir Putin haqqında həbs qərarı var. Bu qərarla Rusiya Prezidentinin sərbəst hərəkətinə maneələrin yarana biləcəyi ehtimalı birmənalı qarşılanmır. Bu gün Qərbə inteqrasiya yolunda ikibaşlı oyunlar quran Ermənistanın bu qərara hansısa adekvat, yaxud əks-reaksiya verə biləcəyi də müzakirə müstəvisinə çıxarılıb. Belə qeydlər var ki, bu məsələ İrəvanla Moskva arasında ciddi qarsıdurma yaradıb.  Qərbə üzünü tutan Paşinyan hökuməti Vladimir Putini Ermənistana səfəri zamanı həbs edə bilərmi? Putinin Ermənistanda həbs olunması nə dərəcədə realdır və belə bir qarsıdurma regiona nə vəd edir?

Politoloq Tofiq Abbasov «Həftə içi»nə bildirir ki, indiki şəraitdə Putinin Ermənistana səfər etməsi, hətta hipotetik baxımdan qeyri-real görünür.  Onun sözlərinə görə, belə bir səfər olsa da,  Ermənistn elə bir cürətin sahibi deyil ki, Putini həbs etsin. Eyni zamanda, əgər belə bir səfər baş tutmuş olarsa, təbii ki, Rusiya tərəfi bütün lazımi tədbirləri görəcək ki, öz rəhbərinin mühafizəsini, təhlükəsizliyini təşkil, təmin etsin, qarşıya qoyulan məqsədlərə çatılsın. 

T.Abbasov bu gün Rusiyanın indiki şəraitdə Qafqaz bölgəsindəki siyasətində təzadların göründüyünü qeyd edir: “Rusiya bir tərəfdən gözəl anlayır ki, Ermənistan rəhbərliyi, əksər  siyasi qüvvələr orada anti-Rusiya meyillərini gücləndirib, Qərbə doğru inteqrasiyanı gündəmə gətirir. Belə olduğu halda, Azərbaycan faktiki olaraq bütün məsələlərlə bağlı çox praqmatik çıxış edir. Hətta göstərir ki, bölgədə sülhün, sabitliyin tərəfdarıdır. Rusiya isə əksinə, Ermənistanın regionda təxribatçı hərəkətlərini, özünə tuşlanmış düşmənçilik mövqeyini görsə də, yenə Qarabağda bir qrup erməni icmasına toxtaqlıq gətirməyə çalışır. Rusiya ermənilərə bildirmək istəyir ki, guya onların tərəfini saxlayır, maraqlarını qoruyur. Hətta son günlər görürük ki,  Rusiyanın Qarabağdakı siyasəti heç bir məntiqə sığmır. Bir yandan sülhməramlı adı altında fəaliyyət göstərən kontingent məktəblərdə və sair yerlərdə humanitar yardım paylayır,  digər tərəfdən, açıq-aşkar erməni separatizminin çiçəklənməsinə hesablanmış  addımlara rəvac verirlər”.

T.Abbasov hesab edir ki, bu, Rusiya tərəfindən atılan ağlasığmaz addımlardır. Azərbaycan dövləti Rusiyanı bu məsələlərdə prinsipial olmağa çağırıb: “2022-ci il fevralın 22-də Azərbaycanla Rusiya arasında imzalanmış müttəfiqlik bəyannaməsində açıq-aşkar bildirilir ki, hər iki dövlət separatizmə qarşı birgə çalışmalıdır. Bu artıq öhdəlik formasını almış sənəddir və ondan da irəli gələn vəzifələr özünü açıq büruzə verir. Ona görə də, Rusiya Qafqaz siyasətində dəyişiklik etməlidir. Rəsmi Moskva ilk növbədə bilməlidir ki, o, Azərbaycanla yarımçıq deyil, tam müttəfiqlik münasibətindədir. Digər tərəfdən, Azərbaycan Rusiyaya dair heç bir şübhə doğuran addım atmırsa, açıq  və sağlam siyasət yeridirsə, onda niyə biz belə anlaşılmayan məqamları görürük və bunu nə ilə izah etmək olar”.

Politoloq hazırda bu məsələlərin təbii olaraq gündəmdə olduğunu qeyd edib. Bildirir ki, Azərbaycan dövlətinin diqqətindən heç bir məqam yayınmır və sona qədər də bu cür sağlam, ədalətli mövqeyində durmalıdır.  

Rusiya–Ermənistan münasibətlərinə gəldikdə isə T.Abbasov hesab edir ki, Moskva bu məsələdə ciddi götür- qoy etməli, Ermənistanda çiçəklənən terrorizmə, revanşizmə qarşı amansız mövqe bildirməlidir: “Rusiya Ermənistan rəhbərlərinin diqqətinə çatdırmalıdır ki, bu cür təxribatlar regionda yolverilməzdir. Qafqaz bölgəsi uzun müddətdir ağır durumdadır, insanlar yorulub, revanşizmin qarşısı alınmalıdır. Əgər həqiqətən də  Rusiya-Ermənistan münasibətləri bir vektor mahiyyəti daşıyırsa, gərək Moskva da öz siyasətində ciddi korrektələr etsin. Bildirsin ki, bundan sonra Ermənistanın oyunbazlığına yol verilməyəcək”.

“Ermənistan Beynəlxalq Haaqa Məhkəməsini tanıyır, onun üzvüdür. İndi də guya Konstitusiya Məhkəmsi Beynəlxalq Məhkəmənin qərarlarının Ermənistanda hüquqi qüvvəsi haqqında araşdırma apardı və bildirdi ki, o məhkəmənin qərarları Ermənistan üçün keçərlidir. Bu, Rusiya üçün yaxşı  dərsdir”.

Bunu isə politoloq Qabil Hüseynli deyib. Bildirib ki,  ermənilər Kremlə belə dərsləri verəndə, ruslar xüsusi təyinatlılarını Ermənistan ərazisinə gətirib, Azərbaycana qarşı mübarizənin müxtəlif metodlarını işləyib-hazırlayır, hərbi qırıcılarını havaya qaldırıb guya ermənilərlə birlikdə hərbi təlimlər keçirlər.

Onun fikrincə, Paşinyan öz yolu ilə gedərək, qərbyönümlü siyasət aparmaqda davam edir. O,  Rusiyaya bir-iki “kompliment” deməklə, əsasən, NATO, Qərb, Avropa Birliyi yönümlü siyasətini həyata keçirir. Bu zaman da ruslardan çəkinmədiyini ortaya qoyur.

“Paşinyan görür ki, Rusiya Ukrayna bataqlığında batmaqda davam edir. Rusiyada yaxın perspektivdə çox şeylər baş verə bilər. O da bəziləri kimi batan gəmini tərk edir. Açıq şəkildə söyləyir ki, Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatından çıxmaq istəyirlər. Ermənistan Rusiyadan uzaqlaşır və arxasınca da körpüləri yandıra-yandıra gedir. Rusiya isə Ermənistana “Səni sevəcəyəm, sən sevməsən də...” nəğməsini oxuyur. Üstəlik, Rusiyanın Ermənistanda hərbi bazaları mövcuddur. Ermənistanda olan bütün  sənaye müəssisələri borc müqabilində Rusiya sahibkarlarının adına özəlləşdirilib. Sərhədi rus sərhədçiləri qoruyurlar. Yəni Rusiya öz mövqeyindən hər şeyi analiz edib qərarlar çıxarmağa meyillidir. Amma görünür ki, Ermənistan tamamilə başqa ab-havadadır. Ermənistan Qərb dünyasını, başda ABŞ olmaqla, bölgəyə dəvət edib. Avropanın mülki missiyası adı altında güc strukturları yavaş-yavaş Ermənistan ərazisində yerləşməkdədir. Ölkədəki hərbi bazalara “Çıx!” əmrini verəcəkləri gün də uzaqda deyil.  Gümrüdə ermənilər “İvan, evinə çıx get!” şüarı altında aksiyalar keçirirlər. Rusiya əvvəllər Nikolu təhdid edirdisə, artıq indi müəyyən dairələrlə danışıqlar aparırlar. Ermənistan silahlı qüvvələri ilə birgə hərbi təlimlər keçirirlər və s.”.

Politoloq hesab edir ki, Rusiyanın bu oyunları hər hansı bir rol oynamayacaq. Rusiyanın Ermənistanda sonu barədə qərar verilib. “Komplimentlər” öz yerində olsa da, gerçək praktiki hərəkətlər onu göstərir ki,  Ermənistan lazım olan sürətlə Rusiyadan uzaqlaşır”.

Politoloq məhz bu qarşıdurma ilə bölgəyə hər hansı təsirlərin olmasını real saymayıb. Onun fikrincə, ruslar bölgədən çıxıb-getsələr, bölgənin üzərinə günəş doğar: «Bunlar harada olublarsa, orada böyük təxribatar, qarşıdurmaların səbəbkarı olublar. Mənim ölkəm üçün Qarabağda erməni problemini onlar yaradıblar.  Bu gün də həmin problemi dondurulmuş şəkildə saxlamaqda maraqlıdırlar. Açıq şəkildə ifadə edirlər ki,  Qarabağ probleminin həllini gələcək nəsillərə saxlamaq lazımdır. Soruşuruq: “Sən kimsən ki, bunu deyirsən? Sən get öz ərazində 160 milyon xalqın problemləri ilə məşğul ol. Ukrayna cəbhəsindəki uğursuzluqdan sonra, daxilində qarma-qarışıqlıq, millətlərarası münaqişələr başlayacaq. Ona görə də Rusiya ilə mümkün qədər məsafə saxlamalıyıq. İndiyədək onu etmişik, bundan sonra da həmin məsafə qorunub-saxlanmalıdır”.

Politoloq  hesab edir ki, Putin Ermənistana gedərsə, ermənilərin onu həbs etməyə cürəti çatmasa da, hiyləsi çatar: “Amma Putin Ermənistana getməyəcək. Əgər həbs etməyə cürətləri çatmasa, Putini nüfuzdan salmaq üçün kifayət qədər hərəkətlər edə bilərlər. Putinin orada nə işi var? Paşinyandan hər şeyi gözləmək olar. Sonuncu dəfə Putin Ermənistana gedəndə ona qarşı aksiyalar keçirdilər. Putinin Ermənistana səfəri üfüqdə görünmür. Üstəlik, bu riskə getməyəcək. Dağılan imperiyanın zərbələrinin bizə dəyməməsi üçün çox ölçülü-biçili siyasət həyata keçirməliyik”.

Siyasət rubrikasından digər xəbərlər