İrəvanla Moskva arasında çat böyüyür - Aktual

10:32 09.02.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqının Ermənistana 200 nəfərli müşahidə missiyası göndərməsi ilə bağlı İrəvanla Moskva arasında yaşanan siyasi gərginlik davam edir. Bu gərginliyi tətikləyən digər bir məqam isə İrəvanın Qarabağa BMT sülhməramlıları göndərilməsi ilə bağlı səsləndirdiyi sərsəm bəyanatlardır. Ermənistan hələ də anlamır ki, Qaraağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və oradakı qüvvələr məhz rəsmi Bakının razılığı ilə konkret müddətə yerləşiblər. Ermənistan ərazisindəki Avropa müşahidəçilərinə gəldikdə isə bu nə qədər İrəvanın daxili məsələsi sayılsa da, bir məqam xüsusi olaraq vurğulanmalıdır ki, prosesin başlanğıcı Praqa görüşündə, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı müzakirələr əsasında qoyulub. İkinci bir müşahidəçi missiyasının gəlişi isə rəsmi Bakı ilə müzakirə edilməyib ki, bu da Azərbaycanın Brüssel formatına olan inamını əhəmiyyətli dərəcədə sarsıdıb.  

Məsələ ilə bağlı Kremlin mövqeyinə gəldikdə isə, Rusiya hələ də Ermənistana KTMT müşahidəçilərini göndərməkdə israr edir. Qarabağda BMT sülhməramlıları ilə bağlı məsələdəki yanaşma isə birmənalıdır.

BMT sülhməramlılarının Qarabağa göndərilməsi ideyası heç də real deyil. Bunu Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq təşkilatlar üzrə departamentinin direktoru Pyotr İliçev deyib. Onun sözlərinə görə, regionda sülh və təhlükəsizliyi bərpa etmək vəzifəsini Rusiya sülhməramlıları effektiv şəkildə həyata keçirir. O qeyd edib ki, beynəlxalq təşkilatlar içərisində yalnız Beynəlxalq Qızıl Xaç Komitəsi Qarabağda fəaliyyət göstərir: “BMT-nin humanitar agentlikləri isə ora keçmək icazəsini nə azərbaycanlılardan, nə də ermənilərdən ala biliblər. Hətta ilkin qiymətləndirmə aparmaq üçün də icazə ala bilməyiblər”.

İliçevin sözlərinə görə, çətinliklər siyasi səbəblərdən meydana çıxır: “Tərəflərə qarşı bərabər münasibət göstərilməməsi üzündən regiona gedib-gəlməkdə bəzi çətinliklər çıxır. Bu səbəbdən də hətta humanitar missiyanın göndərilməsinin çətin olduğu dövrdə regiona BMT-nin sülhməramlılarının göndərilməsi heç də real deyil”.

Politoloq Rəşad Bayramovun sözlərinə görə, Rusiya təbii olaraq Avropa İttifaqının mülki müşahidə missiyasının Ermənistanda yerləşdirilməsindən narahatdır.  Kreml yaxşı başa düşür ki, həmin missiya təkcə mülki fəaliyyəti icra etməyəcək. İlkin məlumatlara əsasən həmin missiyanın tərkibində keçmiş hərbçilər, polislər də yer alır.

“Rusiya həmin ərazilərə Avropa İttifaqının əlavə missiyasının gəlməsinə yol verməmək üçün KTMT-nin mülki missiyasının həmin ərazilərdə yerləşdirilməsinə çalışır.  Söhbət mülki missiyadan gedir. Çünki Rusiyanın Ermənistan ərazisində KTMT-nin əlavə hərbi qüvvələrini yerləşdirməsinə ehtiyacı yoxdur. Onun Ermənistanda hərbi bazası var və bundan əlavə ikitərəfli müqaviləyə əsasən Ermənistan sərhədlərinin böyük bir qismi Rusiya sərhədçiləri tərəfindən mühafizə olunur”.

Politoloq hesab edir ki, bu missiyanın sərhədə göndərilməsi regiondakı vəziyyəti dəyişməyəcək. Birincisi, ona görə ki, əgər Ermənistan KTMT-nin mülki missiyasının orda fəaliyyət göstərməsini istəsəydi,  elə KTMT iclasında bununla bağlı məsələni gündəmə gətirərdi.

“Ermənistan KTMT-ni Azərbaycan əleyhinə istifadə etmək istəyirdi. Onlar 12-14 sentyabrda ermənilərin təxribatı nəticəsində sərhəddə baş verən atəşkəsin pozulması hadisədən sonra KTMT-nin hərbi qoşunlarını Azərbaycanla üz-üzə qoymağa çalışırdılar. Ermənistan iddia etdi ki, guya Azərbaycan Ermənistanın sərhədlərini keçib. Bu mənada Azərbaycanın həmin ərazilərdən çıxarılması üçün KTMT-nin  gücündən istifadə etmək istədilər. Ermənistan bununla bağlı imtina aldı. Ona görə də üzünü Avropaya tutdu”.

R.Bayramov bildirib ki, istər Avropa, istər KTMT-nin hər hansı bir missiyasının sərhəddə yerləşməyi prinsip etibarilə Ermənistanın daxili işi hesab olunmalıdır.  O, ümumilikdə hesab edir ki, Azərbaycan regiona əlavə qüvvələrin daşınmasında maraqlı deyil. 

“Azərbaycanla Ermənistan arasında sərhədlərin hələ də müəyyənləşdirilmədiyi bir vaxtda həmin missiyanın hansı sərhəddə nəzarəti  həyata keçirdəcəyi şübhə doğrur. Əgər sərhədlər  delimitasiya, demorkasiya olunmayıbsa,  sərhədlər  şərtidirsə, o zaman həmin o mülki missiya harada fəaliyyət göstərəcək?”.

Bütün bunlarla yanaşı, R.Bayramov “missiya xəyallarını” Ermənistanın Rusiyaya qarşı “Əgər sən mənə müttəfiq ölkə olaraq  kömək göstərmirsənsə, üzümü Qərbə tuturam, artıq sənə güvənmirəm”, –  demarşı adlandırıb. Onun qənaətinə görə, Rusiya buna cavab olaraq bütün vasitələrdən istifadə edəcək ki, Ermənistana təzyiqlərini davam etdirsin və nəticə etibarilə bu ölkənin nəzarətindən çıxmasının qarşısını alsın.

Prosesin nə ilə nəticələnəcəyinə gəlincə, politoloq hesab edir ki, bu, təkcə Ermənistanın deyil, həm də  Ermənistana dəstək verən ayrı-ayrı Qərb dövlətlərinin  məsələdə nə dərəcədə qətiyyətli olacağından asılıdır. 

“Əgər Ermənistan görsə ki, Qərbin bu məsələdə hər hansı dəstəyi yoxdur və İrandakı son durum fonunda məcbur olub yenidən Rusiyaya üz döndərməli olacaq. Bunun işartıları da görünür. Neçə vaxtdır Rusiyaya arxa çevirən Paşinyan yenidən Putinə zəng edib “Laçın yolu” məsələsini gündəmə gətirmişdi. Bunun ardınca da biz Rusiyanın müvafiq qurumlarının, həm də xarici işlər nazirlərinin ayrıca bəyanatlarını da eşitdik. Faktiki olaraq Ermənistan uğrunda Rusiyanın və Qərbin mübarizəsi gedir. Bu mübarizədən kimin qalib ayrılacağı hələ ki, müəmmalı görünür”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli  Rusiyanın  xarici işlər naziri Sergery Lavrovun “KTMT missiyasının Ermənistana göndərilməsi”  ilə bağlı bildirib ki, Avropa İttifaqının bölgəyə, Ermənistanla sərhəddə mülki müşahidə missiyasının göndərilməsi ilə bağlı qərarı Rusiya tərəfindən ciddi narazılıqla qarşılanıb: 

“Rusiya anlayır ki, bu missiyanın gəlməsi Ermənistanın bir addım da Avropa İttifaqına yaxınlaşmasıdır.  Təbii ki, bu proses Rusiyanı qane edə bilməz. Rusiya çalışır ki, Ermənistanı özünün orbitində saxlasın və bunun üçün hər cür vasitədən istifadə edir”. 

Ekspert hesab edir ki, Rusiya  xarici işlər nazirinin Ermənistana verdiyi məlum təklifə də bu kontekstdə yanaşmaq lazımdır. 

“Rusiya  KTMT missiyasnı sərhədə göndərməklə Avropa İttifaqının Ermənistan üzərində təsirini azaltmağa çalışır”.

Siyasət rubrikasından digər xəbərlər